Məhkəmə qərarları › İş №2(060)-5433/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5433/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5433/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızının Cavabdeh qarşı sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş Zeynallı Azər İsabala oğlu və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər biri üçün 220 ( iki yüz iyirmi) manat, ümumilikdə 440 ( dörd yüz qırx) manat alimentin, Mediasiya sessiyası üçün ödədiyi 50( əlli) manat pulun yarısının, yəni 25 ( iyirmi beş) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 2 övladları, xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Azər İsabala oğlu və xx.xx.2015-ci il tarixli X5 doğulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 4363/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, övladlar Zeynalov Azər İsabala oğlu və X2 onun yanında qalması qət edilmişdir. Həmin qətnamə ilə övladları Zeynalov Azər İsabala oğlunun və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay hər biri üçün 150 ( yüz əlli) manat sabit pulməbləğində aliment tutulması qət edilmişdir. O, mediasiya şurasına müraciət etmiş və mediasiya sesiyasında iştirak etmişdir. Cavabdeh də mediasiya sessiyasında iştirak etmişdir. Lakin alimentin artırılması barədə razılığa gələ bilməmişlər. Bu barədə mediasiya arayışı alıb işə əlavə etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər bir həyətin içində yaşasalar da, ayrı-ayrı evlərdə qalırlar və ayrı-ayrı təsərrüfat aparırlar. Cavabdeh məhkəmədə yanlış təsəvvür yaratmağa çalışır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı hazırda onunla bir həyətdə yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. İşi olduqda ayda təxminən 300-400 manat qazancı olur. Bəzən elə ay olur ki, heç işi olmur. Səhhətində xüsusi problem yoxdur, sadəcə gözündə zəiflik var, əlil deyil. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4363/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X3 arasında olan Sumqayıt nikah evində 19 avqust 2011-ci il tarixdə bağlanmış və 664 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Azər İsabala oğlu və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları - Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızının himayəsində saxlanılmaları, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Azər İsabala oqlu və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub X1 verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4363/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə 2023-cü il üçün yaşayış minimumunu, uşaqların artan tələbatlarını, cavabdehin bu uşaqlardan başqa övladının olmamasını və yenidən nikaha daxil olmadığını, əmək qabiliyyətli şəxs olmaqla müxtəlif işlərdə işləmək imkanının olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4363/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 300 manatdan 440 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 1680 ((440-300) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 36.80 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflərin hər ikisi mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (50 manat) ödənilməli olan dövlət rüsumundan (36,80 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı (25 manat) Cavabdeh tutularaq iddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4363/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Azər İsabala oğlu və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızına ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı – 25 (iyirmi beş) manat tutularaq iddiaçı Zeynalova (Quliyeva) Şəbnəm Həsənqulu qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar