Məhkəmə qərarları › İş №2(060)-5624/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5624/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5624/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 8300 manat məbləğində pulun və 103 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərdən Sumqayıt şəhəri avtomaşın bazarından kredit ilə 12 ay müddətə ödəmək şərtilə avtomaşın almışdır. Alarkən cavabdehlərə ilk öncə 5500 manat pul vermişdir. Eləcə də avtomaşını cavabdehlərin adına rəsmiləşdirmək ücün 500 manat pul xərcəlmişdir. O, avtomaşını idarə edərək cavabdehlərə 1300 manat pul ödəmiş və bildirmişdir ki, vəziyyəti pis olduğundan avtomaşının kreditin bir müddət verə bilməyəcəkdir. Cavabdehlər ona bildirmişdilər ki, “avtomaşının pulun verə bilmirsənsə hazır avtomaşın istəyən var, sataq verdiyin 8300 manatı sənə qaytaraq”. O, cavabdehlərlə razılaşmış, dəfələrlə cavabdehlərdən pulunu istəsə də cavabdehlər ona bildirmişlər ki, krediti gecikdirdiyinə görə verdiyi 8300 manat pulu verməyəcəklər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, bibisi oğlu özünə məxsus avtomaşını satmaq niyyətində olmuş, o da həmin avtomaşını almaq istəmiş və bu məqsədlə bibisi oğluna 6500 manat ödəmiş, qalan məbləği isə Namiq ödəyərək avtomaşını almış və kreditlə ona satmışdır. O, Namiqə 3 ay kredit ödənişi etmiş, lakin sonra vəziyyəti pis olduğu üçün ödəyə bilməmişdir. O, Qızılgül və Vüsaləyə pul verməyib, lakin onlar Namiqlə birlikdə işlədiklərindən onları cavabdeh qismində cəlb etmişdir. Hazırda avtomaşın cavabdehlərdə olduğu üçün bu iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddiaçı qohumu ilə birlikdə onun işlədiyi avtosalona müraciət edərək "Mercedes" markalı avtomaşını satmaq istədiklərini bildirmişlər. Bundan sonra onlar həmin avtomobili Qızılgül adlı tanışları olan xanımın adına dövlət qeydiyyatından keçirmişlər. Alqı-satqıdan sonra Oktay onlardan həmin avtomobilin ona kreditlə satılmasını istəmiş, iddiaçı ilə müqavilə bağlanaraq avtomaşın onun istifadəsinə verilmişdir. Lakin iddiaçı müqavilə şərtlərinə əməl etməmiş, cəmi bir ay ödəniş etmiş, daha sonra aylıq kredit ödənişlərini ödəməmişdir. Bu səbəbdən də avtomobil ondan geri alınmışdır. Halhazırda iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsinin səbəbini bilmir və iddianı əsassız hesab edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh2 tərəfindən “Tofaş Doğan” minik markalı avtomaşın Cavabdeh3 etibar edilmişdir. “Satıcı” Cavabdeh1 və “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, buraxılış ili 1998-ci il olan ** KE *** dövlət nömrə nişanlı, “Mercedes Benz 240” markalı avtomobili Cavabdeh1 12 aylıq kreditə görürür və kredit haqqı hər ay 825 manatdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, avtombilin müqavilədə nəzərdə tutulan ümumi məblıği 9900 manatdır. Müqavilənin 4-cü bəndinə əsasən alıcı icarə haqqını 3 gün gecikdirərsə, avtomobilin satıcıya qaytarılması üçün qərar verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar