Məhkəmə qərarları › İş №2(060)-577/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-577/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-577/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər “Cavabdeh1” QSC və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1” QSC və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh1” QSC ilə bağladığı Kredit və Girov müqaviləsi üzrə nəzərdə tutulan 2985 (iki min doqquz yüz səksən beş) manat pul məbləğinin Cavabdeh2 tərəfindən birdəfəlik ödənilərək ona məxsus qızılların lombarddan çıxarılması, Cavabdeh2 aylıq ödənişi ödəmədiyi üçün məbləğin üzərinə gələn 290(iki yüz doxsan) manat borcun cavabdehdən tutulması, "Cavabdeh1” QSC -nin Gənclik filialında bağlanmış müqaviləyə görə 478(dörd yüz yetmiş səkkiz) manat məbləğində borcun cavabdehdən tutulması və 58 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh2 tərəfindən ona maddi zərər dəymək üzrədir. Odur ki, “maddi zərərin qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O "xxxx" MMC də xadimə vəzifəsində işləyir. Həmin şirkətdə iş yoldaşı Cavabdeh2 ilə yaxın, səmimi münasibətləri olmuşdur. 2020-ci ilin sentyabr ayında Cavabdeh2 əkiz övladı məktəbə getməyə başlamış, pandemiya ucbatından məktəbdə dərslər onlayn qaydada keçirildiyindən Cavabdeh2 ona yaxınlaşıb ağlayaraq uşaqlarına onlayn dərslərə qoşulmaq üçün kompüter almağa pulu olmadığını bildirmişdir. Nəticədə uşaqları dərslərə qoşula bilmədiyindən məktəbdə bütün şagirdlərdən geri qalırlar. Belə deyərək bu vəziyyətdən çıxmaq üçün ondan kömək istəmişdir. Həmin vaxt onun “Cavabdeh1” -bank olmayan kredit təşkilatında girov qızılları olmuşdur. Belə ki, özünün pula ehtiyacı olduğu üçün sözü gedən lombarda qızılları girov qoyub müəyyən məbləğdə kredit götürmüşdür. Cavabdeh2 ondan “Cavabdeh1” QSC ilə bağladığı Kredit və Girov müqaviləsinin müddətini uzatmasını və bunun müqabilində həmin kredit təşkilatından uşaqlarına kompüter almaq üçün kredit götürməsini xahiş etmişdir. Söhbət uşaqların təhsilindən getdiyi üçün o bir ana kimi cavabdehi başa düşmüş və ona kömək etmək istəmişdir. Nəticə etibarı ilə lombardda olan qızıllarının girovluq müddətini uzatmış və onun müqabilində Cavabdeh2 “Cavabdeh1”-bank olmayan kredit təşkilatından 532 (beş yüz otuz iki) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 ilə aralarında olan razılaşmaya əsasən o lombardda olan qızıllarının müddətini o şərtlə uzatmışdır ki, 2021-ci ilin mart ayında bütün borcu ödəyib qızıllarını lombarddan çıxaracaq. Lakin sözü gedən şəxs borcunu ödəyə bilməmiş və qızılları lombarddan çıxarılmamışdır. Cavabdeh2 ilə razılaşmışlar ki, 2021-ci ilin may ayından etibarən lombardda olan qızıllar üçün aylıq faiz dəyərini Cavabdeh2 ödəyəcək. Çünki, girov qızıllar müqabilində götürülən kredit məbləği ona deyil, Cavabdeh2 çatmışdı. Daha sonra Cavabdeh2 öz qızıllarını da sözü gedən lombarda qoyub, onun müqabilində də kredit götürürdü. Lakin faizi vaxtında ödəmədiyi üçün lombard tərəfindən onun qızılları satışa çıxarıldı. Belə olan halda Cavabdeh2 ondan xahiş etmişdir ki, onun da qızıllarını öz adına qeydiyyata alsın əks halda qızılları satılacaq. Onlar Cavabdeh2 məxsus qızılları da öz adına keçirtmişlər ki, həmin qızıllar lombard tərəfindən satışa çıxarılmasın. Cavabdeh2 onunla olan razılaşmaya əməl etməmişdir. Belə ki, may ayından etibarən cavabdeh tərəfindən lombardda olan qızıllar üçün heç bir pul məbləği ödənilməyib. O cavabdehdən razılaşmaya əsasən sözü gedən qızıllar üçün ödəniş etməsini tələb etdikdə ödəyəcəyini desə də, heç bir ödəniş etməmişdir. Qeyd etdiyi kimi, Cavabdeh2 məxsus olan qızıllar da onun adına qeydiyyata alındığı üçün onun lombardda olan qızılları da cavabdehin lombardda olan qızılları ilə birləşdirilib və lombard tərəfindən müvafiq qızıllar üçün bir yerdə ödəniş edilməsi tələbi qoyulub. Hal-hazırda müvafiq qurum tərəfindən lombardda olan qızıllar üçün aylıq faiz dəyərinin ödənilməsi ondan tələb olunur. O isə hal-hazırda işsizdir və o faiz dəyərini ödəməyə maddi imkanı yoxdur. Bəllidir ki, əgər həmin qızıllar üçün aylıq faiz dəyəri bu qədər müddətdə ödənilməsə lombard tərəfindən bütün qızıllar satışa çıxarılacaq və nəticədə o böyük maddi ziyana düşəcək. O bu haqda cavabdehin özünə dəfələrlə bildirsə də, həmin şəxs tərəfindən heç bir tədbir görülməyib. Hal-hazırda cavabdehlə heç bir əlaqə saxlaya bilmir. Cavabdeh zənglərə, nə də mesajlara cavab vermir. Ünvanına getdikdə isə onu tapa bilmir. Açıq-aydın görünür ki, cavabdeh ona olan etimatdan sui-istifadə edərək, dələduzluq edərək onu aldadıb və hal-hazırda böyük maddi zərərə salmaq üzrədir. Onun hərəkətlərindən belə aydın olur ki, cavabdeh ya qızılların satılmasına razıdır, ya da həmin faiz dəyərinin onun tərəfindən ödənilməsini istəyir. Mülkiyyətində olan maddi dəyər kəsb edən yeganə vəsait həmin qızıllardır. Həmin qızıllar müqabilində lombarddan götürdüyü pulu müalicəsinə xərcləyir. Hal-hazırda xəstədir, müalicəsi davam etdirilməlidir, lakin bir yerdən maddi gəliri yoxdur. Qızılları müqabilində “Cavabdeh1” QSC-dən özü üçün götürdüyü kreditin faiz dəyərini hər ay vaxtıvaxtında ödəmişdir. Həmin qurum tərəfindən verilən rəsmi ödəniş cədvəlində də bu qeyd edilib. Cavabdeh onu aldadaraq ona olan etibardan sui-istifadə etmişdir. Əgər cavabdeh tərəfindən “Cavabdeh1” QSC-yə müvafiq məbləği ödənilməsə qızılları satışa çıxarılacaq və o maddi ziyana düşəcəkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 24 dekabr 2020-ci il tarixli, 004/2020/8154 nömrəli kredit büdcə və girov müqaviləsinə əsasən “Cavabdeh1” QSC tərəfindən İddiaçı 10 ay müddətinə illik 55 faizlə 773 AZN kredit verilmişdir. İş materiallarında olan girov qoyulmuş 25.12.2021-ci il tarixli, qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən İddiaçı mülkiyyətindəki qiymətli metallar likvid dəyəri 338 USD qiymətləndirilmişdir. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli, 004/2021/1164 nömrəli kredit büdcə və girov müqaviləsinə əsasən “Cavabdeh1” QSC tərəfindən İddiaçı 24 ay müddətinə illik 58 faizlə 1424 AZN kredit verilmişdir. İş materiallarında olan girov qoyulmuş 17.04.2021-ci il tarixli, qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən İddiaçı mülkiyyətindəki qiymətli metallar likvid dəyəri 654 USD qiymətləndirilmişdir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli, 004/2021/1302 nömrəli kredit büdcə və girov müqaviləsinə əsasən “Cavabdeh1” QSC tərəfindən İddiaçı 24 ay müddətinə illik 46 faizlə 2985 AZN kredit verilmişdir. İş materiallarında olan girov qoyulmuş 23.07.2021-ci il tarixli, qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən İddiaçı mülkiyyətindəki qiymətli metallar likvid dəyəri 1212 USD qiymətləndirilmişdir. İş materiallarında olan 004/2021/1302 nömrəli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən yenidən rəsmiləşdirilən kreditin məbləği 2985 AZN, cəmi xərclər 96 AZN, cəmi tutulacaq məbləğ 2507 AZN-dir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı, cavabdeh “Cavabdeh1” QSC ilə bağladığı Kredit və Girov müqaviləsi üzrə nəzərdə tutulan 2985 (iki min doqquz yüz səksən beş) manat pul məbləğinin Cavabdeh2 tərəfindən birdəfəlik ödənilərək ona məxsus qızılların lombarddan çıxarılması, Cavabdeh2 aylıq ödənişi ödəmədiyi üçün məbləğin üzərinə gələn 290(iki yüz doxsan) manat borcun cavabdehdən tutulması, "Cavabdeh1” QSC -nin Gənclik filialında bağlanmış müqaviləyə görə 478(dörd yüz yetmiş səkkiz) manat məbləğində borcun Cavabdeh2 tutulmasını tələb etsə də, Cavabdeh2 belə bir öhdəliyinin olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər “Cavabdeh1” QSC və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1” QSC və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar