Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5732/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8752/2014 saylı, 21.11.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh birgə nikahlarından olan 25.07.2011-ci il təvəllüdlü X5 və 01.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin tutulub, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2010-cu ilin oktyabr ayında faktiki nikah münasibətində olmaqla ailə qurmuş və 22.02.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətimizi rəsmiləşdirmişlər. Birgə nikahdan 25.07.2011-ci il təvəllüdlü X5 və 01.02.2013-cü il təvəllüdlü X4 adlı övladları olmuşdur. Yaşadıqları müddət ərzində ailəni maddi cəhətdən təmin etmədiyinə, ailəsinin və uşaqlarının qayğısına qalmadığına görə cavabdehə qarşı "Aliment və maddi yardım tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3949/2012 saylı, 28.09.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə azyaşlı X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 28.08.2012-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 87.00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra cavabdehə qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8752/2014 saylı, 21.11.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3949/2012 saylı, 28.09.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 25.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün qət edilmiş hər ay sabit pul məbləğində 87 manat miqdarında aliment məbləği dəyişdirilərək 22.10.2014-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 103 manat, ümumilikdə 206 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra onlar barışmış və 25.04.2021-ci il tarixədək birlikdə yaşayıb birgə təsərrüfat aparmışdırlar. Bu müddət ərzində cavabdeh ona aliment ödəməmiş və o, aliment tələb etməmişdir. Lakin, hazırda xasiyyətləri uyğun gəlmədiyinə görə 25.04.2021-ci il tarixdən etibarən yenə də ayrı-ayrılıqda yaşayırlar və uşaqlar onun yanındadır. Cavabdeh yenə də ailəsinə və uşaqlarına qayğı və maddi yardım göstərmir. Bildirir ki, övladlarının tələbatı günü-gündən artır. Övladları artıq böyümüş və onun xərcləri artmışdır. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmədə izahat verərək, bildirdi ki, maddi vəziyyəti ağırdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş məbləğ üzrə alimenti ödəyir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddiaçı izahatını dinləyərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 22.02.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 261 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Cabbarova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 25.07.2011-ci il təvəllüdlü X5 və 01.02.2013-cü il təvəllüdlü X4 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8752/2014 saylı, 21.11.2014-cü il tarixli qətnaməsindən görünür ki, 22.10.2014-cü il tarixdən başlayaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3949/2012 saylı, 28.09.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 25.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün qət edilmiş, hər ay sabit pul məbləğində 87 manat miqdarında aliment məbləği dəyişdirilərək 103 manat müəyyən edilmiş və 01.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində hər ay 103 manat – cəmi iki uşaq üçün 206 manat məbləğində alimentin tutulması qət edilmişdir. - "xxxx" MMC-nin verdiyi 30.06.2021-ci il tarixli, 081/21 №-li arayışdan görünür ki, 01.04.2015-ci il tarixindən "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 525 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2(060)-8752/2014 saylı 21.11.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 25.07.2011-ci il təvəllüdlü X5 və 01.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 103 manat, ümumilikdə 206 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda iddiaçı aliment məbləğinin artırılaraq hər ay hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin ödənilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 525 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8752/2014 saylı, 21.11.2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, tərəflərin rəsmi nikahda olmaları, faktiki ayrı yaşamaları, rəsmi nikahdan 2 uşağının olması və yetkinlik yaşına çatmamış uşaqlarının anasının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, 25.07.2011-ci il təvəllüdlü X2 və 01.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8752/2014 saylı, 21.11.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulub 25.07.2011-ci il təvəllüdlü X2 və 01.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8752/2014 saylı, 21.11.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulub 25.07.2011-ci il təvəllüdlü X2 və 01.02.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5732/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5732/2021
01.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver