Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5600/2023 19.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1149/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları vardır: xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6. Sumqayıt şəhər məhkəməsinin 2(060)-1149/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi iki uşağa görə 240 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, 240 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1149/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlatımaları üçün ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsindən bildiriş və ona əlavə edilmiş iddia ərizəsinin surəti poçt vasitəsi ilə ona 01 sentyabr 2023-cü il tarixdə çatdırılmışdır. İddiaçı “aliment artırılması” tələbinə dair iddia ərizəsini aşağıdakı əsaslara və səbəblərə görə əsassız hesab etməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-l 149/2023 saylı Qətnaməsinə əsasən birgə nikandan olan xx.xx.2009-cu il təvəllüdlü X5m və xx.xx.2012-ci il təvəllüdlü X3m yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 240 manat alimentin tutulması qət edilmiş, cavabdeh tərəfindən aliment ödənilsə də, uşaqları saxlanmaqda çətinlik çəkir, cavabdeh tərəfindən əlavə olaraq ona heç bir köməklik edilmir. İddiaçının bu mülahizəsi ilə razı deyil, bu əsaslara istinad etməklə alimentin artırılması tələbi əsassız hesab edilməlidir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(060)-1149/2023 saylı Qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, iddiaçının iddia tələbi uşaqların saxlanmaları üçün 273 manat 20 qəpik məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə olsa da, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmış, cavabdehin gəliri (maaşı) və digər iş üçün əhəmiyyətli hallar nəzərə alınmaqla məhkəmə tərəfindən cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, iddianın qismən təmin edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı həmin qətnamədən narazı olduğu halda onu apellyasiya qaydasında mübasiləndirə bilərdi. Lakin işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan qətnamə mübahisələndirlməmiş, bununla da iddiaçı hər uşağa görə 120 manat, cəmi 240 manat aliment almağa başlamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən aliment vaxtlı- vaxtında ödənilsə də, iddia tərəfindən uşaqların atası olan cavabdehin uşaqları ilə görüşməsi, ünsiyyətdə olması, onların təlim-tərbiyyəsində iştirak etməsinə mütəmadi olaraq maneçilik törədir. Cavabdeh dəfələrlə bununla bağlı iddiaçıya müraciət etsə də, sonuncu tərəfindən uşaqların atasının onların həyatında, tərbiyyəsində və təhsilində bilavasitə iştirak etməsinə razılıq verilməmiş, bundan əlavə iddiaçı uşaqlarda atalarına (cavabdehə) qarşı mənfi fıkir yaratmağa çalışmaqla onlarda qeyri-sağlam psixoloji halların yaranmasına nail olmağa çalışmışdır. Cavabdeh tərəfindən dəfələrlə mediasiya vasitəsi ilə mübahisənin həlli təklif edilsə də (sonuncu dəfə bu bərədə təklif iddiaçıya poçt vasitəsi ilə 26 aprel 2023-cü il tarixdə çatdırılmışdır), ıddıaçı tərəfindən mediasiya prosesində iştirak etməsi barədə cavabdehin göndərdiyi Təklifə cavab verilməmiş, mübahisənin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün səy göstərilməmişdir. Buna görə cavabdeh tərəfindən Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, hazırda qeyd olunan mübahisə mediasiya prosesi mərhələsindədir. İddiaçı razılıq vermədiyi təqdirdə cavabdeh məhkəmə qaydasında valideyn hüquqlarının təmin edilməsini tələb edəcək (mediasiya prosesinin tətbiqi barədə təklifin çatdırılması barədə poçt qəbzin surəti ərizəyə əlavə edilir). İddiaçının Azərbaycan Respublikası müvafıq qanunvericiliyin tələblərinə zidd davranışı barədə yuxarıda qeyd olunan faktiki halların hazırda baxılan, icraatda olan işə aidiyyətinin olmaması barədə təsvir yaranmış olsa da, bunları məhkəmənin diqqətinə çatdırmaqda məqsədləri odur ki, iddiaçının ərizəsində qeyd etdiyi “cavabdeh heç bir kömək etmir” sözlərin əsassız oldugunu məhkəməyə göstərmiş olacaq. Çünki, iddiaçının uşaqların atası olan cavabdehlə onların ümumiyyətlə ünsiyyətdə olmalarına qadağa qoyması nəticəsində cavabdeh uşaqların hansı şəraitdə yaşamaları, inkişaf etmələri, tərbiyə və təhsil almaları barədə məlumatı əldə etmək imkanından faktiki olaraq məhrum edilmiş, bu səbəbdən uşaqlarına hər ay stabil olaraq ödədiyi alimentin, eyni zamanda analarının da Sumqayıt Dövlət Universitetində işləməsi və maaş alması nəzərə alınsa, hər iki uşaq «Azərbaycan Respublikasmda 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununda 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu kimi nəzərdə tutulmuş 220 manat məbləğində təminat alırlar. Nəzərə almaq lazımdır ki, Ailə Məcəİİəsinin 56.1-ci maddəsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfın ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Bununla bağlı bildirilir ki, Cavabdeh İddiaçı ilə birgə nikada olan dövrdə, indi də eyni vəzifədə işləyir, yəni istər birgə nikah dövründə, istərsə də, nikah pozulduqdan sonraki dövrdə cavabdehin maddi vəziyyətində hər hansı əhəmiyyətli bir dəyişiklik olmamış, qazancın yüksəlməsi halı baş verməmişdir. Hətta əksinə, cavabdehin səhhətində yaranmış problemlərə görə onun maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. Bu fakt Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Milli X4 Materialları İnstitutundan təqdim edilmiş və iddia ərizəsinə əlavə etdikləri 18 aprel 2023-cü il tarixli 14 nömrəli arayışla təsdiq edilir. Belə ki, həmin arayışın məzmununa əsasən Cavabdeh 08 sentyabr 2009-cu ildən indiyədək həmin İnstitutda Mülki Müdafıə Qərargah rəisi vəzifəsində işləyir və maaşı 584 manat məbləğindədir. Həmçinin yuxarıda Qeyd olunan Ali Məhkəmənin Plenumu Qərarının 8.4-8.6-ci bəndlərində göstərilmişdir ki, məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli səxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, nikahın pozulmasından sonrakı dövrdə Cavabdeh “parkinson” xəstəliyindən əziyyət çəkir. Bu fakt iddia ərizəsinə əlavə edilən Sumqayıt şəhəri “Unikal Klinika MMC”- nin baş həkimi tərəfindən təqdim edilən 59B nömrəli, 30 may 2023-cü il tarixli arayışla təsdiq edilir. Belə ki, həmin arayışda göstərilmişdir ki, Cavabdeh qeyd olunan klinikada mütəmadi olaraq müayinə edilir, o 26 avqust 2021-ci ildə, 18 sentyabr 2021-ci ildə və 27 may 2023-cü il tarixlərdə klinikanın həkim-nevropatoloqun qəbulunda olmuş, müayinə zamanı pasientdə “parkinson xəstəliyi” diaqnozu qoyulmuş, pasientin bu diaqnozla müalicə alması və daim parkinson əleyhinə (madopar, azilekt) dərmanları qəbul etməyə məcburdur. Qeyd olunan dərmanlar, yaxud eyni tərkibdə (madoparm əsas tərkib hissəsi “levodopa” və azilektin əsas tərkib hisssəsi “razagilin”) Azərbaycan Respublikasında qeydiyyata alınmış dərman vasitələrinə aiddir və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müyyən etdiyi qiymət (istehsalçıdan asılı olaraq), orta hesabla 30-40 manat arasındadır. Nəzərə alınsa ki, dərman həkim tərəfindən tərtib edilmiş müvafıq reseptə əsasən gündə 3 dəfə qəbul edilir, Cavabdeh hər ay xəstəliyin simptomlarını qismən aradan qaldırmaq üçün, o cümlədən hərəkətin pozulmasının aradan qaldırılması üçün ayda orta hesabla 120-150 manat pul sərf edir. Həmçinin «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununda 2023-cü ildə ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən edilmişdir və Cavabdeh aylıq maaşı 584 manat təşkil edir onun aylıq gəlirindən yaşayış minimumu üçün məbləğ (261 manat) və hazırki aliment öhdəliyi üzrə (240 manat) məbləğ çıxıldıqda qalan məbləğ xəstəliyi ilə əlaqədar qeyd olunan dərmanları əldə etmək üçün yetərli deyildir. Bu isə o deməkdir ki, həkim-nevropatoloq tərəfindən ona təyin edilmiş dərmanları qəbul etmədiyində ona aşkar edilmiş xəstəlik daha sürətli inkişaf edəcək, bu da onun əmək qabiliyyətinin itirilməsinə (əlilliyinin dərəcəsinin artmasına), nəhayət həyatına təhlükə yaradacaq. “Əliİİiyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarmın 6.6.1.1- 6.6.1.3-cü maddələrdə göstərilmişdir ki, ümumi hərəkətin mülayim pozulması 40-60 faiz olmaqla 2 il, hərəkətin təzahür edilən pozuntusu isə 65-80 faiz orqanizmin funksiyalarmın pozulması kimi qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması müddəti müddətsiz müəyyən edilir. Cavabdeh onda müəyyən edilmiş “parkinson” xəstəliyi ilə əlaqədar yuxarıda istinad etdiyi Qərarın tələblərinə uyğun əlilliyin müəyyən edilməsi üçün qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş, xəstəliyi ilə əlaqədar müayinə olunma mərhələsindədir. Eyni zamanda, bildirmək istəyir ki, Cavabdeh aliment ödəməkdən boyun qaçırmır, belə bir fakt onda müəyyən edilməmiş, həmçinin o, işlədiyi yer üzrə rəhbərlik tərəfindən müsbət xasiyyətləndirlir. Bu isə bir daha onu sübut edir ki, Cavabdeh valideyn olaraq borcunu yerinə yetirir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Beləliklə, yuxarıda göstərdikləri səbəblərə və əsaslara görə hesab edir ki, iddiaçı tərəfindən “aliment miqdarmm artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən İddiaçı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etbarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflərin birgə nikahlarından olan uşaqlarının saxlanması üçün 2018-ci ildə hər bir uşağa 120 manat məbləğində aliment müəyəyn edilmişdir. Həmin vaxtdan etibarən beş dəfə, hər il uşaqlarını yaşayış minimumu məbləği artsa da, iddiaçı alimentin məbləğinin artırılması ilə əlaqədar heç vaxt məhkəməyə müraciət etməyib. Uşaqlarını artan tələbatını müəyyən edilmiş alimentlə ödəmək mümkün deyil. Hesab edir ki, uşaqların mənafeyi nəzərə alınmalı və uşaqların normal böyüməsi üçün alimentin məbləği artırılmalıdır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. O da uşaqlarının yaxşı yaşamasını istəyir. Lakin hesab edir ki, onun xəstəliyi və maddi vəziyyəti nəzərə alınmalı və buna uyğun aliment müəyyən edilməlidir. O, mediasiya prosesində iddiaçıya alimentin ümumi məbləğinin təxminən 80- 100 manat artırılmasına razı olduğunu bildirmişdir. Lakin iddiaçı tərəf bununla qəti razılaşmamışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İİ 369464 saylı və AZ-İİ 903012 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan AZ-İ 376593 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 177 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 486 nömrə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsində qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçıyanında qalması və xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi iki uşağa görə 240 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 5913 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2021, xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərdə Həkim-nevropatoloq Namidar Aydınovun qəbulunda olmuşdur. Müayinə zamanı pasientə “Parkinson xəstəliyi” diaqnozu qoyulmuşdur. Pasient bu diaqnoz ilə müalicə alır və daim parkinson əleyhinə (madopar,azilekt) dərmanları qəbul etməyə məcburdur. İşdə olan 31 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2009-cu il tarixdən bugunədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Mülki Müdafiə Qərargahı rəisi vəifəsində işləyir, 584 manat əmək haqqı alır. Əmək haqqından müvafiq tutulmalar və aliment tutulmasından sonrakı alınacaq məbləğ 249.36 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, 02-25/4 saylı arayışdan görünür, İddiaçı xx.xx.1996cı il tarixdən SDU-nin İnformasiya Texnologiyalar Mərkəzində operator işləyir və 500 manat əmək haqqı alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək haqqının məbləğini və xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1149/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5600/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5600/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver