Məhkəmə qərarları › İş №2(060)-541/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-541/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-541/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkilt Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 48000 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2012-ci il tarixli 2(105)-558/2012 saylı qətnaməsi ilə ASC ’’Xalq” Bankı (’’Bank”) və Cavabdeh arasında bağlanmış 18 aprel 2011-ci il tarixli **********11 nömrəli Kredit müqaviləsi üzrə Bankın tələblərinin təmin edilməsi üçün bağlanmış 18 aprel 2011-ci il tarixli 022008/0212/11/09 nömrəli İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə ona məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 20A/36 nömrəli binanın, 1-ci mərtəbəsində yerləşən 40,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış, 12,4 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi və həmin mənzilin dəyərindən Bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. Xalq Bank ASCilə Cavabdeh arasında bağlanmış 18.04.2011-ci il tarixli **********11 nömrəli Kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 25% ödəmək şərtiilə 19000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirmədiyinə görə bank məhkəməyə müraciət etmiş və yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzil "xxxx" MMC tərəfindən 509 nömrəli 29.12.2012-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən mənzilin 36000 manat dəyərində qiymətləndirilmiş və "xxxx" MMC-də hərraca çıxarılmışdır. "xxxx" MMC-nin 18 iyun 2013-cü il tarixli məlumatında qeyd edilir ki, göstərilən mənzil hərraca çıxarılmış və ilkin 36000 manatdan dəyəri 22 950 manata endirilmişdir. Bank həmin məbləğə həmin mənzili almış, hal-hazırda bankın mülkiyyətindədir. Xalq Bankın 25.10.2013-cü il tarixli 2135 nömrəli bildirişindən görünür ki, Bank tərəfindən qeyd edilən mənzil qanunvericiliyə uyğun olaraq 05.10.2013-cü il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində Bankın mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* №-li Çıxarış alınmışdır. Bank bu prosuduru bitirdikdən sonra məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 19.08.2014-cü il tarixli qətnaməsi ilə evdən çıxarılmaları qət edilmişdir. Sonradan həmin qətnamədən apellyasiya və kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 avqust 2016-cı il tarixli 2(102)-1407/2016 saylı qəran ilə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 2017-ci ildən o və digər övladları mənzildən çıxarılmışdır. Hal-hazırda qızının himayəsində kirayədə yaşayır. Bankdan kredit götürən cavabdeh isə kredit öhdəliyinin yerinə yetirilməməsi nəticəsində ona vurulmuş ziyanı ödəməkdən imtina edir. Hal-hazırda mənzilin orta bazar dəyər 40.000 manat manatdır. Bundan başqa, yaranmış vəziyyətdən çıxmaq üçün dəfələrlə məhkəmələrə iddia ərizəsi ilə müraciət etmiş, vəkillərin hüquqi yardımından istifadə etmişdir. Bununla bağlı təqribən 2000 manat pul xərcləmişdir. Bundan başqa, iki ildən artıqdır ki, kirayədə yaşayır, ayda 250 manat, iki il ərzində 6000 manat kirayə pulu xərcləmişdir. Cavabdeh həmin xərcləri ödəməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44670,58 manat pul vəsaitinin, digər cavabdeh “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətindən isə 3329,42 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin vurduğu ziyan olaraq ona məxsus olmuş Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20A/36 ünvanında yerləşən 2 saylı mənzilin dəyərinin ödənilməsini tələb etmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2012- ci il tarixli, 2(105)-558/2012 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 18 aprel 2011-ci il tarixli, **********11 saylı kredit müqaviləsi üzrə bankın tələbləri təmin olunmuş, həmin kredit müqaviləsi üzrə 19620,58 manat borcun tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş X1 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinə yönəldilməsi və həmin mənzilin satışından əldə olunan pul vəsaiti ilə Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin təmin edilməsi qərara alınmışdır. 12 iyul 2013-cü il tarixdə keçirilmiş hərracın nəticələrinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 22 950 manat pul ödənilərək ona məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20A/36 ünvanında yerləşən 2 saylı mənzil satın alınaraq bankın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reysestrində dövlət qeydiyyatından keçirilmişdir. Ancaq mənzilin satışından sonra Cavabdeh bank qarşısında borcu olan 19620,58 manat çıxılsa da, mənizilin satışından əldə olunmuş 22 950 manat pul vəsaitindən qalan 3 329,42 manat pul bugünədək ona qaytarılmamışdır. Bununla bağlı həmin pul vəsaitinin ona qaytarılması ilə bağlı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə dəfələrlə müraciət etsə də, bankda həmin pulun yalnız məhkəmə qətnaməsi əsasında ona qaytarılacağı bildirilmişdir.Bu səbəbdən o, məhkəməyə iddia ərizəsinə dəyişiklik barədə ərizə təqdim edərək ilkin iddia tələblərinin dəqiqləşdirilməsini zəruri sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2012-ci il tarixli, 2(105)-558/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı borclu İddiaçı məxsus tutma yönəldilmiş ünvan 2 ünvanında yerləşən 2 otaqlı 2 nömrəli mənzil icra qurumu tərəfindən hərraca çıxarılmış, keçirilmiş hərraclarda alıcı olmadığından əmlak borc müqabilində alınması üçün Banka təklif edilmiş, Bank tərəfindən təklif qəbul edilərək əmlak son satış qiyməti olan 22.950 manat müqabilində Bankın balansına keçmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Bankın iddia tələbləri tam təmin edildiyindən (iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməşi tarixinə qədər əsas borc məbləğinə illik 40 % hesabı ilə hesablanan faizlərin ipoteka predmetinin dəyərindən Bankın xeyrinə tutulması təmin edilmişdir), borcalan Cavabdeh qətnamə üzrə borcu əmlakın balansa keçdiyi 20.11.2013cü il tarixinə 28.344,60 manat təşkil etmişdir. Göründüyü kimi, əmlakın dəyəri (22.950 manat) Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin olunmuş borc məbləğinin (28.344,60 manat) ödənilməsinə kifayət etməmişdir. Borc alanın qətnamə üzrə ödənilməmiş digər borcları X6 24.12.2020-ci il tarixli, 135 nömrəli Protokolu ilə Borc alana güzəşt edilmişdir. Qeyd olunanlara əsasən iddianı Banka münasibətdə əsassız hesab eir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X8 nümayəndə N.Bədirxanovun göstərdiklərini müdafiə etdiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-558/2012 saylı iş üzrə 27 iyun 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2012-ci il tarixli, 2(060)-472/2012 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı «Xalq» Bankın cavabdeh İddiaçı və üçüncü şəxs Cavabdeh qarşı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi təmin edilməsi, 18 aprel 2011-ci il tarixli, 022008/0212/11/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayonda ev 36/20A-da yerləşən 28,3 kv.m. yaşayış, 12,4 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilə tutma yönəldilməsi, İddiaçı 18 aprel 2011-ci il tarixli, **********11 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısında 18.244 (on səkkiz min iki yüz qırx dörd) manat məbləğində əsas borcu, 23 dekabr 2011 -ci il tarixinə 1.277,04 (bir min iki yüz yetmiş yeddi manat 04 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 23 dekabr 2011-ci il tarixinə qədər 99,54 (doxsan doqquz manat, 54 qəpik) manat məbləğində hesablanmış cərimə faizləri - cəmi 19,620,58 (on doqquz min altı yüz iyirmi manat, 58 qəpik) manat tutulması, 23 dekabr 2011 -ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40 faiz hesabı ilə hesablanan cərimə faizləri və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC-nin 22 iyun 2021-ci il tarixli № H/03- PLS saylı rəyindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(060)- 541/2021 saylı qərardadının icrası ilə bağlı qiymətləndirici eksperti tərəfindən toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar dəyəri 50.000 (əlli min) manat təşkil etmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Xalq Bank ASC-nin 15.10.2021-ci il tarixli 1823 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2012-ci il tarixli, 2(105)-558/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı borclu İddiaçı məxsus tutma yönəldilmiş ünvan 2 ünvanında yerləşən 2 otaqlı 2 nömrəli mənzil icra qurumu tərəfindən hərraca çıxarılmış, keçirilmiş hərraclarda alıcı olmadığından əmlak borc müqabilində alınması üçün Banka təklif edilmiş, Bank tərəfindən təklif qəbul edilərək əmlak son satış qiyməti olan 22.950 manat müqabilində Bankın balansına keçmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Bankın iddia tələbləri tam təmin edildiyindən (iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməşi tarixinə qədər əsas borc məbləğinə illik 40 % hesabı ilə hesablanan faizlərin ipoteka predmetinin dəyərindən Bankın xeyrinə tutulması təmin edilmişdir), borcalan Cavabdeh qətnamə üzrə borcu əmlakın balansa keçdiyi 20.11.2013-cü il tarixinə 28.344,60 manat təşkil etmişdir. Göründüyü kimi, əmlakın dəyəri (22.950 manat) Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin olunmuş borc məbləğinin (28.344,60 manat) ödənilməsinə kifayət etməmişdir. Borcalanın qətnamə üzrə ödənilməmiş digər borcları X6 24.12.2020-ci il tarixli, 135 nömrəli Protokolu ilə Borc alana güzəşt edilmişdir. Azərbaycan Respublikası Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC-nin Sumqayıt şəhər İcra Şöbəsinə, "xxxx" ASC-nə, İddiaçı və Cavabdeh ünvanlandığı 18 iyun 2013-cü il tarixli 01/1630 saylı məlumatdan görünür ki, Sumqayıt şəhər İcra Şöbəsinin 17/63-35/4 saylı 11.02.2013-cü il tarixli sifariş məktubuna əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildiririk ki, üzərinə tələb yönəldilmiş İddiaçı məxsus olan ipoteka ilə yüklənmiş Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 36/20A saylı evin 2 saylı mənzili məlumat daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən (36000 manat) 25% aşağı qiymətlə, yəni 22 950 (iyirmi iki min doqquz yüz əlli man., 0 qəp) manata əldə edilməsi təklif edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ’’Xalq” Bank ASC ilə Cavabdeh arasında 18 aprel 2011-ci il tarixli **********11 nömrəli Kredit müqaviləsi bağlanmış. Həmin kredit öhdəliyinin təminatı olaraq İddiaçı məxsus yaşayış sahəsi Bank qarsında ipoteka ilə yüklü edilmişdir. Borclu kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Bank tərəfindən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi barədə iddia qaldırılmış, məhkəmə qətnaməsinə (Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-558/2012 saylı iş üzrə 27 iyun 2012-ci il tarixli qətnaməsi) əsasən iddia təmin edilmişdir. İpoteka predmeti 36.000 manat məbləğində qiymətləndirilərək ilkin satış qiyməti göstərilən məbləğdə müəyyən edilmiş və hərraca çıxarılmış, hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı qiymətlə iş üzrə tərəflərə təklif olunmuş və əmlak 22.950 manat müqabilində ’’Xalq” Bank ASC-nin mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi zərərə uğradığını, əmlakından məhrum olduğunu və bu əsasla mənzilin dəyərini, o cümlədən əlavə xərcləri tələb edir. İddiaçı o cümlədən digər cavabdeh ’’Xalq” Bank ASC-dən əmlakın təklif olunan məbləğinin borc məbləğindən artıq olduğunu və həmin artıq qalmış 3.329,42 manat məbləğin Bank tərəfindən əsassız olaraq ona ödənilmədiyini iddia edir. Məhkəmə iddia tələbini ’’Xalq” Bank ASC-yə münasibətdə əsassız hesab edir və bununla bağlı aşağıda şərh olunanları qeyd edir: İşin müəyyən edilmiş hallarından göründüyü kimi məhkəmə qətnaməsinə əsasən 23 dekabr 2011-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40 faiz hesabı ilə hesablanan cərimə faizlərinin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh qətnamə üzrə borcu əmlakın balansa keçdiyi 20.11.2013-cü il tarixinə 28.344,60 manat təşkil etmiş, 3.329,42 manat məbləğ həmin cərimə borcu hesabına nəzərə alınmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh ’’Xalq” Bank ASC-yə qarşı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh münasibətdə iddianı qismən əsaslı heab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının Cavabdeh münasibətdə vurulmuş zərərin əvəzi olaraq 22950 manat tutulması hissədə tələbi əsaslıdır. Məhkəmə bu nəticəyə gələrkən borclunun öhdəliyi icra etməməsi nəticəsində yaranmış borcun təmin edilməsi üçün 22950 manat ödənildiyini, ipoteka predmetinin göstərilən məbləğdə təklifinə mülkiyyətçi İddiaçı tərəfindən etiraz edilmədiyini, o cümlədən ipotek predmetinin ilkin satış qiymətinin mülkiyyətçi tərəfindən mübahisələndirilmədiyi ilə bağlı halları nəzərə almışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hüquqi yardıma görə və kirayə haqqı olaraq çəkilmiş xərclərə görə maddi zərər qismində pul tələbi irəli sürsə də iddia tələbinin əsaslığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 16 manatı iddiaçıya aid edilməli, 14 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 141 manat, İddiaçı 159 manat tutuluraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 22.950 manat (iyirmi iki min doqquz yüz əlli) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 141 (bir yüz qırx bir) manat və İddiaçı 159 (bir yüz əlli doqquz) manat tutuluraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar