Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-580/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdən bəri yaxşı tanıdığı və yaxın münasibətləri olan Cavabdeh onun təmir tikinti işləri ilə məşğul olduğunu bilmiş və buna görədə ona müraciət etmişdir ki, təmir - tikinti işləri vardır tenderi udulubdur və o işin bir hissəsini götürmək üçün ona bir qədər pul lazımdır. Cavabdeh ona əminliklə bütün detalları izah etdikdən sonra bildirmişdir ki, həmin işin böyük bir hissəsini götürmək üçün ona 10.000 manat məbləğində pul lazımdır. Bundan sonra o, cavabdehlə bütün incəlikləri və şərtləri müzakirə etdikdən sonra o, cavabdehə bildirmişdir ki, o, pulu borc tapıb verir bir şərtlə ki işə başlayan kimi həmin pulu sahiblərinə qaytarmaq lazımdır. İsgəndər də onu əmin etmişdir ki, pul köçürülən kimi onun pulunu tam qaytaracaqdır. O, cavabehə inanaraq gələcəkdə iş qurmaq və həmin işin əldən çıxmaması üçün pulun bir hissəsini borc almış, bir hissəsini özündən düzəltmiş, hətta o qədər inanmışdır ki, evdə olan qızılları və brillyant qaşlı sırqaları lombarda girov qoyub 1.600 manat məbləğində pul götürmüş və cavabdehə vermişdir. Ümumilikdə o, cavabdehə 8.500 manat məbləğində pul vermiş və bu barədə sadə formada əl yazmaya cavabdeh qol çəkmişdir. O, pulu verdikdən bir müddət sonra cavabdehlə əlaqə saxlamağa başlamış və cavabdeh ona hər dəfə iş gedir yaxın zamanda hər olunacaq səbrli ol, pulun bank hesabına köçürülməsini gözləyirik hətta telefon vasitəsi ilə ona sənəd nümunələri göndərmişdir ki, burada göstərilən məbləğ bank hesabına köçürülməlidir. Beləliklə də hər dəfə cavabdehlə əlaqə saxlayanda ona müxtəlif bəhanələr gətirərək yalan danışmışdır. Sonra 2020-ci ildə “COVİD – 19” xəstəliyini bəhanə gətirmişdir ki, heç yer işləmir pandemiyadır. Onun təkidindən sonra İsgəndər 8.500 manatdan 500 manatı qaytarmış qalan 8.000 manat sadə formada yazılmış əqddə qeyd edilmişdir. Borc sahibləri pullarını tələb edirlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, iddiaçıdan 8.500 manat aldığını, həmin puldan 500 manat qaytardığını bildirərək, borcu olduğunu etiraf etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 8.000 manat borcu olması barədə sənədə imza etmişdir. - Cavabdeh 01.04.2022-ci il ərizəsindən görünür ki, o, iddianı qəbul edir və İddiaçı 8.000 məbləğində borcu olduğunu etiraf edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə 2019-cu ilin sentyabr ayında 8.500 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin məbləği qaytarmağa dair sadə yazılı formada öhdəlik götürmüşdür. Cavabdeh borcundan 500 manat ödəniş etmiş, nəticədə 8.000 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya 8.000 məbləğində borcu olduğunu etiraf edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş və cavabdeh ondan irəli gələn öhdəliyi daşımış, onlar razılaşma yolu ilə cavabdehin mövcud borcu etiraf etməsi barədə mücərrəd müqavilə bağlamışlar. Cavabdeh borcun etirafı üzrə borc pulu qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Odur ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 8.000 manat borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 8.000 manat borc tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-580/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-580/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver