Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5676/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Rəsmi nikahdan iki uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, uşaqların onun himayəsində saxlanılması və uşaqların saxlanması üçün 170 manat aliment tutulması qət edilmişdir. İlk əvvəl məhkəmə cavabdehə 170 manat aliment təyin etmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayəti verərək karantin dövrü olduğu üçün həmin alimenti verməyə imkanı olmadığını əsas gətirərək alimentin miqdarını azaltmağı xahiş etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2293/2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı azaldılaraq hər uşağa 130 manat müəyyən edilmişdir. Hazırda həmin vaxtdan üç il keçmiş, karantin rejimi ləğv edilmiş və cavabdeh öz musiqi fəaliyyətini davam etdirir. Eləcə də bu illər ərzində Respublikada hər il uşaqların minimum xərcləri artırılmış, uşaqlar böyümüş, onların təhsil, geyim, ərzaq xərcləri dəfələrlə artmışdır. Amma cavabdeh bunları nəzərə almayaraq hələ də üç il bundan əvvəl pandemiya şərtləri nəzərə alınmaqla təyin edilmiş az miqdarda alimenti ödəyir. Ona görə də alimentin miqdarı bütün şərtlər nəzərə alınaraq artırılmalıdır. O bu barədə cavabdehə mediasiya təklifi göndərmişdir. Bir cavab olmadığı üçün mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesi təyin edilmiş, aliment barədə razılığa gəlmədikləri üçün arayış tərtib edilmiş, mediasiya xərci olaraq 50 manat onun tərəfindən ödənilmişdir. Cavabdeh “Azərbaycan Ritm Qrupu”-nun bədii rəhbəri olmaqla böyük miqdarda gəlirlər əldə edir. Eləcə də toy mərasimlərində iştirak edərək hər toydan 3000-4000 manat əldə edir. Qrup rəhbəri kimi həmin puldan ***-**** manat gəlir qalır. Hətta Rusiya Federasiyasında toylara gedərkən daha artıq gəlir əldə edir. Cavabdeh sabit gəlirli işdə işləsə idi, gəlirinin 2/3 hissəsini aliment verməli idi. Amma gəliri stabil olmadığı, rəsmi əmək haqqı olmadığı üçün ondan tutulacaq sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən onun bu gəlirləri nəzərə alınmalıdır. Ona görə də belə hesab edir ki, onun gündəlik gəlirləri nəzərə alınaraq cavabdehdən hər uşağa görə 500 manat olmaqla, iki uşağa görə cəmi 1000 manat aliment tutularaq uşaqların saxlanması üçün ona verilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2293/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq, Cavabdeh hər ay hər uşağa görə 500 manat, cəmi 1000 manat sabit pul məbləğində aliment tutularaq, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün ona verilməsi, eləcə də mediasiya xərci olan 50 manatın da cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi tərtib edilərkən bəzi natamamlıqlara (nikah və boşanma tarixlərinin göstərilməməsi, “xahiş etdi” hissəsində cavabdehin adının qeyd edilməməsi) yol verilmişdir. Ona görə də məhkəmədən bu düzəlişlərlə yenidən tərtib edilmiş iddia ərizəsinin qəbul edilməsini xahiş etmişdir. 20 sentyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Nağara ifaçısıdır. 2020-ci ildə məhkəmə qətnaməsi ilə 340 manat aliment kəsilmişdir. Aylıq 713 manat maaş alır. Sumqayıt Musiqi Kollecində müəllim işləyir. Yenidən ailə qurmuşdur. Hazırda yeni ailəsindən övladı yoxdur. Maaşından əlavə qazancı yoxdur. Əlavə toylara getməklə pul qazana bilər. O isə toyun olub-olmamasına bağlıdır. İddiaçı ilə razılaşmışlar ki, aylıq 350 manat aliment versin. İndi isə onu məhkəməyə vermişdir. Uşaqlara geyim alır, yardım göstərir. Qızına görə breket üçün 5000 manata kimi pul ödəmişdir. Bir ildir ki, ailə qurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, alimentin artırılmasını xahiş edir. Cavabdeh əlavə yardım etməmişdir. Yalnız uşağın dişini düzəltdirmişdir. Boşandıqda heç nə istəməmişdir. Cavabdehin hər cürə imkanı vardır. Evlilik zamanı yığdığı pula ev almış, daha sonra başqa qadını həmin evə gətirmişdir. Lakin onlar kirayədə yaşayırlar. Cavabdeh qrup rəhbəridir. Üç-dörd tanınmış müğənni ilə işləyir. Onun uşaqlarının tələbatı artır. Hazırlığa qoya bilmir. Cavabdeh nikahını dekabr ayında rəsmiləşdirmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh aylıq 870.38 manat əmək haqqı alır. 16 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01608 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 392677 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 22 dekabr 2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin oktyabr ayının 05-ci günündə 510 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Mehtiyeva soyadı verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2293/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(060)-1808/2020 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişikliyin edilməsi, Cavabdeh 06 fevral 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X2 verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş “AQS medical center” tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, Əliyeva Zəhra üçün xx.xx.2021-xx.xx.2022-ci il tarix aralıqları üçün 1727 manat, xx.xx.2022-xx.xx.2023-cü il tarix aralıqları üçün 248.90 manat, ümumillikdə 1975.90 manat vəsait ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən müəyyən olunur ki, iddiaçının hesabına 1618 manat məbləğdə vəsait yüklənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 130 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət etməklə, onların normal inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, cavabdehdən iki uşaq üçün tələb olunan 1000 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2020-ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini (cavabdehin gəlirlərini), 870.38 manat məbləğində əmək haqqının olmasını, əlavə gəlirlərinin olmaması iş materiallarında olan sübutlar əsasında təsdiq olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 2293/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumillikdə 440 sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2293/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, ümumillikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5676/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5676/2023
13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver