Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5874/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********92929 olan Xiomi Redmi 8 markalı telefon üçün 403.8 manat və 20 manat dövlət rüsumu, cəmi 423,8 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92929 olan Xiomi Redmi 8 markalı telefon almış, nəticədə 403.8 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 487.8 manat, İMEİ kodu **********92929 olan Samsung Galaxy A5 markalı telefona görə 403.8 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 84 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 09 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 07 iyul 2021-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.05.2020-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 27.1 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 487.8 manat olan İMEİ kodu **********92929, Xiaomi Redmi 8 markalı telefona görə 84 manat məbləğində ödəniş etmiş, 403.8 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 20292426 №-li müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********92929 Xiaomi Redmi 8 markalı telefon almışdır. İş materiallarında olan 20.05.2020-ci il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 20.05.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********92929, Xiaomi redmi 8 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 14.06.2021-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.05.2020-ci il tarixli müqavilə üzrə 18 ay müddətində hər ay 27.1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh oğlundan 20.05.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 20.05.2020-ci il tarixli, 20292426 №-li müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 403.8 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 423.8 manat məbləğində pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 403.8 manat məbləğində borc və 20 manat dövlət rüsumu, cəmi 423.8 (dörd yüz iyirmi üç manat, səksən qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5874/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5874/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver