Məhkəmə qərarları › İş №2(060)-587/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-587/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-587/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 203 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pandemiya ilə bağlı iş yerləri bağlı olduğundan 2020-ci ilin sentyabr ayında öz həyətlərindəki mağazaya paltar gətirərək satmışdır. Cavabdeh da həmin ay 278 manatlıq paltar almışdır. Həmin ilin noyabr ayında ünvanına getdikdən sonra borcundan 45 manat, dekabr ayında təkrar evinə getdikdən sonra 30 manat ala bilmişdir. 2021-ci il girdikdən sonra dəfələrlə evinə getsə də, zəng edilsə də hər dəfə bir bəhanə ilə verəcəyini bildirmişdir. Sonuncu dəfə qapısına getdikdə cavabdehin oğlu iyul ayında ödəyəcəyinə söz vermişdir. Sonra isə o da anası kimi boyun qaçırmışdır. Sahə müvəkkilinə də bu səbəbdən yazılı müraciət edilmişdir. Odur ki, borcun ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdivə iddiaçıya 203 manat borcu olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, pandemiya vaxtı nisyə olaraq iddiaçıdan paltar almışdır. Pandemiya vaxtı xəstəlik, eyni zamanda işləməməsi səbəbilə borcunu ödəyə bilməmişdir. Hazırda işləyir, borcu hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -15.08.2021-ci il tarixli, 127 N-13262M-1221 saylı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin məktubundan görünür ki, X1 09.08.2021-ci il tarixdə Sumqayıt ŞPİnin 4-cü PB-nə daxil olmuş ərizəsi əsasında yoxlanış aparılmış, xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Cavabdeh ərizəsindən görünür ki, o borcunu etiraf edir. Hazırda hissə-hissə ödəyə biləcəyini öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan 2020-ci ilin sentyabr ayında 278 manatlıq paltar almış, əvəzini hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o üzərinə düşən öhdəliyi yerinə yetirməmiş. 278 manat borc məbləğindən iki dəfə 45 manat və 30 manat olmaqla cəmi 75 manat pul ödəmiş, qalan 203 manat borcun ödənilməsi cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasındakı əşyaların alqı satqısına dair münasibətlər mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malın 278 manat ümumi dəyərindən 75 manat ödəniş etmiş və nəticədə 203 manat borcu yaranmışdır. Cavabdeh 203 manat borcunun olmasını etiraf etmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 203 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 203 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar