Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-546/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh iddiaçıya müraciət edərək ondan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul almış və həmin pullardan bir qismini qaytarmış və sonuncu dəfə aldığı pulları iddiaçıya qaytarmamışdır və cavabdehin iddiaçıya 2023-cü ildən aldığı və qaytarmadığı pulun məbləği 5000 manat təşkil edir. Həmin pulların bir çoxu cavabdehin iddiaçıya göndərdiyi kart hesablarına tərəfindən mədaxil edilmiş və aralarında aparılmış son “votsap” danışıqlarında da cavabdeh iddiaçıya 5000 manat borcunun olmasını etiraf etmişdir. İddiaçı cavabdehdən həmin pulu qaytarmasını tələb etmiş və ona pretenziya qaydasında xx.xx.2024-cü il tarixdə məktub göndərmiş, lakin buna baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 5000 manat məbləğində əsas borcun, dövlət rüsumu kimi köçürdüyü 71 manat pulun, hüquqi yardımla bağlı ödədiyi 322 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçıya olan borcunu mütəmadi olaraq ödəmişdir. İddiaçı pulları ona faizə vermişdir. O, onunla sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Hər 100 manata görə 10 manat faiz ödəyirdi. Axırıncı dəfə iddiaçı ilə aralarında mübahisə yarandı və o, hər ayın 10-da ödənişləri etdiyini və iddiaçının tələb etdiyi məbləğdə borcu olmadığını bildirmişdir. Buna görə də iddiaçıdan bank çıxarışını əldə etməsini və hesablamaların aparılmasını xahiş etmişdir. İddiaçı onun indiyə qədər ödədiyi pulları faiz borcuna hesabladığını bildirdi. İddiaçı bütün yazışmaları göstərməmişdir. İddiaçıdan pulları könüllü olaraq götürmüşdür. İddiçının bank hesabına atdığı pullarla bağlı qəbzləri saxlamamış, aralarında etibara əsaslanan münasibətlər mövcud idi. Nə qədər borcunun qalması barədə dəqiq hesablaması yoxdur. O, 4800 manatın 10 faiz kimi 480 manatı axırıncı dəfə iddiaçıya ödəmişdir. İddiaçı onun tərəfindən ödənilən pulları əvvəlcə faiz borcundan çıxırdı. İyul ayında 480 manat pulu iddiaçıya ödədikdən sonra başqa heç bir ödəniş etməmişdir. O, pulları MilliÖn aparatları ilə hesaba yükləyirdi. Qəbzləri saxlamamışdır. Qəbzlərin şəkillərini hər dəfə iddiaçıya sosial şəbəkələrdən atırdı. Aralarında münaqişə sonuncu dəfə ödədiyi 480 manat pulun əsas borcdan deyil, faiz borcundan çıxılması üstündə olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, tərəflər arasında borc münasibətləri olmuşdur. İddiaçı tərəfindən verilmiş pul nağd şəkildə verilməmişdir. Cavabdeh verilmiş pulu geri qaytarmışdır. Hazırda tərəflər arasında mübahisə predmeti faiz məbləğidir. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən ona 2000 manatdan artıq pul verilməmişdir. Lakin cavabdeh ödənişləri gecikdirdiyi üçün faiz hesablanmışdır. Hazırda iddiaçı hesablanmış faizləri cavabdehdən tələb edir. Cavabdeh isə ondan aldığı pulları kart vasitəsi ilə iddiaçıya qaytarmışdır. İddiaçı tərəfindən verilmiş pullar cavabdeh tərəfindən tam ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya qəbzlərdə göstərildiyi kimi 988 manat pul ödənilmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan “whatsapp” yazışmalarından müəyyən olunur ki, həmin fotoşəkildə xx.xx.2024-cü il tarixli yazışmada (+994 55 *** ** ** nömrəsinə göndərilmiş) “aramızda oldu cəm 5000 azn” qeyd edilmiş, cavabdeh iddiaçıya “Tamam çox sağol” ifadələrini yazmışdır.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 416973******4415 kartdan 416973******5032 kart hesabına 20 manat pul köçürülmüşdür.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 416973******4415 kartdan 416973******5032 kart hesabına 400 manat pul köçürülmüşdür.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********2 nömrəli qəbzə əsasən 416973******4415 kartdan 416973******5032 kart hesabına 88 manat pul köçürülmüşdür.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********0 nömrəli qəbzə əsasən 416973******4415 kartdan 416973******5032 kart hesabına 280 manat pul köçürülmüşdür.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********1 nömrəli qəbzə əsasən 416973******4415 kartdan 416973******5032 kart hesabına 200 manat pul köçürülmüşdür.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 11131 saylı qəbzin surətindən görünür ki, Sumqayıt şəhər 1 saylı vəkil bürosuna 940 nömrəli müqavilə üzrə 320 manat ödəniş edilmişdir. (2 manat xidmət haqqı kimi tutulmuş, cəmi ödəmə 322 manat olmuşdur)
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda borc vermiş, cavabdeh həmin borcu hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Bir müddət aralarında hər hansı mübahisə olmamış, cavabdeh aldığı borcu vaxtı-vaxtında ödəmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Belə ki, cavabdeh borcu ödəmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
21. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu tam qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq iddiaçının cavabdehə pul verdiyi təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu tam qaytarmağı sübut olunmur.
23. Hazırki işdə 880 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işdə olan sübutlarla 480 manat hissəsində öz təsdiqini tapmışdır.
24. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdə öz əksini tapan 508 manat, tərəflər arasında xx.xx.2024-cü il tarixli “whatsapp” yazışmalarından əvvəlki tarixə təsadüf edir ki, həmin yazışmalarda 5000 manat borcun olması qeyd edilmişdir.
25. Həmçinin, iş materiallarında olan “whatsapp” yazışmalarından müəyyən olunur ki, cavabdehin iddiaçıya həqiqətən də borcu yaranmışdır. Bundan əlavə, cavabdeh bildirir ki, borcu qaytarıb, lakin bu borcu harada, hansı şəraitdə, hansı tarixdə, hissə-hissə və ya birdəfəlik qaytardığını məhkəməyə bildirməmişdir (təqdim etdiyi qəbzlər istisna olmaqla).
26. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
27. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
28. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
29. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
30. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
32. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».
34. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” yazışmaları sübut qismində dəyərləndirilə bilər.
35. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş “whatsapp” yazışmaları şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Məhkəmə həmin “whatsapp” yazışmalarının tərəflərə məxsusluğunu müəyyənləşdirmiş, həmin yazışmaların tərəflərə aid olması şübhə doğurmamışdır.
36. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi pulların qaytarılmadığını sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, pulları iddiaçıya qaytarmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, cavabdeh pulları tam şəkildə iddiaçıya qaytarması ilə bağlı sübutları təqdim etməmiş, qeyd olunan halları sübut edə bilməmişdir. Belə olan halda sözügedən 4520 manat (5000-480) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
37. İddianın hüquqi yardıma görə ödənilmiş 322 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı və hüquqi yardım xərcinin yarısı, 161 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
38. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
39. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
40. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 65,20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
42. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində pul, ödənilmiş 65,20 (altmış beş manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun və 161 (bir yüz altmış bir) manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 65,20 (altmış beş manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun və 161 (bir yüz altmış bir) manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva