Məhkəmə qərarları › İş №2(060)-5588/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5588/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5588/2020 27.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxxxxxxxx» X5 X1 cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» X5 X1 cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxx» X5 X1 cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşma daxil olmaqla) ləğv edilməsi, 2991,02 manat əsas borc, 260,45 manat faiz borcu olmaqla olmaqla ümumilikdə 3251,47 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxx» X5 X1 cəmiyyətinin nümayəndəsi X3 məhkəmədə iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki,"xxxxxxxxxx" X5 X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşmaya əsasən ikinciyə illik 24% faizlə, 24 ay müddətinə 5000 (beş min) manat kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 ilə xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544+BAKU1-39110 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 tərəfindən kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin qaytarılması günləri dəfələrlə pozulmuşdur. Cavabdeh1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixinədək ödənilməsi nəzərdə tutulan 2991,02 manat əsas borc, 260,45 manat faiz borcu olmaqla, cəmi 3251,47 manat məbləğində kredit borcu yaranmış və ödənilməmişdir. Ona görə də nümayəndə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o həqiqətən də "xxxxxxxxxx" X5 X1 Cəmiyyəti ilə xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşma bağlamış və bankdan 5000 (beş min) manat kredit götürmüşdür. Götürdüyü kredit üzrə 1 il ödəniş etsə də, sonradan yol-nəqliyyat hadisəsi keçirmiş, nəticədə iki dəfə əməliyyat olunmuş, 7 ay xəstəxanada yatmışdır. Bu barədə banka da məlumat vermişdir. Təzəlikcə əmək qabiliyyəti qismən bərpa olmuşdur. İşləməyə başladıqdan sonra borcunu ödəyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı «xxxxxxxxxx» X5 X1 cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmışxx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşmaya əsasən Cavabdeh1 illik 24% olmaqla, 24 ay müddətinə cəmi 5 000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544+BAKU1-39110 saylı Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə “xxxxxxxxxx” BOKT MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyini vaxtında və lazımi qaydada icra olunmasına görə kreditor qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx xxx 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək «xxxxxxxxxx» X5 X1 cəmiyyətinə 2991,02 manat əsas borc, 260,45 manat faiz borcu olmaqla, ümumilikdə 3251,47 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşma imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544+BAKU1-39110 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliklərini vaxtında və lazımi qaydada icra olunmasına görə zamin durmuşdur. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit verənin bu müqavilədən irəli gələn öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən və bu müqavilənin 3.1.4.4 və 3.1.4.5-ci bəndləri ilə müəyyən edilmiş hallarda birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək verilmiş krediti real ödəniş gününədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını və əsas borcun iyirmi faizi həddində cərimə ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun bir hissəsini ödəsə də, qalan hissəsini ödəməmişlər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, iddia xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Kredit müqaviləsinin, xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşmanın ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor «xxxxxxxxxx» X5 X1 cəmiyyətinin xeyrinə 2991,02 manat əsas borc və 260,45 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Kredit müqaviləsi, xx xxx 2019-cu il tarixli BAKU1-39087-16544 saylı Razılaşma ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2991,02 (iki min doqquz yüz doxsan bir manat iki qəpik) manat əsas borc, 260,45 (iki yüz altmış manat qırx beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3251,47 (üç min iki yüz əlli bir manat qırx yeddi qəpik) manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq «xxxxxxxxxx» X5 X1 cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar