Məhkəmə qərarları › İş №2(060)-5577/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5577/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5577/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 17.12.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən ona aylıq 1.6667% faiz dərəcəsi ilə 24 ay müddətində 4000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetimməmiş, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17.07.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 978.13 manat ödəniş etmiş və onun iddiaçıya 3021.87 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4 maddəsinə və 4.2.3-cü bəndinə uyğun faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanıb, həmçinin ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 16.04.2021-ci il tarixinə 273 gün üçün hesablanmış faiz borcu 359.30 manat təşkil edir. Kredit müqaviləsinin olaraq borclu ödəniş planı üzrə krediti və 16.04.2021-ci il tarixə 273 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 623.97 manat təşkil edir.Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 3021,87 manat əsas, 359.30 manat faiz borcunun, 623.97 manat cərimə olmaqla ümumilikdə cəmi 4005,14 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Ələkbərov Nicat Ələkbər oğlu Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, iş üzrə bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu səbəbdən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında əsas kredit borcu üzrə bağlanmış 17.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank tərəfindən Cavabdeh restrukturizasiya olunan əsas kredit borcunun ödənilməsi məqsədilə 24 ay müddətinə aylıq 1.6667%-lə faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.12.2019-ci il tarixli, 003A********** saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh 06.04.2020-ci il tarixindən etibarən 04.03.2024-cü il tarixinədək hər ay 204,00 AZN olmaqla, yalnız sonuncu ay 211,55 AZN ödəniş etməlidir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.03.2021-ci il tarixə İddiaçı QSC-yə 3021.87 manat əsas, 359,30 manat faiz, 623.97 manat cərimə borcu cəmi 4005,14 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh iddiaçı tərəfindən edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə götürdüyü kredit məbləğinin, ona hesablanmış faiz və cərimə məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı QSC-yə 3021,87 manat əsas, 359,30 manat faiz, 623,97 manat cərimə borcu, cəmi 4005,14 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 3021.87 manat əsas borc, 359.30 manat faiz borcu, 100 manat cərimə məbləği ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3021.87 manat əsas borc, 359.30 manat faiz borcu, 100 manat cərimə məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar