Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5766/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2550 manat məbləğində əsas borcun və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə onunla bir məktəbdə, Sumqayıt şəhəri, 23 saylı tam orta məktəbində işləyən Esmira ona “Whatsapp” vasitəsi ilə yazaraq demişdir ki, həyat yoldaşı Elgün “Tap.az” saytında öz noutbukunu satışa qoymuş, cavabdehdən həmin noutbuku almaq istəyən şəxs pulu online qaydada göndərmək üçün Elgünün kartında ən azı 80 manat olmasının lazım olduğunu, lakin Elgünün kartında pul olmadığını bildirərək ondan xahiş etmişdir ki, onun pul olan kartının nömrəsinin şəklini göndərsin. O da cavabdehə inanaraq içərisində 4038 manat pulu olan «Birkart» nömrəsinin şəklini cavabdehə göndərmiş, bundan sonra ona məxsus nömrəyə bir neçə dəfə təsdiq kodu gələrək 1769 manat, 700 manat, 125 və 10 manat məbləğində pullar xx.xx.2021-ci il tarixdə silinmişdir ki, ümumi məbləğ də 2605 manat pul təşkil edir. O artıq bu əməliyyatlardan şübhələnərək 196 qaynar xəttinə zəng vurmuş və kart bloklanmışdır. Buna səbəb cavabdehin onun kart məlumatlarını bütünlüklə həmin naməlum şəxsə göndərməsi olmuşdur. O bunu bildikdən sonra bu qanunsuzluq barədə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə şikayət etmiş və araşdırma zamanı cavabdeh ona bildirmişdir ki, həmin pulun silinməsi cavabdehin təqsiri üzündən baş vermiş və buna görə də həmin ziyanı qarşılayacaqdır. Lakin, cavabdeh bu puldan cəmi 55 manat ödəniş etmiş və cavabdehin ona hazırki vaxta borcu 2550 manat təşkil edir ki, həmin pulu da cavabdehdən tələb edir. Onun həyat yoldaşı vəfat etmiş və bu vəsait 2 azyaşlı uşağı olan ana üçün böyük məbləğdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Eyni zamanda cavabdehin onun üçün bazarlıq etmədiyini, belə halın baş vermədiyin bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, 1200 manat həcmində qəbul etdiyini bildirərək ərizə təqdim etdi. Bundan əlavə qalan məbləğ dəyərində iddiaçıya bazarlıqlar etdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Elgün adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, maddi vəziyyəti ilə bağlı özündə olan “Dell” markalı noutbukunu “Tap.az” saytına 320 manata satış elanını yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə “Whatsapp” nömrəsinə bir şəxs noutbuku almaq istədiyini yazmışdır. Həmin şəxs ödəniş etmək üçün ona link göndərmiş, o da həmin linkə daxil olaraq açılan pəncərələri təsdiq etmiş, sonra isə öz “Unibank” kartının məlumatlarını daxil etmişdir ki, pulu həmin karta köçürsünlər, lakin əməliyyat baş tutmamış, bu barədə həmin şəxsə yazmış, həmin şəxs cavabında daxil etdiyi karta ən azı 80 manat olmalıdır ki, əməliyyat, yəni pul köçürülmə prosesi baş tuta bilsin bildirmişdir. O, həmin şəxsə kartında pul olmadığını yazmış, həmin şəxs ona texniki dayaq səhifəsinin şəklini göndərərək başqa kartı olub olmadığını soruşmuşdur. Həmin vaxtı ağlına gəlmişdir ki, ailəvi dostu olan İddiaçı zəng edərək birkartının şəklini ona göndərməsini xahiş etsin. X1 bu barədə yazmış, Həyat etiraz etməmiş və öz birkartının şəklini onun nömrəsinə göndərmişdir. O,da Həyatın birkart məlumatlarını həmin şəxsin ona göndərdiyi linkə daxil etsə də alınmamış, xəta-rədd edildi yazısı yazılmış, o, bu barədə həmin şəxsə yazmış, həmin şəxs ona cavabında gözləməyini, pulun dondurulduğunu, göndərdiyi linkə yeni kodun göndəriləcəyini yazmış və onun da tez təsdiqləməyini bildirmişdir. Belə ki, o, yuxarıda göstərilən prosesi hər dəfə təkrarladıqca Həyat özünün mobil nömrəsinə gələn kodları ona göndərirmiş, o, da həmin kodları linkə daxil edirmiş, lakin alınmırmış. Təxminən bir neçə dəqiqədən sonra Həyat ona yazaraq birkartın balansından hissə-hissə pulların çıxdığını bildirərək ona bu barədə gələn sms-lərin şəkillərini atmışdır. Həmin şəxsə nə baş verdiyini yazanda eyni cavabları ona yazırmış, həmin vaxtı şübhələnmişdir ki, bu tələdir, bu barədə polisə şikayət edəcəyini yazmış, həmin şəxs onu bloka atmışdır. Qaynar xəttlə əlaqə saxlayandan sonra onlara məlum olmuşdur ki, həmin tanımadığı şəxs onun etibarından istifadə edərək hissə-hissə ümumilikdə 2598 manat pullarını ələ keçirmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddianı qismən, 1200 manat həcmində qəbul edir. - "xxxx" ASC-nin müştəri İddiaçı ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə Kiyev şəhərində 1769.48 manat, Moskva şəhərində isə 700.33; 125.39 və 10.50 manat məbləğlərində pul köçürmə əməliyyatı icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının bank kartından istifadə etməklə əşya satmaq istədikdə, digər şəxs – alıcı, həmin kartın balansından 2605 manat pul çıxarmışdır. Sonra isə cavabdeh bu puldan 55 manat iddiaçıya qaytarmışdır. Cavabdeh iddianı 1200 manat hissədə qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, bu nəticəyə gəlir ki, tərəflər arasında müqavilə olmadığından, eləcə də cavabdeh iddiaçının hesabına əmlak əldə etmədiyindən, varlanmadığından iddianın hüquqi əsası deliktdir. Belə ki, öhdəlik zərər vurulması nəticəsində əmələ gəlmişdir. Odur ki, iddianın qanuni əsası qismində Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Qanunvericilik, delikt öhdəliyinin ziyan vuranın varlanıb-varlanmamasından asılı olmayaraq yaranmasını müəyyən etdiyi halda, əsassız varlanmanın əmələ gəlməsi üçün zərər vuranın varlanmasını zəruri əlamət kimi təsbit etmişdir. Belə ki, cavabdehin iddiaçının bank kartından istifadə etməklə əşya satmaq istədikdə, digər şəxs – alıcının, həmin kartın balansından 2605 manat pul çıxarması, sonra isə cavabdehin bu puldan 55 manat iddiaçıya qaytarması işin mübahisəsiz faktiki hallarıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran obyektiv surətdə hüquqa zidd əməli, habelə dəymiş zərərin məbləğinin 2550 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia əsaslıdır. Belə ki, cavabdeh iddiaçıya məxsus bank kartının məlumatlarını digər şəxsin göndərdiyi linkə daxil etməklə İddiaçı hesabından pul çıxarılmasına, ona ziyan vurulmasına gətirib çıxaran obyektiv surətdə hüquqa zidd əmələ yol vermişdir. Cavabdeh bu hərəkətə yol verərkən iddiaçıya bilavasitə ziyan vurmamış, o cümlədən özü varlanmamışdır. Lakin, başqasına (iddiaçıya) aid maliyyə-hesab məlumatlarını internet resursunda digəri ilə paylaşmaqla, əsassız ehtiyatsızlıq göstərərək hüquqa zidd əməl törətmişdir. Həmçinin bu əməl, məlumatların cavabdehə məxsus olmaması və onların istifadəsi nəticəsində kart sahibinin əmlakının mənimsənilməsi ehtimalını güman etməli olduğu halda, bunun edilməməsi, eləcə də əşyanın satışı zamanı satıcının bank kartında pulun mövcudluğunun qeyri zəruriliyi baxımından obyektiv xarakter daşıyır. Məhkəmə, cavabdehin ziyanın etiraf etmədiyi hissəsinin iddiaçıya xərcləməsi barədə dəlilini işin faktiki halları ilə təsdiqlənmədiyindən və mötəbər sübutlar təqdim edilmədiyindən əsassız hesab edir. Məhkəmə, iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, tələb bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2550 manat pul və ödənilmiş 46 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5766/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5766/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver