Məhkəmə qərarları › İş №2(060)-5492/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5492/2022

04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5492/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi və maddi ziyan tələbinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 adına olan 19 noyabr 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0282 nömrəli dövlət aktının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya vurulmuş 5000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Sumqayıt Ərazi İdarəsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində isə X3 cəlb etmişdir. İddia ərizəsinin “Xahiş Edirəm” hissəsində isə üçüncü şəxsin adına olan 19 noyabr 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-0282 nömrəli dövlət aktının etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh qismində cəlb etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Sumqayıt Ərazi İdarəsindən 5000 manat məbləğində maddi ziyan tələb edir. İddia ərizəsinin məzmunundan görünür ki cavabdehin iddiaçıya qarşı hər hansı bir hüquqa zidd hərəkəti olmamışdır. Ona görə də ƏMDK yanında DƏDRX-nin 3 saylı Sumqayıt Ərazi İdarəsinin cavabdeh qismində qoyularaq ondan 5000 manat məbləğində maddi ziyan məbləğinin istənilməsi formal xarakter daşıyır. Eyni zamanda məhkəmə qeyd edir ki, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmasına baxmayaraq ona qarşı iddiaçı tərəfindən tələb irəli sürülmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə qarşı tələb irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi və maddi ziyan tələbinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı X2 xx.xx.2022-ci il tarixdə X5 vasitəsi ilə ********* №-li qəbzlə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar