Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5447/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçıə Fərman qızının, Cavabdeh iştirakı ilə İddiaçıə Fərman qızının Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıə Fərman qızı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü İlknurun saxlanması üçün müəyyən edilmiş 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay onun xeyrinə 235 (iki yüz otuz beş) manat tutulması barədə qətnamə qət edilməsini, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun və 10 manat poçt xərcinin də cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçıə Fərman qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü İlknur adlı qızı var. Onların nikahları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və xx.xx.2008-ci il təvəllüdlü İlknurun saxlanılması üçün 70 (yetmiş) manat aliment və uşaq 3 yaşına çatanadək 50 manat maddi yardım kəsilmişdir. Cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə maddi yardım 30 manat miqdarında müəyyən edilmiş, alimentə dair hissədə isə dəyişdirilməmişdir. Daha sonra Cavabdeh qarşı alimentin artırılmasına dair verdiyi iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək 95 manat aliment müəyyən edilmişdir. Sonuncu dəfə də alimentin artırılması barədə verdiyi iddia tələbi Sumqayt Şəhər Məhkəməsinin xx.xx.2018-cü il tarixli qətnaməsi ilə təmin edilərək, 154 manat müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bu illər ərzində uşağını tək saxlamağa məcbur olub. Onun bütün qayğılarını özü çəkib. Hal-hazırda qızı hazırlıqlara gedir. Maddi tələbatları xeyli artıb. Ona görə də uşağı tək saxlamaq onun üçün çox çətindir. Cavabdeh isə öz valideynlik borcunu dərk etmir. Cavabdeh uşağına könüllü şəkildə yardım göstərmir, onun maddi və mənəvi durumu ilə maraqlanmır. O, heç bir yerdə işləmir, qızını tək saxlamaqda çətinlik çəkir. Cavabdeh 154 manat aliment göndərməklə valideynlik borcunu bitmiş hesab edir. Onun ödədiyi aliment bu günkü iqtisadi münasibətlərlə uyğun gəlmir. Uzun müddət keçməsinə baxmayaraq alimentin artırılması ilə bağlı müraciət etməyib. Cavabdehin pandemiya dövründən də aliment borcu qalıb. Cavabdeh ata olaraq bir dəfə qızının təhsili, mənzil şəraiti, yaşayışı, təhsili, ümumiyyətlə hansı mühitdə böyüməsi ilə maraqlanmayıb, əlavə köməklik göstərməyib. Qızı atası ilə ünsiyyət qurmağa çalışsa da, heç bir nəticəsi olmamış, cavabdeh ünsiyyət saxlaması üçün heç bir şərait yaratmamışdır. Cavabdeh ailə qurub, iki uşağı var. Düşünür ki, cavabdehin yetərli qazancı var ki, ailəsini böyüdür, həmin uşaqların təminatını ödədiyi kimi, qızı İlknuru da saxlaması onun vəzifəsidir. Alimenti ödəməklə uşağın tələbatı bitmir. Uşağın bütün əziyyətini o, təkbaşına çəkir. Onun qızı da ata olaraq cavabdehin məsuliyyəti altında məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarınm təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsində iştirak etmək cavabdeh ata olaraq birbaşa vəsifəsidir. Cavabdeh isə bütün bu illər ərzində aliment verməklə vəzifəsini yerinə yetirmiş hesab edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd etdiyi halların təmin edilməsi üçün də vəsait tələb olunur və həmin tələbatları illərdir ki, o, tək ödəyir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıə Fərman qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəf evlidir və uşağı var. Bu səbəbdən cavabdehi başa düşür. Lakin, uşağının xərcləri artıb və o, həmin xərcləri təkbaşına ödəyə bilmir. Hazırda uşağının 17 yaşı var, amma atası onunla maraqlanmır. Uşağının zobu var, nəfəs darlığı problemi yaşayır və bu səbəbdən də başında güclü ağrılar olur. Bundan başqa övladının burnunda çəpər əyriliyi var. Uşağının qeyd etdiyi hallarla bağlı müalicəsi üçün də əlavə pula ehtiyacı var. Qarşı tərəfə bununla əlaqədar müraciət etsə də, o, buna heç bir əhəmiyyət verməyərək telefonu üzünə söndürmüşdür. Onu da qeyd edir ki, səhhətində problemlər olduğu üçün özü də işləyə bilmir. İddaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, ikinci dəfə ailə qurub və həmin nikahdan daha 2 uşağı var. Onun 235 manat aliment ödənişi etmək üçün maddi imkanı yoxdur, yalnız 200 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İİİ 756149 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçıə Fərman qızı tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6420/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Cavabdeh hər ay 154 (yüz əlli dörd ) manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3618/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)6420/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi işləyir və 618 manat əmək haqqı var. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından və AZ İİ 980453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)6420/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, cavabdehin hazırda başqa şəxslə nikahda olmaqla həmin nikahdan daha iki övladının olmasını, cavabdehin əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)6420/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 154 manatdan 235 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 972 ((235-154) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci hazırki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 30 manat Cavabdeh tutularaq İddiaçıə Fərmanqızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6420/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçıə Fərman qızına ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat mediasiya xərci tutularaq İddiaçıə Fərman qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5447/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5447/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver