Məhkəmə qərarları › İş №2(060)-5466/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5466/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5466/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(61)-220/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimenti artıraraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər bir uşağa 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxxxxx 2008-ci ildə rəsmi nikaha girməklə ər-arvad münasibətlərində olmuşlar. Birgə nikahdan xx xxxxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxxx 2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. xx xxxx 2014-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin 2(61)-220/2014 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun yanında saxlanması və hər ay cavabdehdən hər bir uşağa 70 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda X5 və X4 onun yanında yaşayırlar. Cavabdeh dövlət işində olmasa da, gündəlik işlərdə işləyir və kifayət qədər gəlir əldə edir. Təyin olunmuş aliment uşaqların tələbatını ödəmir. Çünki onlar məktəblidir və gündəlik təlabatları olduqca çoxdur. Bu səbəbdən də Tərtər Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində müəyyən olunmalıdır. Hazırda Resublikamızda uşaqlar üçün minimum dolanışıq xərci 170 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İİ 358048 və 815824 mömrəli doğum haqqında şəhadətnamələrin surətinə əsasən) İşdə olan Tərtər Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(61)-220/2014 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı xx xxxxx 1987-ci il il təvəllüdlü İddiaçı ilə cavabdeh xx xxxxxx 1984-cü il təvəllüdlü Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən 363 saylı nikah akt qeydi üzrə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə yaşadıqları dövrdə xx xxxxxx 2009-cu ildə anadan olmuş X5 və xx xxxxx 2011-ci ildə anadan olmuş X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx xxxxxx 2009-cu ildə anadan olmuş X3 və xx xxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Tərtər Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(61)- 220/2014 saylı qətnaməsi qəbul olunduğu vaxt xx.xx.2009-cu il təvəllüdlü X3 5, xx xxxxx 2011-ci il təvəllüdlü X2 isə 3 yaşı olmuşdur. Hazırda isə onların 11 və 9 yaşları var. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(61)-220/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 2020-ci ilə görə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumuna uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, aliment tələbinə görə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(61)-220/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar