Məhkəmə qərarları › İş №2(060)-5555/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5555/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5555/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 sentyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 14 mart 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2013-cü il tarixli, 2(060)-2500/2013 saylı qətnaməsi ilə 24 sentyabr 2010-cu ildə aralarında bağlanmış nikaha xitam verilməsi, rəsmi nikahlarından anadan olmuş 14 mart 2012-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanması və 14 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Qızının tələbatları günü-gündən artır. Belə ki, qızı orta məktəbə gedir. Bir ana kimi o övladının təhsili, şəxsiyyətli bir vətəndaş kimi görmək üçün çalışır. Onun məktəb ləvazimatlarını, yeyib-içmək və digər xərclərini onun istəklərinə uyğun ödəyə bilmir. Cavabdeh üç ildən artıqdır ki, Almaniya Federativ Respublikasında yaşayır. Övladı ilə daima video görüntü ilə əlaqə saxlayır və təyin olunmuş 100 manat alimenti də vaxtı-vaxtında ödəyir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahlarından anadan olmuş 14 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 05 iyun 2013-cü il tarixli, 2(060)-2500/2013 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd edir ki, Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesi zamanı o dövlət rüsumunu tam ödəmişdir. Bunu ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/01518 saylı arayış təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmədən, rəsmi nikahlarından anadan olmuş 14 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 05 iyun 2013-cü il tarixli, 2(060)-2500/2013 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, bir ay sonra alimentin məbləği 235 manat olacaqdır. O isə ondan daha az 220 manat aliment tələb edir. Bir dəfə də məhkəməyə müraciət etmişdir. Həmin zaman isə cavabdeh Polşa dövlətində olmuşdur. 2013-cü il tarixdə boşanmış və məlumatlı olmuşlar ki, 100 manat aliment kəsiləcəkdir. Daha sonra, təxmini üç və yaxud dörd il sonra alimentin artırılması ilə bağlı müraciət etmiş, lakin iddiası təmin olunmamışdır. Daha sonra cavabdeh iddiaçı ilə əlaqə saxlamış, alimentdən əlavə hər ay 200 manat olmaqla ona əlavə pul ödəmişdir. Onun gəlirləri hal-hazırdada vardır. Lakin cavabdeh iddiaçıya barışma təklif etmiş, ona Almaniya Respublikasına getməyə təklif etmiş, o isə razı olmamışdır. Belə ki, iddiaçının Azərbaycan Respublikasında dövlət işi vardır. İddiaçı müəllim işləyir və onun aylıq gəliri 340 manat təşkil edir. İddiaçı ailə qurmamışdır. Lakin cavabdeh ikinci dəfə ailə qurmuş və ona barışmaq təklif etmişdir. Uşağın təhsili üçün Almaniya Respublikası yaxşıdır. Lakin ona güvənməmişdir. Belə ki, cavabdeh ilə Rusiya Federasiyasında yaşamış və onun güvənilir insan olmadığı qənaətinə gəlmişdir. İddiaçı isə cavabdehə gəlməyini təklif etmiş, lakin barışmaq mümkün olmamışdır. Daha sonra iddiaçıya sms yazmışdır ki, ayda 100 manat ödəyəcəkdir. Cavabdehin ikinci nikahdan anadan olan övladına da aliment ödəyir.Cavabdehə məhkəmə iclası haqqında məlumat vermiş, cavabdeh isə nömrəni dəyişmişdir. Hal-hazırda iş materiallarına yazışma kimi əlavə etdiyi nömrə ilə əlaqə saxlamaq mümkündür. İcraçı ilə onun əlaqəsi vardır. Ümumiyyətlə isə cavabdeh tez-tez nömrə dəyişir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh göndərilən məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, “SMS” bildiriş vasitəsi ilə cavabdeh məlumatlandırılmışdır. Lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, idiaçının izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 03 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01518 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh mediasiyada iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Qeydiyyatdan xx.xx.2022-ci il tarixdə çıxmış, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 189858 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014-cü ilin mart ayının 06-cı günündə 092 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan qadına Absalamova soyadı verilmişdir. Tver vilayəti Tver Şəhər administrasiyasının vətəndaşlıq vəziyəti aktlarının 5 nömrəli qeydiyyat şöbəsinin filialı tərəfindən verilmiş, Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş İ-OH seriyalı, 802739 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 14 mart 2012-ci il tarixdə Rusiya Federasiyası, Tver vilayəti, Tver şəhərində anadan olmuşdur. Bu barədə 2012-ci ilin mart ayının 23-cü günündə 439 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə X4r. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2500/2013 saylı, 05 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X7 ilə Cavabdeh arasında olan 24 sentyabr 2010-cu ildə Sumqayıt nikah evindən 634 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 14 mart 2012-ci il təvəllüdlü X2 anası X3 himayəsinə saxlanılması, X1 25 aprel 2013-cü il tarixdən başlayaraq hər ay 14 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, X1 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, iddianın maddi yardım tələbinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən 100 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından, müəyyən olunmuş aliment məbləğinin müəyyən edilməsindən xeyli müddət keçməsi, iddiaçının iddia tələbinin müdafiəsi ilə bağlı zəruri sübutları təqdim etməyərək cavabdehin hal-hazırki maddi vəziyyəti barədə məlumatlı olmamasını, iddiaçının bildirdiklərinə əsasən tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2013-cü il tarixli, 2(060)-2500/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə 14 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2013-cü il tarixli, 2(060)-2500/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 14 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar