Məhkəmə qərarları › İş №2(060)-5546/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5546/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5546/2020 23.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1233,45 manat, xx xxxx 2016-cı il tarixə qədər hesablanmış faiz borcu üzrə 222,13 manat, cərimə üzrə 123,35 manat olmaqla ümumilikdə 1578,93 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat BOKT «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 Təşkilatı “X1” MMC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə «01» iyul 2016-cı il tarixə qədər illik 36 % tətbiq etməklə 1350 məbləğində kredit verilmişdir. BOKT “X1” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxx” MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir və iddiaçı X2 Təşkilatı “xxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx xxxx 2015-ci il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 və Cavabdeh2nın xx xxxxxx 2020-ci il il tarixli arayışa əsasən BOKT “xxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1233,45 manat, faiz üzrə 222,13 manat, cərimə üzrə 123,35 manat olmaqla ümumilikdə 1578,93 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddianı qismən qəbul edir, bankdan kredit götürmüşdür, imkanı olmadığından bir dəfə ödəniş aparmışdır. Tələbdə göstərilən faiz və cərimə məbləğləri ilə razı deyildir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki materiallarında olan: xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən BOKT «X1» MMC Cavabdeh1 illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1350 manat kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Hüquqların və tələblərin güzəşti haqqıda xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, BOKT «X1» MMC tərəfindən borcalan Cavabdeh1 qarşı hüquqlar və tələblər BOKT «xxxx» MMC-yə ötürülmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2016-cı il tarixə «xxxx» MMC-yə 1233,45 manat əsas, 222,13 manat faiz, 123,35 manat cərimə, cəmi 1578,93 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445, 448.1, 739, 462-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 123,35 manat məbləğində cərimə azaldılaraq 20 manat müəyyən edilməlidir. İş materiallarından görünür ki, BOKT «X1» MMC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 1233,45 manat, faiz borcu üzrə 222,13 manat, cərimə üzrə 20 manat olmaqla, cəmi 1475,58 manat BOKT «xxxx» MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilyindən ödənilmiş dövlət rüsumunun 02,10 manatı iddiaçıya aid edilməli, 27,90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 1233,45 manat, faiz borcu üzrə 222,13 manat, cərimə üzrə 20 manat, cəmi 1475,58 (bir min dörd yüz yetmiş beş manat, əlli səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,90 (iyirmi yeddi manat, doxsan qəpik) manat BOKT «xxxx» MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar