Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5875/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı MMC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə 25 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular xx xxxxx 1997-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx xxxxxxx 1965-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 kreditor İddiaçı MMC-nin xeyrinə 1700 (bir min yeddi yüz) manat borcun, həmçinin 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, 05.06.2019-cu il tarixli SF/009-19 saylı Nisyə satış müqaviləsinə əsasan kreditor “EKOSOFT" MMC 2200 (iki min iki yüz) manat dəyəri olan Minsk D4/50 “MOTOSİKL"i borclu Cavabdeh1 nisyə satmağı, borclu isə satılmış əşyaya görə 200 (iki yüz) manat ilkin ödəniş edərək “MOTOSİKL”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2000 (iki min) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Nisyə satış müqaviləsi üzrə öhdəliklərini kreditor “EKOSOFT" MMC qarşısında tam icra etməyən borclu Cavabdeh1 20 aprel 2021-ci il tarixə olan hesablamalara görə kreditora 1700 (bir min yeddi yüz) manat məbləğində borcu qalmaqdadır. Borcluya dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi üçün tədbir görməmiş, Nisyə satış müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmiş, kreditor "EKOSOFT” MMC-yə olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Borclu Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə kreditor arasında 05.06.2019-cu il tarixli SFZ/003-19 saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 25.06.2021-cı il tarixli, 2(060)-5875/2021 saylı məhkəmə əmri ilə xx xxxxx 1997-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx xxxxxxx 1965-ci ildə anadan olmuş. ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 kreditor İddiaçı MMC-nin xeyrinə 1700 (bir min yeddi yüz) manat əsas borc və ərizə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla ümumilikdə 1720 (bir min yeddi yüz iyirmi) manat məbləğində pulun tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh1 etirazına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(060)-5875/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25.06.2021-cı il tarixli, 2(060)-5875/2021 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda Cavabdeh1 adına elektron informasiya sistemində müəyyən edilmiş əlaqə nömrələrinə sms bildiriş göndərilməsi mümkün olmamış (çatdırılmamış), Cavabdeh2 adına isə elektron informasiya sistemində mobil nömrə aşkar edilməmişdir. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 05.06.2019-cu il tarixli SF/009-19 saylı Nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən borclu Cavabdeh1 ilkin ödəniş 200 manat edilməklə 2200 manat məbləğində “MOTOSİKL” 11 ay müddətinə kreditlə-nisyə ödəmək şərtilə satılmışdır. İş materiallarında olan 05.06.2019-cu il tarixli SF/003-19 zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan 20.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 05.06.2019-cu il tarixli SF/003-19 saylı müqaviləyə əsasən Cavabdeh1 İddiaçı MMC-yə 1700 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 05.06.2019-cu il tarixli SF/009-19 saylı Nisyə satış müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 iddiaçı təşkilat qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə Nisyə satış müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 05.06.2019-cu il tarixli SF/009-19 saylı Nisyə satış müqaviləsinə əsasən 1700 manat borcun tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 məhkəmə əmrinə verdiyi etiraz ərizəsində iddiaçı MMC-yə 1700 manat deyil, 900 manat borcunun qaldığını, eyni zamanda Cavabdeh2 ilə heç bir zaminlik müqaviləsinin bağlanmadığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 1700 (bir min yeddi yüz manat) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5875/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5875/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver