Məhkəmə qərarları › İş №2(060)-5694/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5694/2025

18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5694/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən vurulmuş 1677,7 manat məbləğində zərərin tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh şəxs arasında Cavabdeh (FİN xxxxxxx) xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanılmaqla satış meneceri vəzifəsinə qəbul edilmişdir. Cavabdeh kifayət qədər məsuliyyətli bir vəzifədə işlədiyi üçün onunla tam maddi məsuliyyət müqaviləsi də bağlanılmışdır və həmin müqavilənin surəti iş materiallarına əlavə edilir. İşlədiyi müddət ərzində Cavabdeh yüksək etimad göstərilmişdir və inanılmışdır. Bir sıra müştərilərlə nağd qaydada işlədikləri üçün cavabdeh digər satış menecerləri kimi ərazidə müştərilərdən topladığı vəsaitləri axşam şirkətin kassasına təhvil verirdi. İşçi müxtəlif zamanlarda işə gecikirdi və bu bir neçə dəfə şirkətin əvvəlki rəhbərliyi tərəfindən güzəşt edilmişdir. 2024-cü ilin 01 oktyabr tarixində Cavabdeh işə gəlmədi. Bununla bağlı şirkətin İR mütəxəssisi onunla əlaqə saxlayaraq işə gəlməməyinin səbəbini soruşduqda o, heç bir məlumat vermədi. Bununla əlaqədar işçidən şirkətə gəlib izahat yazması tələb edildi. O, bu tələbə də məhəl qoymadı və ona şirkət rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xəbərdarlıq edildi. xx.xx.2024-cü il tarixdə işçiyə töhmət verilmişdir. Öz intizam pozuntusunu davam etdirən Cavabdeh xx.xx.2024-cü il tarixdə şiddətli töhmət verilmişdir. Nəticə etibarı ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ərazinin təftişi zamanı isə daxili audit tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müəssisəyə təqdim edilməli olan məbləğlər qalmışdır. Yaranmış borc məbləğləri müıştərilər tərəfindən verilmiş lakin cavabdeh tərəfindən şirkətin kassasına mədaxil edilməmişdir. Bu barədə üzləşmə aktı tərtib edilmişdir və Cavabdeh həmin aktı imzalamışdır. Bildirməyi zəruri hesab edir ki, Cavabdeh şirkətə təqdim etməli olduğu qalıq məbləğ 1677,7 manat təşkil edir. Dəfələrlə ona bu pulu gətirib verməsi üçün müraciət edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirir, bir çox hallarda telefonlara cavab vermir və görüşməkdən yayınır. Nəticədə Cavabdehla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə tarixdə xitam verilmişdir. Sonuncu dəfə şirkətin hüquqşünası ilə görüşdüyü zaman ona pulun ödənilməsi üçün hissələrə bölünməklə aylıq ödənişlər şəklində geri ödənilməsi təklif olunmasına baxmayaraq Cavabdeh əsassız səbəblər gətinnəklə bundan imtina etmişdir. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, müştərilərə pulu ödədiklərini bildirsələr də, cavabdeh kassaya vəsait təqdim etməmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi eyni məsələ olmuşdur. Əmək müqaviləsinə xitam verilərkən vurulmuş ziyandan məlumatı olmuşdurlar.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Üzləşmə aktı tərtib olunmamışdır. Müştərilər tərəfindən təqdim olunan bütün vəsaitləri müəssisəyə təqdim etmişdir. Bu zaman ona hər hansı çek verilməmişdir. Təhvil-təslim sənədini audit yoxlaması zamanı əldə etmişdir. Audit yoxlaması zamanı heç bir kəsr aşkar edilməmişdir. 8 ay işlədikdən sonra heç bir əsas göstərmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı Əmək Müfəttişliyinə müraciət etmişdir.

Şahid ifadələri:

5. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sistemdə göstərilmiş borcla müştəri tərəfindən təsdiq edilmiş borc arasında fərq yaranmışdır. Həmin fərq 1677 manat məbləğindədir.

Tədqiq olunan sübutlar:

6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Cavabdeh 31 yanvar 2024-cü il tarixdən satış meneceri vəzifəsinə təyin edilmişdir.

7. Cavabdeh tərəfindən imzalanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, işçi işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür və müqavilədə qeyd edilmiş vəzifələrə əməl etməyə borcludur.

8. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə şifahi xəbərdarlıq olunmasına baxmayaraq işə daimi gecikməyinə görə sonuncu xəbərdarlıq olunmuş, növbəti dəfə qaydalara riayət olunmadığı təqdirdə müdiriyyətin daha ciddi tədbirlərə əl atacağı bildirilmişdir.

9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 110 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh töhmət elan edilməsi əmr edilmişdir.

10. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 114 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Cavabdeh sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi əmr edilmişdir.

11. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 116 saylı əmrindən görünür ki, ”Ofis" bölməsində "Satış üzrə menecer" vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış 2Y2NXİK79014Q0 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi əmr edilmişdir.

12. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. "xxxx" MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 199.1-ci maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

17. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli əmrlə 31 yanvar 2024-cü il tarixdən "xxxx" MMC-nin satış meneceri vəzifəsinə təyin edilmiş, tərəflər arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmış və xx.xx.2024-cü il tarixli, 116 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə istinad edərək işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir.

18. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

19. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir.

20. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).

21. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

22. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.

23. Məhkəmə qeyd edir ki, “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən iddiaçı "xxxx" MMC Cavabdeh üzərinə maddi məsuliyyətdən doğan borc tələbini qoysada iş materialları ilə Cavabdeh belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yeririlə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi üzləşmə aktının tərtib olunduğunu bildirsə də, həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış aktı məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə qeyd edir ki, işçinin əmək münasibətləri prosesində işəgötürənə ziyan vurması lazımi qaydada rəsmiləşdirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

26. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019- cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı dəymiş olan zərər qismində 1677,7 manat məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri

28. Ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da ona aid edilməlidir.

Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı dəymiş olan zərər qismində 1677,7 manat məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar