Məhkəmə qərarları › İş №2(060)-555/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-555/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-555/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat borc pulun və 37,90 (otuz yeddi manat doxsan qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh 2020-ci ilin oktyabr ayının 21-də ondan 10-12 gün müddətinə 2500 manat borc pul almışdır. Sonradan cavabdeh 2021-ci ilin mart ayına qədər hissə-hissə olmaqla aldığı borc puldan 750 manat qaytarmış, qalan 1750 manat borcunu isə indiyədək qaytarmamışdır. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə onu aldatmışdır. Bu səbəbdən də o, məcbur olub 19.11.2021 -ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə müraciət etmişdir. Cavabdeh orada öz xətti ilə izahat verərək 1750 manat borcunu etiraf etmiş və 2 ay müddətinə hissə-hissə, yəni 300-500 manat ödəməklə borcunu tam bağlayacağına söz vermiş, əks halda, qanun qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh yenə də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Polisdən ona bu işin mülki xarakterli olduğunu qeyd edib Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsinin məqsədəmüvafiq olduğunu bildirmişlər. Ona görə məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Pİ-nin 4-cü PB tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmiş materiallardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı dindirilən Cavabdeh izahatında göstərmişdir ki, 2017-ci ildən Sumqayıt şəhəri əşya bazarı adlanan ərazidə olan Monza Servisdə usta kimi işləmişdir. Artıq 7 aydır ki, həmin servisdə işləmir. Servisdə işləyən zaman müdiri Emirdən 2500 manat borc pul almış, həmin puldan 750 manat Emirə qaytarmışdır. Hazırda 1750 manat borcu qalmışdır. Pulu qaytara bilməmə səbəbi isə 7 aydır ki işləməməyidir. Lakin üç gündür ki, işə balamışdır və işləyir. Söz verir ki, iki ay ərzində hissə-hissə 300-400 manat ödəyərək tam borcunu bağlayacaqdır. Əks halda yəni pulu ödəməsə qanun qarşısında cavabdehliyi öz üzərinə götürəcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə 2500 manat borc pul verdiyini, həmin borcdan 750 manatın qaytarıldığını, 1750 manat borcun cavabdeh tərəfindən qaytarılmadığını iddia edir və həmin məbləğin qaytarılmasını tələb edir. İddiaçı iddia tələbinin əsası olaraq onun şikayəti əsasında aparılmış araşdırma zamanı cavabdehin müvafiq polis bölməsində verdiyi izahatındakı məlumatlara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 882-ci maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Tədqiq edilmiş sübutlardan göründüyü kimi cavabdeh iddiaçıdan 2500 manat borc aldığını etiraf etmiş, həmin borcdan 750 manat qaytarmış, 1750 manat borcu qalmışdır. Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaya etirazını bildirməmiş, borc üzrə ödənişlərin olubolmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə ədalət mühakiməsini təqdim edilmiş sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 1750 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,90 (otuz yeddi manat, doxsan qəpik) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar