Məhkəmə qərarları › İş №2(060)-5377/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5377/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5377/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və X3 1960 (bir min doqquz yüz altmış) manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh1 2019-cu ildən tanıyırdı. Onun əmisi qızı onunla qonşuluqda yaşayırdı. Cavabdeh1 tez-tez əmisi qızıgilə gəlib-gedirdi. Sonralar onunla bir yerdə işləyirdi. Rüstəmin vasitəsilə digər cavabdehləri yəni, Cavabdeh3 və Cavabdeh2 tanımışdır. Cavabdeh3 və Cavabdeh2 yanına gətirərək Cavabdeh1 həmin qadınlara pul lazım olduğunu bildirərək borca pul istəmişdir. Həmin qadınları tanımadığını Cavabdeh1 bildirdikdə o, "məni ki tanıyırsan, zəmanət verirəm, pul mənlikdir” demişdir. Həmin sözün qarşısında ondan 1960 manat pul alaraq 1180 manatını Gülnarəyə, 780 manatını isə Şəhlaya verəcəyini bildirmişdir. O, yazılı sənəd tələb etdikdə Rüstəm ona həmin qadınların ödəniş bank kartlarını zəmanət kimi vermişdir. Sonradan ona məlum oldu ki, həmin kartlar aktiv deyil, bağlanmışdır. Razılaşmaya görə o, bank kartlarından hər ay pul çıxarmaq şərtilə onlara pul borc vermişdir. Kartdan pul çıxartmaq istəyərkən ona məlum olmuşdur ki, hər iki karta pul yüklənməmişdir. Bundan sonra o, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə əlaqə saxlamış və borca verdiyi pulları tələb etdikdə onlar bildirmişlər ki, həmin pul digər Cavabdeh1 çatmışdır. İddia tələbi üzrə qəbul edilmiş Füzuli Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(064)-31/2021 saylı qətnaməsində göstərilmişdir ki, Cavabdeh1 ondan aldığı 1180 manatı Gülnarəyə, 780 manatı isə Şəhlaya vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(060)-346/2022 savlı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh3 100 manat və Cavabdeh2 100 manat borca pul vermişdir. Həmin cavabdehlər 1180 manatın və 780 manatın Cavabdeh1 tərəfindən (cəmi 1960 manat) onların adına alındığı, lakin onlara verilmədiyini bildirmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, X2 və X3 1960 (bir min doqquz yüz altmış) manatın müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-31/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh1 borclu olduğu 1405 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 100 (bir yüz) manat və Cavabdeh3 100 (bir yüz) manat məbləğində borc tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-761/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(060)-346/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, eyni predmet və eyni tərəflər arasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, İddiaçı məcburi köçkündür. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh1, X2 və X3 1960 (bir min doqquz yüz altmış) manatın müştərək qaydada tutularaq ona ödənilməsi” iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar