Məhkəmə qərarları › İş №2(060)-5824/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5824/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5824/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 56 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı maşın almaq niyyəti ilə cavabdeh ilə tanış olmuşdur . Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə “BMW” markalı avtomaşını 6000 manata ona satılması ilə bağlı aralarında şifahi razılığa gəlmişlər . Həmin avtomaşına görə ilkin olaraq iddiaçı 3500 manat məbləğində pulu cavabdehə pul vermişdir. Qalan məbləği isə hər ay 300 manat olmaqla ödəyəcəyinə dair aralarında şifahi razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə həmin avtomaşında nasazlıq yarandığına görə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən məscidin yaxınlığında cavabdehə avtomaşını geri qaytarmışdır. 2022-ci ilin yanvar ayından aprel ayınadək cavabdehlə müxtəlif zaman kəsiyində avtomobilə görə ödədiyi ilkin ödənişin geri qaytarılmasını tələb etmişdir. Hazırda cavabdeh pulu könüllü surətdə qaytarmaq istəmədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh tək ona qarşı deyil, başqa şəxslərə qarşı da oxşar əməllər törədib. İstintaq orqanında cavabdeh 2100 manat pul aldığını bildirsə də, əslində o, cavabdehə 3500 manat pul ödəyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1979-cu ildə, Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, ev 13A ünvaanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçının müraciəti ilə bağlı toplanmış materiallar üzrə cavabdehin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə göndərilmiş məhkəmə sorğusuna əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Göründüyü kimi iddiaçı cavabdehlə dəyəri 6000 manata razılaşmaqla avtomobil alqı-satqısı barədə razılığa gəldiklərini, ilkin ödəniş kimi cavabdehə 3500 manat pul ödədiyini, qalan məbləğin isə hissə-hissə ödənilməsi ilə bağlı razılaşdıqlarını, lakin avtomobildə nasazlıqlar olduğu üçün onu cavabdehə qaytardığını, cavabdehin isə aldığı məbləği geri qaytarmadığını bildirir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sumqayıt şəhər Polis İdarəsinin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsinə əsas olmuş materiallardan görünür ki, cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə “BMW” markalı avtomobilin alqı-satqısı ilə bağlı gəldikləri razılığa əsasən avtomobilin qiyməti 6000 manat müəyyən edilmiş, iddiaçı ona ilkin olaraq 2100 manat ödəniş etmiş, qalan 3900 manatın isə hər ay 300 manat olmaqla 18 ay müddətində ödənilməsi razılaşdırılmışdır. Lakin, iddiaçı avtomobili ona qaytarmış, o iddiaçının ödədiyi 2100 manatı qaytarmaq istəsə də, iddiaçı pulu qəbul etməmiş, əvəzində başqa avtomobilin verilməsini tələb etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə avtomobilin dəyərindən 2100 manat ödəniş edilməsi və sonradan avtomobilin iddiaçı tərəfindən cavabdehə qaytarılması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi barədə qərar və onun qəbulu üçün əsas olan materiallar əsasında müəyyən edilir. Beləliklə cavabdeh iddiaçının məhrum olması ilə əsassız olaraq varlanmışdır. İddiaçı cavabdehə 3500 manat pul verdiyini iddia etsə də, tələbinin əsası kimi heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 2100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 56 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2100 (iki min yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar