Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5766/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.400 manat əsas, 1530 manat vurulmuş ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətə görə vəkilə ödənilən 1.000 manat məbləğində vəsait olmaqla, ümumilikdə 22.960 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X3 dəqiqləşmə verərək, cavabdehdən 20.400 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2 il öncə, Sumqayıt şəhəri, X8 Mərkəzinin 6-cı mərtəbəsində yerləşən (icarəyə götürdükləri) ofisin yanındakı qonşu ofisi icarəyə götürən (təmizlik vasitələrinin satışı ilə məşğul olan) Cavabdeh ilə tanış olmuşdur. O həmin şəxslə hər-gün rastlaşır, ara-sıra görüşərək yeni biznes planlar barədə müzakirələr aparmış, hətta o, bəzi işlərdə (online satış platformasının hazırlanması və sair işlərlə bağlı) ona təmənnasız köməklik göstərmişdir. Uzun illər davam edən bu münasibət nəticəsində aralarında biri-birilərinə qarşı böyük inam yaranmışdı. Təxminən 2020-ci ilin yanvar ayında o,"xxxx" MMC-nin xüsüsi mülkiyyətində olan “Land Rover” markalı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir və Cavabdeh də, bundan xəbər tutmuşdur. Bir müddət sonra isə Cavabdeh onun yanına gələrək bildirdi ki, onun kiməsə borcu var, əgər yaxşılıq edib həmin borc müqabilində sözügedən nəqliyyat vasitəsini onun borclu olduğu şəxsə versə ona ömür boyu minnətdar olacaq, həmçinin o aralarında olan səmimi dostluq münasibətinə və şərəfinə and içərək bildirdi ki, müəssisəyə məxsus nəqliyyat vasitəsinin dəyərini, yəni 20.400 manat pulu l (bir) ay ərzində qaytaracaqdır. O, aralarında olan dostluq münasibətinə görə ona inanaraq, dar gündə insanlıq borcunu yerinə yetirərək həmin şəxsin səmimiyyətinə və sözünə inanıb 20.400 manat dəyərində olan sözügedən nəqliyyat vasitəsini 2020-ci ilin fevral ayında onun dediyi şəxsin adına rəsmiləşdirmişlər. Lakin deyilən vaxtdan 1 ay ötsə də, Cavabdeh qeyd olunan məbləği ona ödəməmiş və artıq 17 aydır ki, müxətlif variantlara, yalanlara və pis yollara əl ataraq onu aldadır və pulu ödəmir. Həmin şəxsin dələduzluq niyyəti ilə onu aldatdığına əmin olduqda o, şikayət ərizəsi ilə polisə müraciət etmiş və Sumqayıt ŞPİ-si TŞ-nin baş təhqiqtaçısı polis kapitanı Elsevər Quliyevin qəbul etdiyi 26 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, Cavabdeh, guya dələduzluq niyyəti olmadan bu əməli törətdiyini etiraf etmişdir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 26 sentyabr 2020-ci il tarixli Sumqayıt ŞPİ-si TŞ-nin baş təhqiqtaçısı polis kapitanı Elsevər Quliyevin qərarından görünür ki, iddiaçı X2 şikayəti mülki xarakterli olduğundan bununla bağlı olaraq iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan görünür ki, cavabdeh verdiyi izahatında göstərmişdir ki, şirkətlərdən birinə borcu yarandığından iddiaçıya məxsus “Land Rover” markalı, 20.400 manat dəyərindəki avtomobili sonuncuya bu məbləği bir ay müddətinə verəcəyi şərtilə həmin müəssisəyə verib müvafiq sənədləşmə aparmışlar. Sonra isə avtomaşının dəyərini iddiaçıya ödəmək imkanı olmamışdır. Lakin yaxın günlərdə borcunu qaytaracaqdır. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X7 Türkiyə Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıya məxsus “Land Rover” markalı, 20.400 manat dəyərindəki avtomobilin, həmin məbləği bir ay müddətində özü ödəmək şərtilə borclu olduğu şirkətə verilməsi barədə iddiaçı ilə razılığa gəlmişlər. Avtomobil cavabdehin kreditoruna verildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh pulu ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına yararlanaraq əmlak əldə etmişdir. Başqa sözlə, cavabdeh hüquqi əsas olmadan iddiaçının əmlakı-avtomobili hesabına öz borcunun ödənilməsini təmin etmişdir. Belə ki, cavabdehin varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 20.400 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X4 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 20.400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5766/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5766/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver