Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5716/2020 23.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2889/2010 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 72 manat sabit pul məbləğində alimentin artırılaraq 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə xx xxxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx xxxxxx 2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Zəngilan rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(034)-116/2009 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, rəsmi nikahdan olan xx xxxxxx 2008-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanılması və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 40 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi təyin edilmişdir. Hal-hazırda uşaq onun himayəsindədir, uşağın saxlanılması üçün cavabdeh ona heç bir köməklik göstərmir. Maddi vəziyyəti yaxşı deyil, övladına təkbaşına baxmağa maddi imkanı çatmır. Qeyd edir ki, övladının yaşı artdıqca təlabatı da və xərcləri də artır. Belə ki, övladı məktəbdən kənar fərdi hazırlıqlara və bir sıra idman məşğələlərinə gedir. Bu da bir əlavə xərc tələb edir. Hesab edir ki, övladının gələcəkdə Azərbaycan Respublikasına layiqli vətəndaş olması üçün tək o, yox qarşı tərəf də özündə məsuliyyəti dərk etməli və ona maddi dəstək göstərməlidir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 170 manat müəyyən edilmişdir. Hesab edir ki, xx xxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2-(060)-2889/2010 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 72 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2889/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 72 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2889/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2889/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5716/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5716/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver