Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5442/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3260 manat məbləğində dəymiş ziyan, 5 il müddətində kirayə verdiyi 12.000 manat pulun, 5.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh 2015-ci ilin avqust ayından tanıyır. Belə ki, həmin vaxt Sumqayıt şəhərində yerləşən ona məxsus olan mənzili 38.000 manata satmış, problemlərini həll etdikdən sonra əlində 20.000 manat pul qalmlşdır. Həmin pula ucuz qiymətə həyət evi almaq istədiyindən Sumqayıt şəhərində ev alqı satqısı ilə məşğul olan Cavabdeh və Akif Nağıyev adlı şəxslərlə danışmış, onlara ev almaq istədiyini bildirmiş, onlar isə həmin qiymətə ev ala bilməyin mümkünsüz olduğunu bildirmişlər. Lakin həmin qiymətə ipoteka ilə ev tapa biləcəklərini əlində olan pulu isə ilkin ödəniş kimi verə biləcəyini demişlər. Cavbadehin təklifi sərfəli olduğundan o, ailəsi ilə məsləhətləşmiş və qərara gəlmişdir ki, ipoteka ilə ev alsınlar. Bundan sonra Rövşən və Akif ilkin ödənişə əvvəlcədən 12.000 manat və evin şəkillərinin çəkilməsi üçün xırda xərclər çıxacağını bildirmişdir. O, isə cavabdehin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Rövşən ona xx xxxxxx 2015-ci il tarixdə zəng edərək 6000 manat verməli olduğunu demiş, onun tapşırığına əsasən oğlu arvadı ilə birlikdə 6000 manat pulu Rövşənə vermişdir. Səhərisi gün oğlu Kamillə birlikdə görüşüb 6000 manat yazılı sənəd almışdır. Bundan bir həftə sonra xx xxxxxx 2015-ci il tarixdə Rövşən yenə zəng edib pulun qalan hissəsini də verməli olduğunu demişdir. Evdə 3500 manat olduğundan oğlu Kamil 3500 manat pulu Rövşən və Akifə vermişdir. Bundan başqa evin şəkillərinin çəkilməsi sayta yerləşdirilməsi, beh verilməsi və s. xərclərə birlikdə cəmi 12.550 manat pul tərəfindən Akiflə Rövşənə verilmişdir. Bundan sonra Rövşən ona bildirmişdir ki, 1 həftə ərzində kredit ayrılacaq və məsələ öz həllini tapacaqdır. Lakin bunlara baxmayaraq onlar dedikləri sözə əməl etməmişlər, hər dəfə bəhanələr gətirərək məsələdən yayınmışlar, telefon zənglərinə cavab verməmişlər, daha sonra isə ümumiyyətlə telefonlarına zəng çatmamış və o, onları tapa bilməmişdir. Buna görə də, o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinə şikayət etmiş, həmin vaxt pulun 1800 manatını Akif, 2740 manatını isə Rövşənin anası qaytarmış, qalan pulu isə qaytaracaqlarına söz versələr də sonradan aradan çıxmışlar. Daha sonra məhkəmə dövründə Akif ona 4000 manat da pul ödəmiş və onun ona qarşı heç bir şikayəti tələbi olmamışdır. Razılıqlarına əsasən yerdə qalan 6000 manatı isə Cavabdeh ödəməli idi. Lakin Rövşən ona dəymiş ziyandan cəmi 2740 manat ödəmiş, yerdə qalan 3260 manatı bu günədək ödəməmişdir. Cavabdeh cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra o, Rövşənlə əlaqə saxlamış, pulunun qalan hissəsini ödəməsini tələb etmiş, Rövşən isə ona borcunu ödəyəcəyini, bildirmişdir. Bundan sonra o, hər dəfə onunla telefon əlaqəsi saxlamış, Rövşən ona ödəniş edəcəyini bildirsə də ödəniş etməmiş, sonuncu dəfə isə 2020-ci ilin əvvəllərində artıq cəzasını çəkdiyini, ona heç bir ödəniş etməyəcəyini bildirərək, telefonu söndürmüş, ondan sonra bir daha onunla əlaqə saxlaya bilməmişdir. Bundan başqa cavabdehin əməlləri nəticəsində mənəvi sarsıntı mənəvi istirab keçirmiş, evini satdıqdan sonra cavabdehin təqsiri ucbatından uzun müddət kirayədə yaşamağa məcbur olmuşdur. Polisə, məhkəməyə müraciətlər etmiş, uzun sürən məhkəmə proseslərində, istintaqda və digər prossesual hərəklərdə iştirak etmişdir. Bütün bunlar hamısı ona maddiyyat mənəvi sarsıntı mənəvi istirab bahasına başa gəlmişdir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, onun iddiaçıya 3260 manat borcu vardır. O, həmin pulu hər ay 150-200 manat olmaqla iddiaçıya hissə-hissə də olsun ödəyəcəkdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini qismən yəni, 3260 manat tutulması hissəsində etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin 5 il müddətində kirayəyə verdiyi 12.000 manat pulun və 5.000 manat mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı iddiasının həmin hissədə əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3260 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3260 manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5442/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5442/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver