Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5471/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə maddi zərər kimi 35.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. Məlum hadisələr zamanı məcburi köçkün kimi gəlib 4 nəfər ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsində yerləşən 15 saylı yataqxananın 125-ci otağında məskunlaşmışdır. xx.xx.2022-ci il tarixdə evdə olmadığı zaman axşam saat 18:00 radələrində elektrik enerjisi xəttində baş vermiş qısa qapanma nəticəsində yaşadığı 125-ci otaqda yanğın baş vermiş, AR Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları hadisə yerinə gələrək faktla bağlı araşdırma aparmış və müvafiq akt tərtib etmişlər. xx.xx.2022-ci il tarixli həmin akta əsasən ona 35.000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, baş vermiş hadisə nəticəsində yaşadığı otaq yararsız hala düşmüş, otaqda olan məişət avadanlıqları, şəxsi geyim əşyaları və s. tamamilə yanıb məhv olmuş və ona xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh təşkilat tərəfindən iddiaya qarşı etiraz verilmişdir. Etirazda bildirilmişdir ki, iddia qanunsuz və əsassız olduğu üçün təmin olunmamalıdır. Çünki, vətəndaşın mənzilində baş vermiş yanğına görə enerjitəchizatçı müəssisəsinin hər hansı bir təqsiri olmamışdır. Yanğın hadisəsi mənzilin daxilindəki elektrik xətlərində qısaqapanma nəticəsində baş vermişdir. İddiaçının mübahisələndirdiyi yanğın hadisəsi yaşayış evinin daxilində olduğundan, həmçinin həmin evə elektrik xətləri kabel vasitəsi ilə daxil olduğundan enerji təchizatçı müəssisəsinin məsuliyyəti evin girişindəki qidalandırıcı kabelin uclarında məhdudlaşır və mənzilin daxilindəki elektrik xətlərinin keyfıyyətinə və təhlükəsizliyinə ev sahibi məsuliyyət daşıyır. İddiaçının mənzilində baş verən yanğınla əlaqədar enerjitəchizatçı müəssisə heç bir mülki hüquqi məsuliyyət daşıya bilməz. İddiaçı heç bir hüquqi əsas olmadan, həmçinin ona dəydiyini iddia etdiyi zərərin həcmini hansı əsasla müəyyən etdiyini təsdiq edən heç bir mötəbər subut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının cavabdehə qarşı zərərin ödənilməsi tələbi qeyd edilsə də həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Odur ki, iddiaçının hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı qəbul etmədiyini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsində yerləşən 15 saylı yataqxananın 125-ci otağında məskunlaşmışdır. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. - Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Komitənin təsdiq edilmiş illik büdcəsinin xərc maddəsində məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahəsində baş vermiş hər hansı bir hadisə nəticəsində məişət avadanlıqlarına görə dəymiş zərər məbləğinin ödənilməsi məqsədi ilə maddi yardım edilməsi üçün maliyyə vəsaiti nəzərdə tutulmamışdır. Baş vermiş yanğın hadisəsi zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib edilmiş müvafiq aktla birlikdə ona, yanaraq yararsız hala düşmüş məişət əşyalarına görə dəymiş zərər məbləğinin ödənilməsinə köməklik göstərilməsi üçün Komitə tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla göndərilən xx.xx.2022-ci il tarixli yanğın haqqında aktdan görünür ki, İddiaçı ifadəsinə əsasən baş vermiş yanğın hadisəsinin nəticəsi ilə əlaqədar ona 35.000 manat məbləğində ziyan dəydiyi göstərilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 15 nömrəli yataqxanada Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşdığı otaqda baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-nin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və hadisənin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması nəticəsində evin daxili elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi müəyyən edilmişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən maddi ziyanın ödənilməsi ilə bağlı xahişin təmin edilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin səlahiyyətinə aid olmadığı bildirilmişdir. -"xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 15, otaq 125-də yanğın hadisəsi otağın daxilindəki elektrik xətlərində qısaqapanma nəticəsində baş vermişdir. Mənzilin daxilində baş vermiş yanğın hadisəsinə görə enerji təchizatçı müəssisə məsuliyyət daşımır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsində yerləşən 15 saylı yataqxananın 125-ci otağında məskunlaşmışdırdır. İddiaçının yaşadığı mənzildə xx.xx.2022-ci il tarixdə elektrik enerjisi xəttində baş vermiş qısa qapanma nəticəsində yanğın baş vermiş, AR Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları hadisə yerinə gələrək faktla bağlı araşdırma aparmış və müvafiq akt tərtib etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı yaşadığı mənzildə baş vermiş yanğın hadisəsində cavabdeh təşkilatın təqsirini, ziyanın yaranma əsasları və məbləğlərin formalaşması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5471/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5471/2022
06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver