Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5574/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 12 iyun 2015-ci il tarixli 2(017)-223/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 24.09.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 05.12.2011-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 24.09.2012-ci il təvəllüdlü X7 adlı bir övladları doğulmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Onun iddiası əsasında Ağcabədi rayon Məhkəməsinin 12.06.2015-ci il tarixli 2(017)-223/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 24.09.2012-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, aliment məbləği uşağın saxlanılması üçün bəs etmir. Uşaqlar məktəblidir. Onların ehtiyaclarını və tələbatlarını ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir, uşaqları ilə birlikdə kirayədə qalır. O, övladı ilə birlikdə maddi sıxıntı içində yaşayır. Cavabdehin ödədiyi aliment məbləği də bu günki iqtisadi münasibətlərlə uyğun gəlmir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bir uşağın minimum yaşayış məbləği 175 manat təşkil edir. Ona görə də, alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaçıya etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddiası əsassızdır. İddiaçı iddiasında qeyd edir ki, uşaq məktəblidir və onun ehtiyaclarını ödəməkdə çətinlik çəkir, özü heç bir yerdə işləmir, uşağı ilə birlikdə kirayədə qalır və s. İlk öncə onu qeyd edir ki, etiraza əlavə etdiyi əmək haqqı barədə arayışın surətindən də görünür ki, o, 8 saatlıq iş rejimində ortalama 300 manat aylıq əmək haqqı müqabilində maşinist işləyir. Qeyd edir ki, o, təyin edilmiş alimenti hər ay vaxtlı-vaxtında ödəməyə çalışmışdır. Maddi vəziyyətində çətinlik törədən hallardan biri də dünyada baş vermiş pandemiya, ölkədə elan olunmuş xüsusi karantin rejimi olmuşdur. Uzun aylar o, işsiz olmuşdur. Hazırkı az maaşlı işi o, uzun müddət axtarmışdır. Oradan aldığı əmək haqqına indiki vəziyyətdə razı gəlmişdir. O da olmasa, onun ailəsinə baxacaq kimsəsi yoxdur. Həyat yoldaşı da işləmir ki, heç olmasa ona kömək olsun, övladları körpə olduğundan, onun işləməsi hazırki şəraitdə qeyri-mümkündür. İddiaçı həmçinin qeyd edir ki, yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ölkə üzrə yaşayış minimumu da, ehtiyac meyarı da 196 manat kimi müəyyən edilmişdir. Həmçinin, onu da qeyd edir ki, alimentlə bağlı məhkəmə qətnaməsindən sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Hansı ki, hal-hazırda o, nikah şəhadətnaməsindən də göründüyü kimi, X1 ilə rəsmi nikahdadır və rəsmi nikahlarından onların iki övladları doğulmuşdur – 19 fevral 2018-ci il təvəllüdlü X10, 01 iyun 2019-cu il təvəllüdlü X11. Onun aylıq maaşından 175 manat çıxılarsa ona qalan məbləğ 125 manat təşkil edəcək ki, həmin məbləğlə də onun, ailəsinin, iki uşaqlarının ehtiyacları necə ödənsin. Hansı ki, iddiaçı özü də qeyd edir ki, hazırda 1 uşaq üçün yaşayış minimumu 175 manatdır. Əgər 175 manat aliment təyin edilsə, həmin pulu ödəməli olsa, onun iki azyaşlı körpə uşağı nə ilə qidalansın, necə dolansın, o özü necə qidalansın, necə dolansın. Hesab edir ki, alimentin 175 manatadək artırılması üçün iddiaçının vəziyyətində hansısa bir dəyişiklik olmamışdır, hansı ki, əksinə, o dəyişiklik özündə olmuşdur ki, bu da alimentin artırılması üçün qanunun tələblərini pozmaq deməkdir. Bildirmək istəyir ki, aliment təyin olunan vaxtdan onun vəziyyətində yaxşı mənada heç bir dəyişiklik olmamışdır. Əksinə onun səhhəti ilə bağlı bir çox problemlər var ki, onlar daha da kəskinləşmişdir. O, 12 barmaq bağırsağın xorası xəstəliyindən əziyyət çəkir. Vaxtlı-vaxtında müalicəyə zərurət var. Bununla bağlı xəstəlik kağızlarını da etirazına əlavə edir. Bundan başqa yuxarıda da qeyd etdiyi kimi yenidən ailə qurmuşdur və yeni nikahından iki azyaşlı övladı var. Həmçinin o, əmək qanunvericiliyində qeyd edilmiş normaya əsasən gün ərzində 8 saat işləyir və bundan artıq gedib hardasa işləyib (səhhəti və dövlətin müəyyən etdiyi qanunvericiliyə əsasən) iddiaçının tələb etdiyi alimenti necə ödəyə bilər. Bundan başqa onu da bildirir ki, hal-hazırda o, əmək müqaviləsi ilə işləyir və aylıq sabit qazancı və gəliri var. Əgər məqsəd qanunla işə düzgün baxılıb qanunauyğun qətnamə qəbul etməkdirsə, onda hesab edir ki, aliment Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla bir uşağa görə onun gəlirlərinin və qazancının 1/4 hissəsi miqdarında təyin edilməlidir. Yuxarıda qeyd etdiyi hallardan və qanunvericiliyin tələblərindən də göründüyü kimi, o, iddiaçının tələb etdiyi 175 manatı ödəmək iqtidarında deyil. Bir ata olaraq imkanı, gücü yetsəydi, daha artığını da ödəmək istəyərdi, lakin müvafiq şərtlərlə və şəraitdə bunu etmək qeyrimümkündür. Çünki onun təkcə bu övladı deyil, ikinci nikahından olan övladlarını və ailəsini də saxlamaq vəzifəsi var. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin 12 iyun 2015-ci il tarixli 2(017)-223/2015 saylı qətnaməsinin surətindən görünür ki, X2 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və X6 arasında 05.12.2011-ci il tarixdə Sumqayıt Nikah Evində 1067 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, X7 anası X2 yanında saxlanılmış, 24.09.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh 70 manat məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmiş, alimentin tutulması 26.01.2015-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 1 övladlarının olması, uşağın ananın yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Lakin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə mübahisəyə hüquqi qiymət verərkən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunan, cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Həmin sənədlərdən göründüyü kimi, cavabdeh 25.09.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək "xxxx" MMC-də maşinist vəzifəsində işləmişdir və aylıq əmək haqqı 31.05.2021-ci il tarixdə 356 manat 45 qəpik təşkil etmişdir (vergilər daxil olmaqla). Cavabdeh 09 fevral 2018-ci il tarixdə K.Mazakova ilə rəsmi nikaha daxil olaraq ikinci dəfə ailə qurmuşdur, həmin nikahdan doğulmuş iki azyaşlı uşaqları var. Məhkəmə qeyd edir ki, cavabdehin əmək haqqısı birinci nikahdan doğulmuş uşağın saxlanılması üçün balanslaşdırılmamış həddə yüksək aliment tutulmasına imkan vermir, cavabdehin ikinci dəfə qurduğu ailəsi, doğulmuş övladları qarşısında onların da maddi qayğılarını həll etmək vəzifəsi var. Bu səbəbdən, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24.09.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinin 12 iyun 2015-ci il tarixli 2(017)-223/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq, maddi tələbatlarını ödəmək, qayğısına qalmaq hər iki valideynin vəzifəsidir və uşağın bütün maddi qayğılarının yalnız bir nəfərin üzərinə qoyulması ədalətsizdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24.09.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinin 12 iyun 2015-ci il tarixli 2(017)-223/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməqlə, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 130 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5574/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5574/2021
09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver