Məhkəmə qərarları › İş №2(060)-5655/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5655/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5655/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburuz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1012/2014 saylı 27 mart 2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən 28 yanvar 2006-cı il təvəllüdlü X8 və 04 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək Cavabdeh hər ay uşağa görə 220 (iki yüz iyirmi ) manat sabit pul məbləğində alimentin, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 19 sentyabr 2004-cü il təvəllüdlü X6, 28 yanvar 2006-cı il təvəllüdlü X8 və 04 fevral 2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 04 iyul 2013-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur, lakin boşanma zamanı məhkəmə uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması məsələsinə baxmamışdır. Sonradan Sumqayıt Şəhər Məhkəməsinə cavabdehin uşaqların maddi tələbatlarını ödəmək iqtidarında olduğu səbəbilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1012/2014 sayh 27 mart 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq 19 sentyabr 2004-cü il təvəllüdlü X6, 28 yanvar 2006-cı il təvəllüdlü X8 və 04 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi hər ay cavabdehdən hər uşağa görə 103 (yüz üç) manat olmaqla, cəmi 309 (üç yüz doqquz) manat sabit pul məbləğində aliment tutulmasını onun xeyrinə qət etmişdir. Bildirmək istəyir ki, artıq 11 ildir ki 309 (üç yüz doqquz) manat aliment atası tərəfindən ödənilir. Lakin qeyd olunan məbləğ uşaqların tələbatlarını ödəmək üçün kifayət etmir, həmçinin cavabdeh maddi imkanı olduğu halda heç bir köməklik və ya qayğı göstərmir. İmkanı olduğu halda bir dəfə belə uşağa nə hədiyyə, nə də ki əlavə köməklik göstərməyib. Artıq neçə ildir ki uşaqlarını tək başına saxlayır. Göstərilən məbləğ uşaqların ehtiyaclarını ödəyə bilmir. Belə ki, uşaqlar təhsil alır, onların yol xərcləri, hazırlıq kurslarının ödənişləri, geyim və s. xərclərini bu pulla qarşılamaq olmur. Cavabdeh isə imkanı olduğu halda onlara köməklik etmir, halbuki uşaqlar onların övladıdır və hər ikisi də eyni məsuliyyət daşıyırlar. Dövlət də bunu nəzərə alaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu dəyişmiş, alimentin məbləğini 2023-cü il üçün 220 manat məbləğində müəyyən etmişdir. Həmçinin qeyd etmək istəyir ki, 19 sentyabr 2004-cü il təvəllüdlü Xasi Ayçiçək yetkinlik yaşına çatdığı üçün cavabdeh onun üçün aliment ödəməyəcək. Onlarda olan məlumata görə cavabdehin digər gəlirləri var və maddi vəziyyəti alimentin artırılmasına imkan verir. Qeyd olunan məsələlərin məhkəmədənkar qaydada mediasiya sesiyasında nizama salınması üçün tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmişdir. 30 mart 2023-cü il tarixdə NoMŞS/MT030/2023~00537 arayışa əsasən Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, “ alimentin arırılması tələbi” barədə mübahisə üzrə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, uşaqların saxlanması üçün 103 manat aliment müəyyən edilib, lakin həmin alimentlə uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə alimentin məbləğinin artırılmasını istəyir. Qeyd edir ki, cavabdeh allimenti vaxtında ödəmir. Hazırda onun 1800 manat aliment borcu var. Halbuki iddiaçının maddi vəziyyəti yaxşıdır, rəsmi iş yeri, obyekti və villası var, zərgərliklə məşğuldur. Bundan başqa musiqiçi kimi də fəaliyyət göstərir. Cavabdeh yalnız məhkəməyə müraciət etdikdən sonra aliment ödəməyə başlamışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırda ailəlidir, daha iki övladı var. Hazırda alimentin artırılmasına etiraz etmir, lakin məbləğ müəyyən edilərkənə onun maddi vəziyyəti də nəzərə alınmalıdır. Hazırda 300 manat əmək haqqı alır. İşlədiyi şirkət qiymətləndirmə şirkətidir, yalnız iş olduğu təqdirdə əlavə qazancı ola bilər. Cavabdeh qeyd edilənlərə əsasən qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1012/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay bir uşağa 103 (yüz üç) manat olmaqla, cəmi 309 (üç yüz doqquz ) manat sabit pul məbləğində alimentin alınıb 19 sentyabr 2004-cü il təvəllüdlü X2, 28 yanvar 2006-cı il təvəllüdlü X5 və 04 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X3 verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir və 300 manat əmək haqqı alır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş verdi məlumatlarından görünür ki, Cavabdeh digər qruplara daxil edilməyən sair qeyri-ərzaq məmulatların pərakəndə satışı fəaliyyəti ilə əlaqədar ********** saylı VÖEN-ə sahibdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)- 1012/2014 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəfələrlə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh hazırda başqa şəxslə nikaha daxil olmuşdur və himayəsində daha iki yetkinlik yaşına çatmayan uşağı vardır. Lakin məhkəmə uşaqların artan tələbatlarını, yaşayış minimumunu, cavabdehin VÖEN-ə sahib olmaqla əlavə qazancının olduğunu, eyni zamanda alimentin məbləğinin artırılması nəzərdə tutulan uşaqlardan birinin qətnamə qanuni qüvvəsini aldıqdan 2 ay sonra yetkinlik yaşına çatacağını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)- 1012/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 206 manatdan 440 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2808 ((440-206) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 48.08 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflərin hər ikisi mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (50 manat) ödənilməli olan dövlət rüsumundan (48,08 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı (25 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1012/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 28 yanvar 2006-cı il təvəllüdlü X8 və 04 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar