Məhkəmə qərarları › İş №2(060)-5598/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5598/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5598/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.988 manat məbləğində əsas kredit borcu, 93 manat 70 qəpik məbləğində faiz, 29 manat 72 qəpik məbləğində cərimə olmaqla, cəmi 2.111 manat 42 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" KB ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli 2775nkSUM/20 saylı kredit müqaviləsinə xitam verilməsi və 1.988 manat məbləğində əsas kredit borcu, 93 manat 70 qəpik məbləğində faiz, 29 manat 72 qəpik məbləğində cərimə olmaqla, cəmi 2.111 manat 42 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 46 ay müddətinə illik 7 % ödəmək şərti ilə 1.988 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 04.06.2021-ci il tarixə "xxxx" KB ASC-yə 1.988 manat məbləğində əsas kredit borcu, 93 manat 70 qəpik məbləğində faiz, 29 manat 72 qəpik məbləğində cərimə olmaqla, cəmi 2.111 manat 42 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək və izahatında bildirdi ki, bankdan kredit götürmüşdir. Götüdüyü krediti vaxtı-vaxtında ödəsədə, sonradan yaranmış maddi çətinliyə görə kredit ödənişlərini gecikdirmişdir. Hazırda iddia tələbini cərimə borcu istisna olmaqla qəbuledir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" KB ASC ilə aralarında bağlanmış 30.09.2020-ci il tarixli 2775nkSUM/20 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 46 ay müddətinə illik 7 % ödəmək şərti ilə 1.988 manat məbləğində kredit almışdır. 04.06.2021-ci il tarixli UB-BANK/PİKMD/959407 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 04.06.2021-ci il tarixə 1.988 manat məbləğində əsas kredit borcu, 93 manat 70 qəpik məbləğində faiz, 29 manat 72 qəpik məbləğində cərimə olmaqla, cəmi 2.111 manat 42 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" KB ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli 2775nkSUM/20 saylı kredit müqaviləsinə xitam verilməli; 1.988 manat məbləğində əsas kredit borcu, 93 manat 70 qəpik məbləğində faiz, 3 manat məbləğində cərimə olmaqla, cəmi 2.084 manat 70 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 3 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli 2775nkSUM/20 saylı kredit müqaviləsinə xitam verilsin. 1.988 manat məbləğində əsas kredit borcu, 93 manat 70 qəpik məbləğində faiz, 3 manat məbləğində cərimə olmaqla, cəmi 2.084 manat 70 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar