Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5803/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü Hüseynov Zaur Cahangir oğlunun hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2009-cu ildə X2 ailə həyatı qurmuşdur. Birgə evlilikdən iki uşaqları var: xx.xx.2009-cu il təvəllüdlü X4 oğlu və xx.xx.2011-cu il təvəllüdlü X5 oğlu. Həyat yoldaşı 2019-cu ildə qazanc məqsədilə Rusiya Federasiyasına getmiş və bu illər ərzində orada işləmiş, ailənin maddi təminatını təmin etmişdir. 2025-ci ilin əvvəllərində Rusiya tərəfindən aparılan “xüsusi hərbi əməliyyata” cəlb edilmişdir. Onunla arabir əlaqə saxlasalar da, 2025-ci ilin iyul aylarının 7-dən sonra əlaqə saxlamaq mümkün olmadı. Bununla bağlı onu tanıyan yoldaşları münaqişə zonasında onun itkin düşdüyünü bildirirdilər. Məsələ lə bağlı onun “xüsusi hərbi əməliyyata” cəlb edildiyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin Orenburq vilayətində yerləşən N nömrəli həbrbi hissəsinə müraciət etmiş və orada xx.xx.2025-ci il tarixdən X1 hərbi əməliyyatların keçirildiyi zonda itkin düşdüyü təsdiqləmişdirlər. Buna dair rəsmi arayış vermişdirlər. Yuxarıda qeyd etdiyi kimi, X2 ilə evlilikdən iki uşağı var. Hazırda ailənin qarşısında, uşaqlarının DNK analiz edilməsi üçün Rusiya Fedrasiyasına aparılması məsələsi durur. Belə ki, vaxtı ilə uşaqların atası X2, onların RF-na aparılıb və geri qayıtması üçün notarial qaydada razılıq ərizəsi vermişdir. Lakin həmən razılıq ərizəsinin müddəti 2024-cü ildə bitdiyinə görə onları ölkə xaricinə sərbəst çıxartmaq mümkün deyildir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, şəxslə sonuncu dəfə 2025-ci ilin avqust ayında əlaqə saxlamışdır. Rusiya Federasiyası müharibə vəziyyətində olduğu üçün güman edilir ki, orada itkin düşmüşdür. Ölməsi və ya həyatda olması barədə məlumat vermirlər. Bunun üçün övladlarının qan analizi lazımdır ki, şəxsiyyəti müəyyən edilə bilməyən şəxslər arasından həmin qan analizlərinə uyğun olaraq həyat yoldaşının şəxsiyyəti müəyyən edilsin.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumunn nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tədqiq olunan sübutlar:
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Hüseynov Zaur Cahangir oğlunun sonuncu dəfə dövlət sərhədindən hərəkəti xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. 6.Sumqayıt şəhər Polis İdarəsinin 13 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Hüseynov Zaur Cahangir oğlu barəsində Sumqayıt şəhər Polis İdarəsində axtarış işi açılmamışdır.
7. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı istehsalat Birliyi 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 440 nömrəli arayışdan görünür ki, Hüseynov Zaur Cahangir oğlu ünvan 1 ünvanında yaşamır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.5-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməməlidir.
12. Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsini Hüseynov Zaur Cahangir oğlu ilə 2025-ci ilin iyul aylarından əlaqə saxlmağın mümkün olmaması, onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olmasına güman etməyə əsas verən şəraitdə itkin düşməsi ilə əsaslandırmışdır.
13. Həmçinin müəyyən edilmişdir ki, Hüseynov Zaur Cahangir oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi ərizəçiyə valideynin razılığı olmadan övladlarının ölkə xaricinə çıxarılması üçün lazımdır.
14. Hazırkı tələbin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər.
15. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır.
16. Normadan da görünur ki, fiziki şəxs iki halda məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edilə bilər. Əvvəla, şəxsin olduğu yerin məlum olmaması və iki il ərzində onun yaşayış yerində görünməməsidir. Bu hallar həmin şəxsin xəbərsiz itkin düşmüş sayılmasına əsas verir. Lakin məhkəmə iclasında ərizəçi izahatında Hüseynov Zaur Cahangir oğlu ilə 2025-ci ilin avqust aylarında, ərizəsində isə iyul aylarında əlaqə saxladığını bildirmişdir.
17. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun xəbərsiz itkin düşmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs yaşadığı yeri tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırki halda 2 il ərzində real hərəkətlər həyata keçirilməlidir.
18. İddiaçının istinad etdiyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin Orenburq vilayətində yerləşən N nömrəli hərbi hissəsinin arayışına gəldikdə isə məhkəmə qeyd edir ki, həmin arayışın əsli və notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Bundan başqa həmin arayış nəzərə alınsa belə şəxsin itkin düşməsi ilə bağlı yuxarıda qeyd edilən hüquq normasının dispozitiv şərtləri hazırki halda mövcud deyildir.
19. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1982-ci il təvəllüdlü Hüseynov Zaur Cahangir oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizəçi xx.xx.1982-ci il təvəllüdlü Hüseynov Zaur Cahangir oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva