Məhkəmə qərarları › İş №2(060)-5397/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5397/2022

07.10.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5397/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il təvəllüdlü atası Vəliyev Rafiq Meydan oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6747/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Vəliyev Rafiq Meydan oğlunun ünvan 1 ünvanında yerləşən 59 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən də göründüyü kimi həmin mülki iş zamanı məhkəmə iclasında iddiaçı X2, Ərizəçi və X3 tərəfindən dəvət edilmiş şahid X5 izahat verərək bildirmişdir ki, iddiaçı Laçın Vəliyeva ilə 10 ildən artıqdır ki, qonşudur. Cavabdeh Vəliyev Rafiq Meydan oğlu 2009-cu ildən Türkiyə Respublikasına daimi əsaslarla köçüb və ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində yaşamır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X4 şahid X1 izahatına uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Laçın Vəliyeva ilə uzun müddətdir ki, qonşudur və Rafiq Vəliyev 10 ildən artıqdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində yaşamır. Hazırda nənəsi X2 vəfat edib və onun mülkiyyətində olan Sumqayıt şəhəri 9-cu mkr ev 11A/12 ünvanında yerləşən 59 saylı mənzil ondan miras qalmışdır. Atası Vəliyev Rafiq Meydan oğlu nənəsinin vərəsəsidir. Hazırda vərəsənin yeri məlum olmadığından mirasın qəbulunda çətinliklər yaranır, həmin şəxs ilə heç bir əlaqələri yoxdur . Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, atası Vəliyev Rafiq Meydan oğlu onun 17 yaşında olarkən evdən çıxıb getmişdir. Bu müddət ərzində atasının axtarışı ilə bağlı heç bir orqana müraciət etməmiş, onu axtarmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Mülki iş materiallarında olan: XVİ-JQ seriyalı, 463032 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuş, atası Vəliyev Rafiq Meydan oğludur. Beləliklə, müəyyən edildi ki, Vəliyev Rafiq Meydan oğlu ərizəçinin atasıdır, sonuncu 2009-cu ildə Türkiyə Respublikasına köçərək yaşadığı mənzili tərk etmiş, həmin vaxtdan onun barəsində heç bir məlumat yoxdur. On ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində ərizəçi tərəfindən şəxsin axtarılması ilə bağlı heç bir hərəkət edilməmiş, itkin düşməsi və ya ölümü ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün şəxsin olduğu yerin məlum olmaması və onun barəsində iki il ərzində məlumatın olmaması tələb olunur. İşin hallarında göründüyü kimi ərizəçi şəxsin Türkiyə Respublikasına getdiyini, həmin vaxtdan onun barəsində məlumat olmaması əsası ilə çıxış edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin, şəxsin Türkiyə Respublikasına getməsi və onun harada olması barədə məlumatların olmaması barədə göstərdikləri xəbərsiz itkin düşmüş hesab edilməsi tələb edilən şəxsin hazırda Türkiyə Respublikasında yaşayıbyaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi üçün əsas hesab edilə bilməz. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə, nə qədər ki ərizəçiyə şəxsin Türkiyə Respublikasına getməsi məlumdur, onun göstərdikləri xəbərsiz itkin düşmüş hesab edilməsi yalnız həmin şəxsin Türkiyə Respublikasında olmaması ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bu isə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilə çərçivəsində ərizəçi və yaxud hüquqmühafizə orqanlarının sorğularına əsasən əldə edilə bilinsə də, bununla bağlı heç bir müraciət edilməmişdir. Göründüyü kimi, ərizəçidə şəxsin Türkiyə Respublikasına getməsi barədə məlumat olsa da, onun nə ölkə ərazisində axtarışı, nə də ki, Türkiyə Respublikası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə iş hallarına hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar barədə əsaslı şübhədən kənar müvafiq mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar