Məhkəmə qərarları › İş №e-2(007)-320/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-320/2025

29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-320/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, maddi və mənəvi ziyan və s.) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 34 335 (otuz dörd min üç yüz otuz beş) (ƏDV daxil) manat miqdarında iddiaçıya dəymiş maddi zərərin əvəzi tutulmalı, hüquqi yardıma görə ödənilən 2100 (iki min yüz manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, etibarnaməyə görə ödənilən 17 (on yeddi manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu olaraq ödənilmiş 204 (iki yüz dörd) manat tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, evakuasiyaya görə ödənilmiş 95 (doxsan beş manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, toyota Bakı Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına görə ödənilmiş 400 ( dörd yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya “BMW 330İ MİNİK” markalı, ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçının mülkiyyətində olan “Toyota Corolla” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinmiş, barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərardan da göründüyü kimi iddiaçıya məxsus avtomobilə cavabdehin təqsiri ucbatından maddi ziyan dəymişdir. İş materiallarında olan "Toyota Bakı Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, xx.xx.2024-cü ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 34 335 (ƏDV daxil) manat müəyyən edilir. Cavabdeh yüksək sürətlə avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törədərkən avtomobilə ziyan vurmaqla yanaşı törətdiyi qəza nəticəsində avtomobil yararsız hala düşmüş və uzun müddətdir ki, avtomobildən istifadə edə bilməməklə iddiaçının maddi vəziyyəti pisləşmişdir. Tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək avtomobilə dəymiş zərərin ödənilməsi xahiş edilsə də, cavabdeh ödənişi ödəməkdən imtina etmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Qeyd edirəm ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin iddiaçı mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəyib və ona dəymiş mənəvi ziyanı 1000 (min) manat vəsait kimi qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsinə əsasənhazırki iddianın qaldırılması üçün 204 (iki yüz dörd) manat dövlət rüsumu ödənilmişdir. İddia təmin edildikdən sonra həmin rüsumun cavabdehdən tutulmalı olduğu qənaətindədir. İş materialları: Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, **- FE-*** dövlət qeydiyyat nişanlı, Toyota Corolla minik markalı, 2017-ci il buraxılışlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alımışdır. İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı maddi ziyan vurulmaqla, İnzibati Xətalar Məcəlləsində 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Tağıyev X1 Xətalar mMəcəlləsində 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında 598 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin surətindən və xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı adından Kredo Vəkil Bürosuna hüquqi yardım göstərilməsi üçün 2100 manat ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktın surətindən görünür ki, “Toyota Corolla” ağ rəngli minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazıqların aradan qaldırılması üçün 19741,53 manat ehtiyat hissələri, 9355,93 manat xidmət haqqı olmaqla 34335 manat məbləğin tələb edildiyi müəyyən edilmişdir. "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli, ƏİA/6 seriyalı, 543381 və 543242 saylı mədaxil qəbzlərinin surətindən görünür ki, Toyota markalı avtomobilin evakuasiya xidmətləri üçün 95 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli Hesab fakturanın surətindən görünür ki, qiymətləndirmə aktının hazırlanmasına görə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 400 manat ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/1224 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2017-ci il buraxılışlı, mühərrik həcmi 1598 kub metr, “Toyota Corolla” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 24640 manat, likvid dəyəri isə təxminən 22180 manat müəyyən olunmuşdur. Avtomobilin 2024-cü ilin sentyabr ayına satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən, 2017-ci il buraxılışlı, mühərrik həcmi 1598 kub metr “Toyota Corolla” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyat hissələrinin2024-cü ilin sentyabr ayına satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş 2-ci və 3-cü suallara cavab verilməsi mümkün olmamışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-116/2025 saylı rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin həmin günə olan real bazar qiyməti 18540 manat, Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 18840 manat və Təmir xərcinin məbləği 8400 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, ******************** nömrəli kart hesabına 5000 manat vəsait köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 204 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, bu işlə bağlı bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. Avtomobil yararsız hala düşüb deyə dəmir formasında, metal kimi satmışdır. Sığorta tərəfindən 5000 manat məhkəmə prosesi zamanı ödənilmişdir. Toyota Servisdə 29000 manat qiymət müəyyən edilmiş, ƏDV isə 5000 manat olduğuna görə 34000 manat qeyd etmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun avtomobilinə də ziyan dəymiş, düzətmiş satmışdır. Cavabdehə demişdir ki, öz ustası vasitəsi ilə təmir etdirsin, lakin cavabdeh razı olmamışdır. Onun avtomobili 2022-ci ilin avtomomili olduğundan, detalları çox bahadır. Maşının bazar qiyməti 40000-42000 dollardır. X2 22000 manat olar. 0 kilometr isə hazırda 34000 manatdır. Bu qədər xərc tuta bilməz, maksimum 7000-8000 manat təmir xərci olar. Ekspert rəyi ilə razıdır, maşının dəyəri 22000 manat olar. Turbo.az saytında da qiymət elədir. Təmir xərci 7000-8000 manat olar. 5000 manat sığorta tərəfindən ödənilmişdir. O 2000 manat verə bilər, həmin məbləği də ayda 200-300 manat olmaqla verə bilər. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq iddia tələbinin 34335 manat maddi ziyanın cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəməyə təqdim edilmiş qüsur aktında həmin məbləğ göstərilsə də, işin obyektiv və hərtərəfli araşdırılması baxımından dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, məhkəməyə təqdim edilən hər iki ekspert rəyi tədqiq edilmiş və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla, "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspert rəyi əsas götürülmüşdür. "xxxx" MMC tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin həmin günə olan real bazar qiyməti 18540 manat, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 18840 manat və təmir xərcinin məbləği 8400 manat təşkil edir. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş mövcud real ziyanın dəyəri olan 18840 manat və 8400 manat təmir xərci əsas götürülməklə iddiaçıya ümumilikdə 27240 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinin verdiyi izahata, habelə iş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən edilmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın 5000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, avtomobilə dəymiş real zərər, sığorta tərəfindən ödənilmiş 5000 manat məbləğində pul çıxılmaqla, 22240 manat olmaqla cavabdehdən tutulmalıdır. Məkhəmə iddia tələbinin 95 manat evakuasiya xidməti üçün ödənilmiş pulun və qüsur aktının hazırlanması üçün ödənilmiş 400 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 65 manat, 30 manat olmaqla ümumilikdə 95 manat evakuasiya xidməti üçün və 400 manat pulun qüsur aktının hazırlanması üçün ödənilməsi iş materiallarında olan qəbzlər ilə təsdiq edilir. Buna görə də, iddia tələbi həmin hissədə əsaslı sayılaraq, həmin xərclərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində, cavabdehdən tələb olunan məbləğin ağlabatan həddə olmaması səbəbindən qismən təmin edilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olmuş avtomobilə cavabdeh tərəfindən ziyan vurulması, avtomobilin yararsız vəziyyətə düşməsi, uzun çəkən məhkəmə çəkişməsi və.s nəzərə alınmaqla iddiaçı mənəvi sarsıntıya məruz qalmışdır. Belə olan halda cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, onun tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2100 manat, etibarnamə verilməsi üçün ödənilmiş 17 manat, dövlət rüsumu qismində ödənilmiş 204 manat pul vəsaiti də cavabdehdən tutulmalıdır. Bundan başqa məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul cavabdehdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22), məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat pul cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. (VÖEN:**********, bank- "xxxx" ASC-nin Yasamal filialı, bankın VÖEN-i: **********, kodu:512656, SWİFT:AZRT AZ 22, M/h: AZ02NABZ********************; H/h: AZ30AZRT********************) Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Toyoto Corolla” minik markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi qismində 22240 manat, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi qismində 500 manat, hüquqi xidmətə görə ödənilmiş 2100 manat, etibarnaməyə görə ödənilmiş 17 manat, qüsur aktının alınmasına görə ödənilmiş 400 manat, evakuasiya xidmətinə görə ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 204 manat tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul cavabdehdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22), məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat pul cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. (VÖEN:**********, bank-"xxxx" ASC-nin Yasamal filialı, bankın VÖEN-i: **********, kodu:512656, SWİFT:AZRT AZ 22, M/h: AZ02NABZ********************; H/h: AZ30AZRT********************) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Toyoto Corolla” minik markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi qismində 27240 manat, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi qismində 500 manat, hüquqi xidmətə görə ödənilmiş 2100 manat, etibarnaməyə görə ödənilmiş 17 manat, qüsur aktının alınmasına görə ödənilmiş 400 manat, evakuasiya xidmətinə görə ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 204 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, bank-"xxxx" ASC-nin Yasamal filialı, bankın VÖEN-i: **********, kodu:512656, SWİFT:AZRT AZ 22, M/h: AZ02NABZ********************; H/h: AZ30AZRT********************)ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar