Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5482/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinə, maraqlı şəxslər Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Bələdiyyəsinə qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinə, maraqlı şəxslər Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində və 20 ildən artıq istifadəsində olan, sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılmış torpaq sahəsində inşa edilmiş 20 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 22-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati orqan hesab edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2011-ci il yanvarın 01-dən tətbiq olunan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar baxırlar. Məhkəmə hesab edir ki, İddiaçı inzibati orqan olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməli, həmin orqan onun xahişindən imtina etdiyi halda, cavabdehin imtinasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli və müvafiq ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, həmin orqandan 01.06.2021-ci il tarixli imtina məktubu almışdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı sözügedən orqanı cavabdeh qismində göstərməklə onun imtinasını da Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməklə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinə, maraqlı şəxslər Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Bələdiyyəsinə qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair ərizəsinə baxılmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun . Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıvediyeva
Məhkəmə qərarları › İş №2(060)-5482/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5482/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver