Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-539/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Hər zaman normal münasibətləri olmuşdur. Bir müddət əvvəl cavabdeh onunla əlaqə saxlayaraq borc pul lazım olduğunu bildirmişdir. O isə cavabdehlə olan münasibətlərinə, eləcə də yaxşı yerdə işləməsinə və əmək haqqısının yüksək olmasına görə ona etibar etmiş, 15000 manat məbləğində nəğd pul vermişdir. Pulu verən zaman aralarında xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilədə ondan qeyd olunan məbləğdə borc aldığını, aylıq 1000 manat olmaqla, 15 ay ərzində borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, müqavilədə qeyd edilmişdir ki, cavabdeh borcu ödəməyəcəyi halda məhkəmə qaydasında qətnamə çıxarıldıqdan sonra əmək haqqısından aylıq 1000 manat tutulmasına etiraz etmir. Cavabdeh aylıq pulun çıxarılması üçün maaş kartını ona versə də, sonra da kartı başqa özünəməxsus digər bir karta yönəltmiş, bu səbəbdən də çıxarış etmək mümkün olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə Əsabəli oğlu iddia tələbinə etiraz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh bildirir ki, o iddiaçıdan dəfələrlə faizə borc almışdır. Son götürdüyü məbləğin iddiadan dəfələrlə az olduğunu bildirir. İddiada ondan tələb olunan məbləğ, borcu və faizlərlə birlikdə hesablanmışdır. Halbuki cavabdeh borcundan iddiaçıya müəyyən məbləğlərdə ödənişlər etmişdir. Hətta cavabdehin əmək haqqı kartı da iddiaçıda olmuşdur. Oraya köçən əmək haqqını iddiaçı kartdan çıxararaq borcdan siləcəyini bildirmişdir. Amma qaldırılan iddiadan bəlli olur ki, cavabdehdən həm faizlər, həm də əslində ödəmiş olduğu məbləğlər də tələb olunur. Bu səbəbdən iddia bu formada təmin edilə bilməz. Cavabdehin özünün hesablamasına görə onun iddiaçıya 5000 manat məbləğində borcu vardır. Bütün bunlara görə də iddianın qismən, 5000 manat məbləği hissəsində təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 15000 manat borc pul almışdır. O, borc məbləğini hər ay 1000 manat olmaqla, 15 ay müddətinə 2022-ci ilin noyabr ayından 2024-cü ilin fevral ayına kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda o öz öhdəsinə düşən pul məbləğini vaxtında ödəmədiyi və yaxud fikir ayrılığı yaranacağı təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında işinə baxılaraq hər ay maaş kartından 1000 manat pulun tutularaq İddiaçı ödənilməsinə etiraz etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 15000 manat borc pul vermişdir. Cavabdeh borc məbləğini hər ay 1000 manat olmaqla, 15 ay müddətinə 2022-ci ilin noyabr ayından 2024-cü ilin fevral ayına kimi ödəməyi öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. İddiaçı borcu vaxtından əvvəl bütünlüklə tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin qaytarılmasının vaxtından əvvəl tələb edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları borc müqaviləsidir. Tərəflər arasında bağlanmış müqavilədə kreditin qaytarılmasının vaxtından əvvəl tələb edilməsi nəzərdə tutulmadığından, bunun üçün qanunvericilikdə təsbit olunmuş şərtlər mövcud olmadığından, habelə, borc alanın əmlak vəziyyətinin pisləşməsinə, borcun qaytarılması tələbi üçün təhlükə yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, lakin borcun hissə-hissə qaytarılması şərtləşdirildiyindən iddia qismən əsaslıdır. Belə ki, müqavilə bağlanandan hazırki qərar verilən tarixədək dörd ay keçdiyindən və cavabdeh hər ay 1000 manat pul qaytarmaq öhdəliyi daşıdığından, bu vaxtadək iddiaçıya ödənilməli məbləğ 4000 manat təşkil edir. Məhkəmə, həmçinin, cavabdeh tərəfindən borc məbləğindən hər hansı hissənin ödənilməsinə dair sübutların təqdim edilməməsinə əsaslanır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 60 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 4000 manat borc və ödənilmiş 60 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nurəlıi oğlundan 4000 manat borc və ödənilmiş 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-539/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-539/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver