Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5787/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5200 manat əmlakına dəyən zərərin əvəzi kimi onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 aprel 2021-ci il tarixdə saat 00:24 radələrində özünə məxsus «Hyundai Azera» markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı-Sumqayıt yolu ilə üzü Sumqayıt şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən arxadan eyni istiqamət üzrə həmin yolda hərəkətdə olan Cavabdeh idarə etdiyi **-UF-*** dövlət qeydiyyat nişanlı «QAZ 31105-100» markalı avtomobil sürətlə hərəkət edib gəldiyi sürətlə də avtomobilinin arxa hissəsindən toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra o, maşından aşağı düşdükdə qarşı avtomobilin sürücüsü Cavabdeh sərxoş olduğu və ondan alkoqol iyinin gəldiyini bilmişdir. Həmin vaxt Cavabdeh öz avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşaraq hadisə yerini tərk etmişdir. Bu vaxt o, öz maşını ilə onun arxası ilə təxminən 2,5 km məsafə boyu hərəkət edib həmin şəxsin öz maşınını «Gəmi Qaya» restoranının qarşısında saxladığını gördükdə maşından düşüb həmin şəxsə yaxınlaşmış və sürücünü hadisə barədə sorğu-sual etmək istəmişdir. Həmin an sürücü Cavabdeh sərxoş olduğu üçün öz-özünə danışaraq yol kənarına çıxıb yoldan keçən taksiyə əyləşib həmin yerdən uzaqlaşmış, avtomobili isə restoranın qarşısında qalmışdır. Bundan sonra o 102 xidmətinə zəng edib hadisə barədə polisə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları baş vermiş hadisə barədə araşdırmalara başlamışdırlar. Qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsində bədən nahiyyələrində ağrılar olduğu üçün məhkəmə tibbi eksperptiza müayinəsindən keçsə də, ekspertin verdiyi rəyə əsasən bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Araşdırma gedişatında məlum olmuşdur ki, hadisəni törədən sürücü Cavabdeh hadisə vaxtı avtomobili idarə etmək hüququ olmamış və törətdiyi hadisə nəticəsində ona məxsus avtomobilə xeyli maddi ziyan vurmuşdur. Bundan başqa təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, sürücü Cavabdeh idarə etdiyi **- UF-*** dövlət qeydiyyat nişanlı «QAZ31 105-100» markalı avtomobilin mülki məsuliyyətə dair qüvvədə olan icbari sığorta müqaviləsi yoxdur. Qeyd etmək istəyir ki, sürücü Anar Əhmədxanıl törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə xeyli miqdarda maddi ziyan vurmasına baxmayaraq avtomobilini təmir etdirməkdən, eləcə də dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi faktına görə Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, hadisəni törətmiş sürücü Cavabdeh əməlində «X2» Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 469.3-cü maddələrinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddələr üzrə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll edilməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Lakin ona dəymiş maddi ziyan Cavabdeh tərəfindən bu günə kimi hələ də ödənilməmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi «QAZ31105-100» markalı **-UF-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327.6, 332.1 və 469.3- cü maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Zaur Cəfərov tərəfindən sübut olunmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına dəymiş maddi ziyanla bağlı “Hyundai Servis”də tərtib etdiyi zərər aktına əsasən ona məxsus avtomobilin təmiri 5200 manata başa gələcək. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS726559959 AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Hyundai Auto Azərbaycan Servis Departamentinin 13.04.2021-ci il tarixli aktından görünür ki, «Hyundai Azera» markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə (ban n-si KMHFH41B2DA218768) baxış keçirilmiş, baxış zamanı avtomobilin dəyişdirilməsinə ehtiyac olan hissələri müəyyən edilmiş və həmin hissələrin dəyişdirilməsi üçün çəkiləcək xərc 5190 manat kimi qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 24.04.2021-ci il tarixli, 23- 16052-1221 nömrəli məktubundan görünür ki, 10.04.2021-ci il tarixdə saat 00.24-də Novxanı-Sumqayıt yolunda iki avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi faktı əsasında Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin 23.04.2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Novxanı-Sumqayıt yolunda iki avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi faktı üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «QAZ 31105-100» markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin 10.05.2021-ci il tarixli, TP-4364056 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 10.04.2021-ci il tarixdə saat 00.24-də Novxanı-Sumqayıt yolunda «QAZ31105-100» markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobilini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin 10.05.2021-ci il tarixli, AP-0157254 nömrəli İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh 10.04.2021-ci il tarixdə saat 00.24-də Novxanı-Sumqayıt yolunda «QAZ31105-100» markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman hadisə törətmiş və hadisə yerindən yayınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 10.04.2021-ci il tarixdə saat 00:24 radələrində Novxanı-Sumqayıt yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “QAZ31105-100” markalı **-UF-*** dövlət nömrə nişanlı avtomaşın yol hərəkəti qaydalarını pozmuş, nəticədə həmin vaxt iddiaçıya məxsus olan «Hyundai Azera» markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10.05.2021-ci il tarixli, AP-0157254 nömrəli "İnzibati xəta haqqında Protokol" tərtib edilmişdir. Məhkəmə iddia tələbinin məzmunu ilə əlaqədar aşağıdakıları qeyd edir: Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, 10.04.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan həmin hadisə nəticəsində «Hyundai Azera» markalı **-VU- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh tərəfindən hadisə baş verən vaxt avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan Hyundai Auto Azərbaycan Servis Departamentinin 13.04.2021ci il tarixli akt məlumatlarına əsasən, «Hyundai Azera» markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, təxminən 5190 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 5190 manat məbləğində vəsait cavabdehdən tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 5190 (beş min yüz doxsan) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5787/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5787/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver