Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5514/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı, cavabdeh X1 iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh X2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təqribən 5 ay əvvəl cavabdeh X2 1500 manat dəyərində göyərçin quşunu nisyə olaraq satmışdır. Cavabdeh iddiaçıya olan borcunun bir hissəsini qaytarmış, qalan 800 manat borcunu bu günə kimi əsassız bəhanələr gətirərək qaytarmaqdan yayınır. İddiaçı həmin pulun qaytarılması üçün onunla dəfələrlə danışsa da, heç bir nəticə əldə edə bilmirdi. Cavabdehlə vatsap proqramı üzərindən aparmış olduğu səs və digər yazışmalar da mövcuddur ki, həmin sübutları iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkəti ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Cəlilabad rayon Polis Şöbəsindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya izah edildi ki, bu barədə məhkəməyə müraciət etsin. Göstərilənlərə əsasən Cavabdeh 800 manat pulun və dövlət rüsumu olaraq ödəmiş olduğu pulun isə qanuna müvafiq qaydada alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçıya 800 manat borcu vardır. Lakin aldığı quşların xəstə olması səbəbindən, ziyana düşmüşdür. Bununla əlaqədar iddiaçıya 500 manat ödəməyə razıdır. Qeyd olunalara əsasən iddia tələbinin qismən qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər sakini Cavabdeh 200 ədəd göyərçin satmağı və sonuncunun 800 manat borclu olması və pulun geri alınması ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının DİN-nin 102 xidməti-zəng mərkəzinə etmiş olduğu müraciət tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı müraciətin mülki xarakterli olması nəzərə alınaraq toplanmış material RPŞ-nin dəftərxanasına təhvil verilmişdir. Müraciətdə göstərilən xüsusatlarla bağlı iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdeh X2 1500 manat dəyərində göyərçin quşunu nisyə olaraq satmış, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Hazırda iddiaçı borcun ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
8. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Eyni Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
13. Qeyd olunan Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.
14. Eyni Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır.
15. Məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, cavabdeh iddiaçıdan 800 manat dəyərində göyərçin quşu almışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya 800 manat borcu olmasını etiraf etmiş, həmçinin quşların bəzilərinin xəstəliyi ilə əlaqədar ölməsi səbəbindən ziyana düşdüyünü və iddiaçıya 500 manat pul ödəcəyini bildirmiş, lakin bununla bağlı (quşların ölməsi) məhkəməyə heç bir sübut təqdim etməmişdir.
16. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
18. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva