Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-560/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əbdülməcid oğlu “BMW” markalı, **-ZR-*** nömrəli maşınla evə gedərkən maşında nasazlıq baş vermişdir. “Sevgilim” Şadlıq Sarayının yanında maşını ustalara göstərmək istəyəndə ona üç nəfər Zahid, atası və Fərhad adlı şəxslər yaxınlaşıb, ona kömək etmək istədiklərini bildirdilər. Bundan başqa, iddiaçının 102 və Sumqayıt şəhər 3-cü Polis Bölməsinə müraciəti olub. Zahid və atası ilə bölmədə görüşmüşlər, lakin maşını cavabdehlər avtomobili iddiaçıya geri qaytarmamışlar. Bir neçə müddət keçdikdən sonra iddiaçı əlavə 5 mindən sonra 3 min də verib maşını geri qaytardı. Halbuki, 3-cü polis bölməsində 6000 manata razılaşmalı idilər. Ancaq sözlərinə düz çıxmamışlar, maşını qaçırtmışlar. Göstərilənlərə əsasən, onlara verdiyi əlavə 3000 manat məbləğində pulub alınıb iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan iddiaçı ərizə təqdim edərək, Cavabdeh2 əlavə cavabdeh kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, “BMW 520İ” markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobil şəhid oğluna məxsus olmuşdur. O, həmin avtomobili cavabdehlərə satmışdır. Cavabdehlər ona 3200 manat pul vermişlər. Sonradan artıq pul ödəyərək avtomobili cavabdehlərdən geri almışdır. Avtomobilə 3 000 manat əlavə pul ödəmişdir. O, aldadılmışdır. Belə ki, polis bölməsində 6 000 manata razılığa gəlmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisələndirilən avtomobil Sumqayıt şəhərində yerləşən şadlıq saraylarından birinin yaxınlığında dayanmışdı. İddiaçının yanına yaxınlaşan zaman avtomobilin yoxlanması üçün ustaya ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra, Bakı şəhərində iddiaçının avtomobilini yoxlanışdan keçirməsi üçün usta yanına apardılar. Vəziyyət elə gətirdi ki, o, iddiaçıdan avtomobili hansı qiymətə sata biləcəyini soruşdu və iddiaçı 6000 manata sata biləcəyini bildirdi. Məbləğin çox olduğunu bildirdikdə iddiaçı oğlu ilə danışacağını qeyd etdi. O, təxminən 2-3 gün sonra iddiaçıya zəng etdi və 5000 manata razılaşdılar. Avtomobilin alqı-satqısı üçün notariat ofisinə getməyi planlaşdırdılar. Avtomobil iddiaçının oğlunun dostunun adına qeydiyyatda idi və həmin şəxs iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə vermiş və həmin etibarnamənin müddəti başa çatmışdır. İddiaçı ilə notariat ofisinə yaxınlaşdılar və oradan baş etibarnamə aldılar. Avtomobilin üzərində cərimələr var idi və o, həmin cərimə ödənişlərini etdi. Daha sonra avtomobili sığorta etdirdi. Avtomobilin sahibi ilə əlaqə saxladı və o, onlayn şəkildə alqı-satqı işlərini həyata keçirməyi təklif etdi və nəticədə avtomobil onlayn şəkildə özgəninkiləşdirildi. Həmçinin, iddiaçı ilə avtomobilin alqı-satqısı üçün 5000 manata razılaşmışdılar, lakin avtomobil 5200 manata satıldı. O, mülkiyyətinə keçən avtomobili tam təmir etdirmiş və atasının adına qeydiyyatdan keçirmişdir. Bütün bunlardan sonra polis bölməsindən izahat verməyi üçün çağırıldı. Orada olanlarla bağlı ətraflı şəkildə izahat verdi. Daha sonra bölmənin rəisinin qəbulunda oldu və orada avtomobilin ona ümumi 6350 manata başa gəldiyini qeyd etdi. Belə ki, o, 1760 manat avtomobilin cəriməsini ödəmiş, avtomobili sığortalamışdır. 3 200 manat isə iddiaçıya pul ödəmişdir. Səhəri gün 100 manat ödəniş edərək avtomobili texniki baxışdan keçirmişdir. Bundan sonra avtomobilin təkərlərin almış, ön mexanizmin yığdırmış, radiator və digər hissələrini dəyişdirmişdir. 420 manat təkərlərə, 180 manat radiatora, 150 manat elektrik generatoruna, 150 manat benzin sovurana və s. pul vermişdir. Bunların hamısına xərc çəkmişdir. Avtomobil nasaz olduğu üçün aparıbgətirilməsi üçün evakuasiya xidmətinə 30-35 manat pul vermişdir. Bütün xərcləri hesablayıb məbləğin üzərinə gəlmişdir. Atası 350 manat pul ödəyərək avtomobili öz adına qeydiyyatdan keçirmişdir. Avtomobili təmizlətmiş, 80 manata üzlük çəkdirmiş, 360 manat səs qurğusuna pul vermişdir. İddiaçı polis bölməsində avtomobili qaytarmaq istəmədiyini bildirdi. Atası iddiaçıya 6000 manat qarşılığında avtomobili qaytarmağı təklif etdi. İddiaçı təklifi qəbul etdi, lakin şərtində avtomobili təmir etdirdiyi bütün yerlərə yaxınlaşıb məlumat əldə edəcəyini bildirdi. Buna vaxtı olmayacağı üçün avtomobili qaytarmaqdan imtina etdi. Bir müddət sonra iddiaçı avtomobili qaytarmağını tələb etdi, o, isə qaytarmadı. Bundan sonra iddiaçı yenidən polis bölməsinə müraciət etdi. O, polis bölməsində izahat verdi və hansı səbəblə avtomobili qaytarmadığını qeyd etdi. İddiaçı davamlı ona zəng etdiyi üçün onun əlaqə nömrəsini bloka atdı. Ailə üzvlərinin də təkidi ilə iddiaçı ilə 8000 manat qarşılığında avtomobilin qaytarılmasına razılaşdılar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı mübahisəli avtomobili 5 600 manata oğluna satmışdır. Onlar avtomobili adına qeydiyyatdan keçirmiş və avtomobilə 2 500 manat xərc çəkmişlər. Avtomobilin mühərriki döyülmüş vəziyyətdə idi. Avtomobilə yeni təkərlər almaq, şüşələrini dəyişmək və s. işlər üçün 2 500 manat xərc çəkilmişdir. Bütün bunlardan sonra, iddiaçı oğluna avtomobili qaytarması üçün israr etmiş, hətta iş yerinə belə getmişdir. Daha sonra onun əlaqə nömrəsini tapmışdır. İşlədiyi yerə yaxınlaşaraq, avtomobili ona qaytarmalarını tələb etmişdir. İddiaçı Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə şikayət etmişdir. Orada da avtomobilin qaytarılmalı olduğunu bildirdi. Polis Bölməsinin rəisi nə qədər məbləğ qoyulmuşdursa, iddiaçının avtomobilini qaytarılmasını dedi. Daha sonra iddiaçı iş yerinə yaxınlaşaraq, qohumunu gətirib avtomobilin qaytarılmasını bildirdi. O da oğluna avtomobili iddiaçıya geri qaytarmasını dedi. Bundan sonra notariat ofisinə gəldilər, orada avtomobilə çəkilən xərclərin hər birini qeyd edib iddiaçıya təqdim etdilər. Ona 8 000 manat pul verməli olduğunu bildirdi. İddiaçı problem olmadığını qeyd etdi. Pulu verəcəyini, avtomobili isə ona qaytarmalarını bildirdi. İddiaçıya baş etibarnamə verdi. İddiaçı səhəri gün ona zəng edib bildirdi ki, avtomobili adına qeydiyyatdan keçirmək üçün Baş Dövlət Yol Polis İdarəsinə gəlməlidir. Beləliklə, avtomobil iddiaçının adına qeydiyyatdan keçirildi. İddiaçıdan hər hansısa problem olub-olmadığını soruşduqda isə o, heç bir problemin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh2 maşını satmış, İddiaçı 8000 manat almışdır.
10. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd etdiyiniz xüsusatların həlli məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməyiniz məqsədəmüvafiqdir.
11. İş materiallarında olan Sumqayıt ŞPİ 3-cü PB tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə polis bölməsinə müraciət edərək, bildirmişdir ki, təxminən 10 gün bundan öncə Zahid adlı şəxsə 3200 manat müqabilində “BMW 520İ” markalı, **-ZR-*** nömrəli avtomobili satmışdır. Halhazırda Zahiddən verdiyi pulu geri qaytarıb öz avtomobilinin qaytarılmasını istəsə də, Zahid avtomobili ona geri qaytarmır, aldadır. Həmçinin, Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, 10 gün bundan qabaq “Sevgilim” şadlıq sarayının qabağında Nadirşah kişi ilə rastlaşmışdır. Yolun qırağında maşını xarab olmuş və dayanmışdır. Yaxınlaşıb ona avtomobilin satılıb-satılmadığını soruşdu. O, isə cavabında satdığını, bezdiyini bildirmişdir. Əvvəl 5000 manat desə də, sonradan 4800 manata razılığa gəlmişlər. Həmin vaxt dedi ki, oğlu ilə məsləhətləşib dəqiq cavab deyəcək. 3 gündən sonra zəng vurub dedi ki, avtomobili satır. Birlikdə DYP-yə getdilər. Həmin vaxt avtomobilin 1762 manat cəriməsi var idi. Ümumi məbləğdən cərimə ödənildi, sonra 73 manat sığorta ödənişi ödənildi, 100 manat texniki baxışdan keçirildi. Sonra notariusa getdilər. Məlum oldu ki, avtomobil Nadirşah kişinin adına deyildir. Avtomobili idarə etməyə heç bir sənədi yoxdur. Avtomobil qohumunun adına idi. Onlayn formada etibarnamə aldılar. Sumqayıt şəhərində dostunun yanında 3200 manat Nadirşah kişiyə verildi. Hallallıq verdi və sağollaşdılar.
12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş X4 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasına görə “BMW 520İ” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı (1994-cü il buraxılışlı, tünd göy metallik rəngli, ban nömrəsi WBAHB51020GH06841) avtomobil ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü X1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə onun adından qeydiyyatdan çıxmış, xx.xx.2023-cü il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilərək (**-EU-***) ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və xx.xx.2023-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq, elə həmin tarixdə alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilmədən ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı adına dövlət qeydiyyatına alınmış və hazırda qeydiyyatdadır.
13. İşin materiallarında olan X2 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 ona məxsus “BMW 520İ” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 7000 manata satmışdır.
14. İşin materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus “BMW 520İ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 8000 manata satmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı istifadəsində olan “BMW 520İ” markalı avtomobili cavabdehlərə satmış, sonradan avtomobilin geri qaytarılmasını tələb etmişdir. Avtomobil iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən aldadıldığını iddia edərək, vurulmuş 3000 manat maddi ziyanın ödənilməsini tələb edir. Cavabdehlər iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.
18. Belə ki, iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
19. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
25. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin
26. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən aldadıldığını və onlar tərəfindən 3000 manat maddi ziyan vurulmasını bildirsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
27. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
28. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
29. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
30. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
31. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
32. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
33. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva