Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5452/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» X7 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» X7 Səhmdar Cəmiyyətinin xeyrinə 2803,81 manat məbləğində əsas, 25,26 manat faiz, cəmi 2829,07 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirdi ki, kreditor «xxxx» KB ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 30% ödəmək şərtilə 3000 AZN məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıbaçılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri “ASAN” xidmət Notariat ofisinə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri “ASAN” xidmət Notariat ofisinin xx.xx.2020-ci tarixli cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Sumqayıt şəhəri, məhəllə 26, ev 8/45, mənzil 31-də qeydiyyatda olan Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan-mərhum X1 hüquqi varisi kimi cavabdeh-vərəsə Cavabdeh qizinin müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 2803,81 AZN əsas, 25,26 AZN faiz, cəmi 2829,07 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri “ASAN” xidmət Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi, iddia qaldırdırılmış işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşdur. Yuxarıda qeyd olunan maddələrə əsasən borclu-mərhum X3 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Ona görə də nümayəndə, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, X3 onun həyat yoldaşıdır. Z.Niftəliyev 2016-cı ilin aprel ayının 26-da vəfat etmişdir. Mərhum həyat yoldaşının «xxxx» KB ASC ilə 2014-cü ildə kredit müqaviləsi bağlamasından məlumatı yoxdur. Mərhum həyat yoldaşı X3 çox məsuliyyətli adam olmuş və heç vaxt üzərində olan öhdəlikdən qərəzli olaraq yayınmamışdır. Hazırda o, Z.Niftəliyevin qanun üzrə vərəsəsidir. Vərəsəlik zamanı həyat yoldaşından ona bir ev qalmışdır. Əlavə olaraq qeyd etdi ki, o, təqaüdçüdür və mərhum həyat yoldaşının kredit borcunu pensiyasından hər ay hissə-hissə olmaq şərti ilə ödənilməsinə etiraz etmir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 5186kSUM/14 saylı kredit müqaviləsindən görünür ki, borclu X2 «xxxx» Kommersiya Bankı ASC tərəfindən illik 30 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, BANK/PİKMD/911184 saylı maliyyə arayışından görünür ki, X1 «xxxx» Kommersiya Bankı ASC-yə xx.xx.2014-cü il tarixli, 5186kSUM/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 2803,81 manat, faiz borcu 25,26 manat olmaqla, ümumilikdə 2829,07 manat borcu vardır. İş materiallarına əlavə olunmuş AZ-İ 805930 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində qara ciyər koması nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə, 522 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri “ASAN” xidmət Notariat ofisinin xx.xx.2020-ci tarixli, 1871 nömrəli məktubuna əsasən, X1 vərəsəsi, Cavabdeh daşınar və daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə X2 yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ilə «xxxx» Kommersiya Bankı ASC xx.xx.2014-cü il tarixli, 5186kSUM/14 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X3 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İş materiallarından görünür ki, X3 xx.xx.2016-cı il tarixdə ölmüş, onun vərəsəsi kimi Cavabdeh daşınar və daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh mərhum X1 daşınar və daşınmaz əmlaklarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, o cümlədən məhkəmə iclasında Cavabdeh borclu Z.Niftəliyevdən qalan miras mənzili qəbul etdiyini bildirdiyindən məhkəmə hesab edir ki, X3 ilə «xxxx» Kommersiya Bankı ASC xx.xx.2014-cü il tarixli, 5186kSUM/14 saylı kredit müqaviləsi üzrə yaranmış 2803,81 manat əsas kredit borcu və 25,26 manat faiz borcunun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2803,81 (iki min səkkiz yüz üç manat səksən bir qəpik) manat əsas borc, 25,26 (iyirmi beş manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2829,07 (iki min səkkiz yüz iyirmi doqquz manat yeddi qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5452/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5452/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver