Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-584/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pul borcunun, ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə tanışı X1 vasitəsilə 2022-ci ildə tanış olmuşdurlar. Ona bir neçə dəfə satmaq üçün qızıl əşyaları vermişdir. O da həmin əşyaları sataraq vaxtlı vaxtında onun pulunu qaytarmışdır. Sonuncu dəfə 2023-cü ilin aprel ayında Ünzüləyə satmaq üçün 5000 (beş) min manat dəyərində qızıl vermişdir. Lakin dəfələrlə deməyinə baxmayaraq Ünzülə onun pulunu qaytarmaq istəmir. O, bununla əlaqədar polisə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarla göstərilən faktda cinayət tərkibinin olmaması göstərilərək mülki qaydada məhkəməyə müraciət etmə hüququ ona izah edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ünzülə bir neçə dəfə qızılları Kərəm adlı şəxsə verdiyini bildirmişdir. Belə ki, Kərəmin adına olan kartdan onun kartına ödəniş olmuşdur. Ünzülənin ona pul borcunun olduğunu tanışları Aysel xanım da təsdiq edə bilər. Həmçinin aralarında bir neçə dəfə ”votsap” yazışmaları da olmuşdur. Həmin yazışmalardan bir neçəsi çıxarılaraq işə əlavə edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsində göstərilir:Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və ya miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Ona borcu qaytarmayacağı halda məhkəməyə müraciət edəcəyi barədə dəfələrlə bildirmişdir. Lakin cavabdeh yaşayış ünvanını qəsdən dəyişir, onun telefonlarına cavab vermir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh özünü ona İnci adlı şəxs kimi təqdim etmişdir. Cavabdehlə 2022-ci ildə tanışı Aysel vasitəsilə tanış olmuşdur. 2023-cü ilin aprel ayında cavabdehə 5000 manat dəyərində qızıl vermişdir. Cavabdeh əvvəl hissə-hissə ödəniş edirdi. Sonra yenidən qızıl istədikdə verməmiş və cavabdeh də bundan sonra ödənişləri dayandırmışdır. Cavabdeh bu ilin iyun ayında borcunu bağlayacağını bildirsə də, borcunu ödəməmişdir. Belə ki, o özü də borcu olduğunu etiraf edirdi. Cavabdeh hətta Polis Bölməsində ödəyəcəyini bildirsə də, yenə də borcunu ödəməmişdir. Lakin daha sonra cavabdeh polisin çağırışına cavab verməmiş, həmçinin o, evlərinə gedəndə də qapını açmamışdır. Bu məsələ ilə bağlı aralarında olan telefon yazışmalardan aydın olur ki, cavabdeh beh göndərib. Qeyd edir ki, cavabdeh malı almasaydı, beh göndərməzdi, bu hal, malın alınması faktını təsdiq edir. Səs yazısında “Borcum yoxdur” dediyi hissə lotereya ilə bağlıdır. Əslində ona məxsus onun “Honor” markalı telefonu sınmışdır, bu səbəbdən bir çox sübutu məhv olmuşdur. Hazırda təqdim etdiyi diskdəki səs yazısında cavabdeh tərəf ondan mal almasını etiraf edir. Cavabdehin oğlu ilə iddiaçının ünvanında qarşılaşmışdır. Anasının məhkəmə iclaslarına niyə gəlmədiyini soruşmuş, o isə səbəbini bilmədiyini demişdir, yəni əslində cavabdeh məhkəmə iclaslarından xəbərdardır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, NK-1/1472 nömrəli təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni cavabdehin ondan həqiqətən 5000 manat dəyərində qızıl-zinət əşyalarını qəbul etməsi, lakin dəyərini ödəməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş votsap danışıqları və səs yazısının məzmunundan isə iddiaçı tərəfindən cavabdehə hansı miqdarda qızıl-zinət əşyaları verildiyi, həmin əşyalardan hansı hissəsinin dəyərinin ödənilmədiyi, ümumiyyətlə həmin danışıqların iddiaçı ilə cavabdeh arasında olubolmadığını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsaslı şübhədənkənar mötəbər sübutlarla təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-584/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-584/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver