Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5760/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1913/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və xx.xx.2014-cü il təvəllüdlü qızları X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1913/2020 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş və alimentin dəyişdirilməsi tələbinə dair iddia qismən təmin edilərək birgə nikahdan olan qızları xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Qətnamədən sonra ölkə üzrə 1 uşağın saxlanılması minimumunda bir neçə dəfə artımlar olmuş və məhkəmənin qət etdiyi məbləğ uşağın maddi tələbatlarını ödəmir. Cavabdeh bir valideyn kimi uşaqların maddi xərclərinin və tələblərinin ödənilməsində iştirak etməlidir. İddiaçının nümayəndəsi, anası Nümayəndə məhkəmə iclasında bildirdi ki, təyin edilmiş aliment azyaşlıların ehtiyaclarını ödəmir. İddiaçı işləmir. Cavabdehin iş yeri, gəlirləri barədə məlumat yoxdur. Həmçinin cavabdehin yeni nikaha daxil olması barədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında xidməti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1989-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1913/2020 saylı qətnaməsi ilə cavabdehlə iddiaçı arasında 28 fevral 2019-cu il tarixdə bağlanmış 548 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X1 iddiaçının yanında qalması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 8541/2015 saylı məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən hər ay 250 manat alimentin tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəməyə maddi imkanın olmasını sübut edə bilməmişdir. Məhkəmə tərəflərin qazancını, əmlak vəziyyətini və yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1913/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2023-cü il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1913/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5760/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5760/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver