Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5529/2020 21.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və müalicə xərclərinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və müalicə xərclərinin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6428/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması hər ay 170 manat sabit pul məbləğində alimentin və hər ay 100 manat məbləğində müalicə xərcinin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh ilə xx.xx.2013- cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adlı bir övladları var. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2016-cı il larixli qətnaməsi ilə tərəflər arasında olan xx.xx.2013-cü il tarixli rəsmi nikah pozulmuş və birgə nikahımızdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməsi, Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin və xx.xx.2013-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 30 manat məbləğində maddi yardımın xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il təvəllülü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya verilməsi qət olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehdan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. İddiaçı 154 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. 2018-ci ildə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 154 manat məbləğində pulla qismən də olsa uşağı saxlamaq və müalicə etdirmək mümkün olurdusa, 2020-ci ildə bu mümkün deyil. Qeyd edir ki, iddiaçının övladı spastik hemiplegiya, doğuş zədəsinin qalığı, sağ tərəfli hemoparez (sağ tərəfli iflic) xəstəliyindən əziyyət çəkir. Uşaq xəstə olduğundan iddiaçı heç bir yerdə işləyə bilmir. Cavabdeh isə 154 manatdan əlavə iddiaçıya heç bir köməklik etmir. Uşğın böyüməsi ilə onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2020-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 170 manat olması və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə qeyd edir ki, uşaq sağ tərəfli iflicdir, sağlamlıq imkanları məhduddur. Uşağın tez-tez müayinə və müalicəyə, həmçinin yetkinlik yaşına çatana qədər ildə 4 dəfə mütəmadi olaraq reabilitasiya və fizioterapiya kurslarına ehtiyacı var. Buna görə də onun yetkinlik yaşına çatana qədər müalicə xərcləri üçün cavabdehdən hər ay 100 manat məbləğində müalicə xərci də tutulmalıdır. Ona görə də hazırkı ərizə ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh birgə nikahdan olan xx.xx.2013- cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və hər ay 100 manat olmaqla müalicə xərcinin, tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, uşağın saxlanılması üçün idiaçıya hər ay 200-300 manat aliment ödəyir. İddiaçı onunla prinsipə düşdüyünə görə o, iddia tələbinə etiraz edir. Onun hazırda 154 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Hesab edir ki, o, bir ata kimi üstünə düşən vəzifəni yerinə yetirir. Bundan başqa onun uşağı iflic deyildir. Uşaq hal-hazırda normal şəkildə məktəbə gedibgəlir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6428/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1051/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehdan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6428/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə iddia tələbinin uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində pulun Cavabdeh iddiaçının xeyrinə tutulmaslı hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin İddiaçı uşağın müalicəsi üçün hər ay 100 manat əlavə xərciə zərurət olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6428/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5529/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5529/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver