Məhkəmə qərarları › İş №2(060)-5680/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5680/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5680/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin və 25 manat mediasiya xərcinin əvəzi tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, İddiaçı Firudin qızı Cavabdeh ilə xx.xx.2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qursa da, nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X11 adlı 3 uşaqları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmışdır. Aralarında ər-arvad münasibəti qalmamışdır. Bu səbəbdən də 2020-ci il tarixdə o, “nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və aliment” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan nikahın pozulması, birgə nikahlarından olan hər 3 uşağın onun yanında saxlanılması və onların saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 510 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin gedişatında o, iddia həcmini azaldaraq cavabdehlə olan nikahlarının vaxt verilmədən pozulmasını, birgə nikahlarından olan uşaqlardan xx.xx.2005-ci il təvəllüdlü X9, 21,03.2006-cı il təvəllüdlü X4 onun yanında saxlanılmasını və hər iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 75 manat olmaqla, ümumilikdə 150 manat alimentin Cavabdeh tutularaq ona verilməsi, xx.xx.2009cu il təvəllüdlü X5 isə cavabdehin yanında saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə aralarında nikah qeydi pozulmuş, birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 onun, xx.xx.2009-cu il təvəllüdlü X5 isə atası Cavabdeh yanında qalması, 09 iyul 2020-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, cavabdehin yanında saxlanılmış xx.xx.2009-cu il təvəllüdlü X11 da hal-hazırda onunla birlikdə yaşayır, onun da onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Nəzərə çatdırmaq istəyir ki, övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, bazar qiymətlərinin qalxması, uşaqlarının böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün iki uşağa 150 manat aliment kifayət etmir. Qeyd olunan məsələlərin məhkəmədənkar qaydada mediasiya seansında nizama salınması üçün tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmiş, cavabdeh məktubuna cavab vermədiyi üçün tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və o ilkin mediasiya seansında da iştirak etməkdən imtina etdiyi üçün bu barədə ona arayış verilmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzər alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin və 25 manat mediasiya xərcinin əvəzi tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək etirazını onunla əsaslandırdı ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onların nikahlarına xitam verilmiş və birgə nikahdan anadan olmuş X6 və X4 anaları-İddiaçı yanında qalması və uşaqların həddi- buluğa çatanadək saxlanması üçün ondan hər ay 75 manat olmaqla, cəmi 150 manat alimentin tutulması qət edilmişdir. Birgə nikahdan doğulmuş 2009-cu il təvəllüdlü X5 onun yanında qalması həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək hər 2 uşaq üçün cəmi 400 (bir uşağa görə 200 manat) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bildirir ki, o, "xxxx" ASC-də çilingər peşəsində işləyir. Aylıq əmək haqqının məbləği 400 (dörd yüz) manat təşkil edir. Ailəlidir. 18 yanvar 2022-ci ildə Yunusova (Abdullayeva) Sevinc Abdulla qızı ilə nikaha girmişdir. Hal- hazırda həyat yoldaşı 9 həftəlik hamilədir. Onun digər bir yerdən qazancı yoxdur. Nikahlarına xitam verildikdən sonra onun maddi vəziyyətinin yaxşılaşması istiqamətində hər hansı bir dəyişiklik olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, alimentin məbləği onun aldığı əmək haqqına əsasən müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, iddia qismən təmin edilərək, aliment məbləği faktiki aldığı əmək haqqına uyğun olaraq tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ № 909121 saylı, xx.xx.2007-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 862 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 909122 saylı, xx.xx.2007-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 863 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı Firudin qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə bağlanmış, 2036 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər anası İddiaçı Firudin qızının yanında qalmaları, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər atası Cavabdeh yanında qalması və 09 iyul 2020-ci il tarixdən etibarən xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 75 manat, ümumilikdə 150 manat aliment Cavabdeh tutularaq İddiaçı Firudin qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 484024 saylı, xx.xx.2022-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 18 yanvar 2022-ci il tarixdə bağlanmış və 241 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Yunusova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, “Vətəndaşın iş yeri haqqında arayış”ın surətindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində satışa hazırlıq üzrə çilingər vəzifəsində çalışır və 400 (dörd yüz) manat məbləğində aylıq əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 5 saylı Mediasiya Təşkilatı mediasiya şurası tərəfindən təyin edilmiş mediatoru X3 xx.xx.2022-ci il tarixinə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 19 fevral 2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2020 saylı iş üzrə qəbul etdiyi 14 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19 fevral 2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19 fevral 2005-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 (iyirmi beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar