Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5702/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı Bünyatova (Ağagülova) Aybəniz Dilqəm qızının iştirakı ilə İddiaçı Bünyatova (Ağagülova) Aybəniz Dilqəm qızının Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Bünyatova (Ağagülova) Aybəniz Dilqəm qızı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditə ev almağa kömək etmək məqsədilə ilkin ödəniş olaraq cavabdeh iddiaçıdan 4700 manat pul olan "xxxx" ASC-yə aid kredit kartını 2024-cü ilin aprel ayında götürmüşdür. Daha sonra Şahin həmin pulun yetərli olmadığını, iddiaçını inandıraraq bankdan kredit götürməyə və qızıl- zinət əşyalarını lombarda girov qoymağa vadar etmişdir. Belə ki, bu məqsədlə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Sumqayıt filialından 14000 manat məbləğində kredit götürərək Cavabdeh vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə qızıl-zinət əşyasını girov qoyub götürdüyü 1500 manat pulu Şahinə məxsus kart vasitəsilə ona göndərmişdir. Daha sonra qızıl-zinət əşyalarını xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 34 məhəllədə yerləşən lombarda girov qoyaraq götürdüyü 600 manat pulu nağd şəkildə ona vermişdir. Daha bir gün sonra xx.xx.2025-ci ildə isə digər qızıl üzüyünü həmin lombardda girov qoyaraq götürdüyü 300 manatı cavabdehə məxsus karta göndərmişdir. Ümumilikdə isə ev almaq adı ilə Şahin iddiaçıdan 2024-cü ilin aprel-may ayı ərzində iddiaçının 25000 manat məbləğində pulunu əsassız olaraq ələ keçirmişdir. Aldadıldığını görüb cavabdeh barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılma aparılmış və xx.xx.2025-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Araşdırma zamanı cavabdehin verdiyi izahatından da görünür ki,14000 manat məbləği kredit götürməyinə səbəbkar cavabdeh olmuşdur. Cavabdeh ifadəsində göstərmişdir ki, həmin 14000 manat kredit məbləğini iddiaçı ilə birlikdə götürüb öz məsrəfləri üçün xərcləmişdir. Nəticədə 14000 manatdan savayı həmin kredit faizinə görə də iddiaçıya maddi ziyan vumuşdur. Ümumilikdə iddiaçıdan 16100 manat pul aldığı, pulun hamısının xərclədiyi üçün pulu iddiaçıya qaytara bilmədiyini izahatında bildirmişdir. İddiaçı bankdan kredit götürən dövrdə Sumqayıt şəhəri 1 saylı Yoluxucu Xəstəliklər şöbəsində tibb bacısı işləyirdi. Əmək haqqı 502 manat təşkil edirdi. Cavabdehin təqsiri üzündən "xxxx" ASC Sumqayıt filialından verilmiş 14000 manat məbləğində kreditə görə aylıq ödəniş 430,13 manat olmaqla, ümumilikdə bank qarşısında iddiaçı üçün 25376,74 manat borc öhdəliyinin yaranmışdır. İddiaçı 59 ay, hər ay 430,13 manat ödəmək iqtidarında olmamışdır. Cavabdeh iddiaçını inandırıb krediti öz məsrəfləri üçün götürməyə vadar etmişdir. Beləliklə, cavabdeh iddiaçını aldadaraq öz məsrəflərini qarşılamaq məqsədilə iddiaçını kredit götürməyə vadar etmiş, nəticə etibarı ilə ona verdiyi 14000 manatdan başqa həmin kreditə görə 11376,74 manat faiz ödənişlərinə görə iddiaçıya maddi ziyan dəymişdir. Beləliklə cavabdeh iddiaçının 25000 manat pul vəsaitini əsassız olaraq ələ keçirmiş, həmçinin "xxxx" ASC Sumqayıt filialından kredit götürülmüş 14000 manat məbləğində pulun kredit faizinə görə iddiaçıya 11376,74 manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda, cavabdehin təqsiri üzündən iddiaçının şəxsi həyatı ilə bağlı heç kimin bilmək istəmədiyi məsələlər aşkar olunmuş, hər dəfə hüquq-mühafizə orqanlarına getdikdə iztirab utanc hissi keçirmişdir. Hansı ki, cavabdeh iddiaçı ilə ailə qurmaq məqsədilə münasibət qurduğunu bildirmişdir. İbtidai araşdırma zamanı isə əksinə iddiaçı ilə ciddi münasibət məqsədilə deyil vaxt keçirmək adı ilə tanış olduqlarını bildirmişdir. İddiaçının pulunu ələ keçirməsəydi şəxsi həyatı ilə bağlı məsələr də üzə çıxmazdı və bu qədər iztirab əsəb gərginliyi keçirməzdi. Onun hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Göstərilənlərə əsasən cavabdeh X2 əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaiti olaraq 25000 manat, vurulmuş maddi zərərin əvəzi olaraq 11376,74 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat və iddia üçün ödənilmiş dövlət rüsümuna görə 215 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Bünyatova (Ağagülova) Aybəniz Dilqəm qızı izahat verərək iddia tələbi əsaslı olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları
7. İş materiallarında "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EE003254497 saylı müqaviləyə əsasən bank tərəfindən İddiaçı 59 ay müddətinə, illik 26,9 % ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən ödənişin məbləği (əsas və faiz) 13883,63 manat təşkil edir.
8. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır.
9. Həmin qərardan görünür ki, X3 izahatında göstərmişdir ki, o, 1 ilə yaxındır ki, rəfiqəsi Mehbarənin qardaşı Ağa vasitəsilə Şahini tanımış, o, evli olmadığı üçün qardaşı ilə yaşadığını, Şahinin ona az məbləğ ödəməklə kreditə ev almaqda kömək edə biləcəyini dediyini, bundan sonra bir neçə mənzilə Şahinlə bərabər baxış keçirtdiyini, daha sonra Şahinin ona ilkin ödəniş verməli olduğunu və bu səbəbdən içərisində 4700 manat pul olan "xxxx"a aid kredit kartını Şahinə verdiyini, daha sonra Şahinin həmin pulun yetərli olmadığını dedikdən sonra "xxxx"ndan öz adına 14000 manat pulu kredit götürərək Şahinə verdiyini, həmin pulun 4700 manatını Kapital banka məxsus kredit kartını bağlatdırdığını, sənədləşmə işləri üçün öz qızıllarını lombarda qoyaraq 1500 manat pulu Şahinin 4098 5844 6785 7460 nömrəli bank kartına göndərdiyini, daha sonra yenidən lombarda qızıl qoyaraq 600 manatı Şahinə nağd formada, bundan sonra yenidən 300 manat pulu Şahinin kart hesabına göndərdiyini bildirmişdir. Bundan sonra o, Şahinlə əlaqə saxlayaraq evi nə vaxt verəcəyini soruşduqda, o, həmin pullara avtomobillər aldığını, ona hədə qorxu gəldiyini, pulları tələb edəcəyi və polisə müraciət edəcəyi təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə qorxu gəlmişdir.
10. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, Aybənizi tanışı Ağanın vasitəsilə tanımış, xoşu gəldiyi üçün danışmağa başlamış və bir müddət sonra aralarında sevgi münasibətləri yaranmışdır. O, hər gün Aybənizi öz avtomobili ilə işə aparıb gətirməyə başlamış, 2024-cü ilin mart ayında idarə etdiyi “Toyota Prius” markalı avtomobilinin mühərrikində problem yarandığını, Aybənizin bu məsələdən xəbəri olduqdan sonra ona nə qədər pul lazımdısa verə biləcəyini demiş və özünə məxsus içərisində 4700 manat pul olan Kapital banka aid kredit kartını ona vermiş, o həmin puldan 2200 manatını avtomobilin mühərrikini təmir etdirmiş, bundan sonra Aybəniz öz adına ABB-dan 14000 manat pulu kreditə götürmüş, həmin puldan 5000 maanatını və əlavə 700 manatı Kapital bankda olan kreditləri bağlamış, qalan 7900 manat pulu Aybəniz ona vermiş və o həmin puları Aybənizlə birlikdə istirahətə getdikləri yerdə xərcləmiş, 2024-cü ilin aprel ayında Aybəniz öz qızıllarını lombarda qoyaraq onun avtomobilini təmir etdirməsi üçün 2100 manat pul vermişdir. O Aybənizlə olan münasibətindən ailəsində şübhələndiklərini, buna görə Aybənizlə münasibətlərini kəsmək istədiyini, bu zaman Aybənizin birlikdə xərclədikləri pulları geri istəməyə başladığını, maddi imkanı olmadığı üçün o pulları verə bilmədiyini, daha sonra Aybənizin münasibətləri barəsində onun ailəsinə məlumat verəcəyi ilə hədə qorxu gəldiyini bildirmişdir. O, Aybənizə heç bir hədə qorxu gəlmədiyini, Aybənizə verdiyi pulları birlikdə xərclədiklərini, maddi imkanı olmadığı üçün həmin pulları qaytara bilmədiyini, Aybənizin izahatında qeyd etdiklərinin şər və böhtan olduğunu qeyd etmişdir.
11. Həmin qərardan görünür ki, araşdırma zamanı əlavə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, Aybəniz Ağagülovadan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 16100 manat pul almış, həmin pulun bir hissəsini öz məsrəflərinə, bir hissəsini isə Aybənizlə birlikdə xərcləmişdir. O, Aybənizdən aldığı 16100 manatın hamısını xərclədiyi üçün həmin pulu Aybənizə qaytarmadığını bildirmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Göründüyü kimi borc məbləği 3000 manatdan çox olduğuna görə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
20. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırki iddia tələbinin irəli sürməkdə qismən haqlı olmuşdur.
22. Məhkəmə hesab edir ki, iddia tələbi 16100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.
23. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 16100 manat pul aldığını və borclu olduğunu Sumqayıt şəhər Polis İdarəsinin İŞ-də etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, həmin pulu iddiaçıya geri qaytarmamışdır.
24. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 16100 (on altı min yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
25. Məhkəmə iddia tələbinin “vurulmuş maddi zərərin əvəzi olaraq 11376,74 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
26. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
27. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
28. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
29. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
30. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
31. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
32. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
33. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
34. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
35. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 138,30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
37. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16100 (on altı min yüz) manat məbləğində pul və 138,30 (bir yüz otuz səkkiz manat, otuz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Bünyatova (Ağagülova) Aybəniz Dilqəm qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16100 (on altı min yüz) manat məbləğində pul və 138,30 (bir yüz otuz səkkiz manat, otuz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Bünyatova (Ağagülova) Aybəniz Dilqəm qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva