Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5876/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun, cərimənin və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 21 noyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun, cərimənin və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8710 (səkkiz min yeddi yüz on) manat avans ödənişinin, 12368,2 (on iki min üz yüz altmış səkkiz) manat (iyirmi) qəpik cərimənin və 1200 (min iki yüz) manat dəymiş maddi zərərin, cəmi 22278,20 (iyirmi iki min iki yüz yetmiş səkkiz) manat (iyirmi) qəpik pulun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində tələb etdikləri kimi cavabdeh "xxxx" MMC-dən 8710 (səkkiz min yeddi yüz on) manat avans ödənişinin, 12368,2 (on iki min üz yüz altmış səkkiz) manat (iyirmi) qəpik cərimənin və 1200 (min iki yüz) manat dəymiş maddi zərərin, cəmi 22278,20 (iyirmi iki min iki yüz yetmiş səkkiz) manat (iyirmi) qəpik pulun alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını və Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin müddəlarına uyğun olaraq "xxxx" MMC-nin direktoru Teymur Məmmdəovun hərəkətlərində cinayət əlamətləri olduğu üçün onun barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 12 dekabr 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən "xxxx" MMC ondan mebel sifarişi qəbul edərək bu xidmətin göstərilməsi müqabilində avans olaraq 8710 manat pul vəsaiti qəbul etmişdir. Müqavilə öhdəliyi MMC tərəfindən pozulmuş və İddiaçı tərəfındən ödənilmiş pul vəsaiti ona geri qaytarılmamışdır. Bildirir ki, müqavilə öhdəliyinin pozulması nəticəsində İddiaçı MMC tərəfindən xeyli miqdarda maddi zərər dəymişdir. İddiaçı "xxxx" MMC-nə müraciət etməsindən sonra məhsulun gecikdirilməsi iradları bildirildikdən sonra cəmiyyət məhsulu keyfıyyətdə qüsürlü olduğunu etiraf edərək öz üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsi və onunla müqavilə şərtlərinə əlavələr edərək xx.xx.2022-ci il tarixinədək ödənilmiş pul məbləğini geri qaytarılmasma vədlər verərək xx.xx.2022-ci il tarixindən müqaviləyə xitam verilməsini bildirmişdir. Daha dəqiq deyilsə ona ünvanlamış olduğu müraciətdə dəymiş zərəri etiraf edərək qaytarılmasına möhlət verilməsini və İddiaçı alınmış 8710 manat vəsaitin xx.xx.2022-ci il tarixinədək geri ödənilməsini və həmin tarixə pul ödənilmədiyi təqdirdə hər gecikmə gününə görə ümumi məbləğin 1 (bir) faizinin ödənilməsinə razılıq vermişdir. Lakin buna baxmayaraq MMC tərəfindən verilmiş vədlər yerinə yetirilməmişdir. 12 dekabr 2021-ci il tarixli müqavilə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində İddiaçı qəbul edilmiş avans qismində 8710 (səkkiz min yeddi yüz on), 30 iyun 2022-ci il tarixə hesablanmış 8.187 (səkkiz min yüz səksən yeddi) manat cərimə məbləği, 1200 ( bir min iki yüz ) manat maddi zərər dəymişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 12 dekabr 2021-ci il tarixli müqavilə öhdəliyinin pozulması nəticəsində borcun və dəymiş zərərin ödənilməsinə dair cavabdeh MMC-yə pretenziya məktubu da göndərilmiş, lakin hər dəfə cəmiyyətin ünvanı tapılmadığına görə iki dəfə məktublar geri qaytarılmışdır. İddia ərizəsinin təsviri hissəsində cərimə məbləğinin rəqəmində yanlışlıq baş vermiş və həmin yanlışlıq iddianın nəticə hissəsi ilə uyğunsuzluq təşkil etmişdir. Bunu onunla izah edir ki, iddia birinci dəfə cavabdehin ünvan düzgün seçilmədən verildikdə iddianın məhkəməyə daxil edildiyi dövrə uyğun olaraq 8.187 manat cərimə məbləğində verilmişdir. Lakin ikinci dəfə məhkəməyə hazırki icraatda olan iddia ərizəsi daxil edildiyi günə cərimə məbləği 12368,2 (on iki min üz yüz altrnış səkkiz) manat təşkil etdiyi üçün iddianın “xahiş edirəm” hissəsində düzgün olaraq 12368,2 (on iki min üz yüz altmış səkkiz) manat cərimə məbləği tələb edilməsi əks olunmuşdur. Bu səbəbdən də iddianın təsviri hissəsində olan 8.187 manat məbləği yanlış olaraq iddia ərizəsində göstərilmişdir. İkincisi iddianın dəymiş zərərlə bağlı hissəsinə bir daha aydınlıq gətirmək istəyir. Nəyə görə 2019-cu il tarixdən kirayədə yaşadığı halda iddiaçı 3 aylıq 350 manatdan olmaqla 12 dekabr 2021-ci il tarixdən 12 mart 2022-ci il tarixədək tələb edir, eyniliyi ilə 50 manatdan olmaqla əşyaların saxlanc anbarını 12 dekabr 2021-ci il tarixdən 12 mart 2022-ci il tarixinədək kirayələyir və konkret olaraq bununla bağlı subutlar məhkəməyə təqdim edir. Bu onunla bağlıdır ki, 12 dekabr 2021-ci il (müqavilə bağlandığı tarix) 12 mart 2022 müqavilənin ləğv edilməsi və aldanıldığının və hüquqlarının pozulduğunu bildiyi gün. Sonradan da 28 mart 2022-ci il tarixdən cavabdehin müraciət ərizəsinə uyğun olaraq cərimə hesablanmasına başlanğıc müddətidir. Bundan başqa iddianın 710 manat hissəsi cavabdehin müqavilədən kənar əlavə aldığı avans və aksessuarlara tələb etmiş olduğu və iddiaçı tərəfindən ödənilmiş məbləğdir. Bu da cavabdeh tərəfindən müraciətdə və müqavilənin ləğv edilməsinin sənədləşdirilməsində özü etiraf etmişdir və imzalamışdır. Cavabdeh MMC-nin direktoru Teymur Məmmədov işgüzar adam kimi mebel düzəldən şirkət rəhbəri kimi görüntü yaradaraq xeyli miqdarda pullarını onu aldatmaqla ələ keçirmişdir. Bu günədək pullarını geri qaytarmır, qaçıb gizlənir. Şirkəti isə formal olaraq yaratmışdır. Şirkətin hər hansı bir əmlakı və yaxud da hesabında vəsaiti mövcud deyildir. 18 aprel 2022-ci il tarixdə bu dələduzluq halı ilə bağlı olaraq Teymurun şirkətinin fəaliyyət göstərdiyi rayon üzrə Sumqayit şəhər RPİ-nin 5-ci polis bölməsinə müraciət etmişdir. Araşdırma apardıqdan sonra oradan ona bildirmişlər ki, bu iş üzrə məhkəməyə müraciət etməlidir. Hazırda isə Teymur Məmmədovun məhkəmə çağırışlanna gəlməyərək məhkəmədə izahat verməkdən yayınmaqla o bir daha subut edir ki, iddiaçının pullarını açıq-aşkar mənimsəmişdir. Çünki xidmət qüsurlu ola bilər, amma xidmət göstərən şəxsin təyinatdan kənar pulları öz şəxsi məqsədləri və ehtiyacları üçün xərcləməsi və mənimsəməsi hazırda açıq aşkardır və cinayət hesab edilir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək bildirdi ki, tərəflər iddiaçının evinin bütün mebellərinin hazırlanmasına dair razılığa gəliblər, cavabdehdən iddaçı ilkin avans olaraq 8710 manat pul götürmüş və aralarında olan razılaşmaya əsasən yanvar ayına kimi mebelləri quraşdırmalı olmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Onu da bildirir ki, həmin müddət ərzində iddiaçı kirayədə qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehdən tələb olunan 1050 manat kirayə haqqı, 150 manat isə iddiaçının kirayədə qaldığı müddətdə əmlakların yerləşdirilməsi üçün tutulan anbarın kirayə haqqıdır. İddiaçının kirayə qaldığı mənzillə bağlı müqavilə 2019-cu ildə bağlanmışdır. Bildirir ki, müqavilədə nəzərdə tutulan müddətə qədər mebel quraşdırılmamışdır. Məsələ ilə əlaqədar dəfərlərlə cavabdehə müraciət olunmuş, cavabdeh yanvar ayından mart ayına kimi ödənişlər etmək üçün iddiaçıdan möhlət istəmiş, lakin sonunda cavabdeh mebelin quraşdıra bilməyəcəyini etiraf etmişdir. Müqavilənin bitmə tarixindən bu günə cərimə hesablanmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, şirkətin əmlakı yoxdur, onun rəhbəri pulu mənimsəyib, açıq açkar onun əməlində cinayət tərkibi vardır. Ona görə də hesab edir ki, cavabdehin rəhbəri barəsində xüsusi qərardad qəbul edilməlidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS799713803AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan "xxxx" MMC-nin baş direktoru X1 ilə İddiaçı arasında bağlanmış “Texniki xidmət işlərinin görülməsi və avadnlığın satışına dair 157 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə”dən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları satır, Alıcı isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri yuxarıda qeyd edilmiş əlavə razılaşma ilə müəyyən olunur. İş materiallarında olan 157 saylı Müqaviləyə 01 nömrəli Əlavədən görünür ki, "xxxx" MMC ilə İddiaçı 16000 manat məbləğində mebel hazırlanması barədə razılığa gəlmişdirlər və ilkin avans olaraq İddiaçı xx.xx.2021-ci il tarixində 8000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 157 saylı Müqaviləyə 02 nömrəli Əlavədən görünür ki, "xxxx" MMC ilə İddiaçı quraşdırılacaq mebellərin növü, ölçüləri, materialı, sayı, rəng kodları və mebel quraşdırılan texnika barəsində razılığa gəlmişdirlər. İşdə olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı müraciətdən görünür ki, Cavabdeh MMC-nin direktoru T.Məhərrəmov İddiaçı alınmış 8710 (səkkiz min yeddi yüz on) AZN manat məbləğində pul vəsaitinin hissəli şəkildə xx.xx.2022-ci il tarixədək geri ödənilməsi üçün zaman verilməsini xahiş etmiş, məbləğin yarısının (4355 azn) xx.xx.2022-ci il tarixədək, qalan hissəsinin (4355 azn) isə tam şəkildə xx.xx.2022-ci il tarixinədək ödənilməsinə zəmanət verdiyini, qeyd olunan tarixlərə qədər tərəflərindən ödəniş olunmadığı təqdirdə hər gecikmə gününə görə ümumi məbləğin 1 (bir) faizi miqdarında cərimə tətbiq edilməsinə etiraz etmədiyini, ödənişin gecikməsinə görə tətbiq ediləcək cərimənin hesablanmasını O.Məmmədovdan alınmış məbləğin tam həcmdə ödəniləcəyi tarixədək davam edəcəyini və eyni tarixdə də cərimə məbləğinin ödəniləcəyini bildirmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin direktoru X2 ilə İddiaçı arasında bağlanmış anbarda saxlama müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünə məxsus ünvan 1 ünvanında yerləşən saxlanc anbarının 30 kv.m sahəsində saxlamağı, “Tapşıran” isə bunun müqabilində müəyyən edilmiş qaydada və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüş və saxlama xidmətinə görə 50 AZN məbləğində saxlama haqqı müəyyənləşdirilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Dəstəbəy Zahirov ilə İddiaçı arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri 9-cu mkr, Mir Cəlal küçəsi, 2 otaqlı mənzil 1 (və ya 2) il müddətinə aylıq kirayə haqqı 350 manat olmaqla İddiaçı kirayəyə verilmişdir. İşdə olan 25 may 2022-ci il tarixli, 140064, 140065, 140066 nömrəli mədaxil qəbzlərindən görünür ki, Orxan Məmmədov tərəfindən "xxxx" MMC-yə ümumilikdə 150 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan pretenziya məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında “Texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası MM-nin podrat münasibətləri ilə əlaqədar münasibətləri tənzimləyən normalarına görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (765). Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır (771). Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur (772.1). Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Cavabdeh MMC-dən 8710 (səkkiz min yeddi yüz on) manat avans ödənişinin qaytarılması hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, iş materialına əlavə edilmiş 157 saylı Müqavilə 01 nömrəli Əlavədən görünür ki, Orxan Məmmədov Cavabdeh MMC ilə xx.xx.2021-ci il tarixli müqavilə bağlayarkən ilkin avans ödənişi kimi cavabdehə 8000 manat məbləğində pul ödəmişdir. Həmçinin Cavabdeh MMC-nin direktoru T.Məhərrəmov İddiaçı ünvanladığı müraciətdə sonuncudan 8000 manat avans və əlavə olaraq aksessuarlar üçün 710 (450+260) manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xeyrinə Cavabdeh MMC-dən 8710 (səkkiz min yeddi yüz on) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 12368,2 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 500 manat pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 1050 manat kirayə haqqı və 150 manat anbarda saxlama haqqı olmaqla, cavabdehdən ümumilikdə 1200 manat məbləğində zərərin tutulması hissəsində əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurmanı öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir. Həmçinin, mülki qanunvericilik daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur və həmin maddi hüquq normalarının dispozisiyasından da aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla), hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. İddiaçı cavabdehdən maddi zərər qismində 1050 manat kirayə haqqı tələb etməsinin əsasını cavabdeh tərəfindən müqavilə öhdəliyinin vaxtında yerinə yetirilməməsi səbəbindən kirayə yaşadığı mənzildə daha 3 ay müddətə qalmalı olması ilə əsaslandırmışdır. Məhkəmə iddia tələbinin bu əsası ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş kirayə müqaviləsi mübahisəli xidmət müqaviləsindən xeyli müddət əvvəl bağlanmışdır. Digər tərəfdən iş materiallarına əlavə edilmiş kirayə müqaviləsinin tarixində və müqavilənin qüvvədə olma müddətində düzəlişə yol verilmişdir. Həmin müqavilənin xx.xx.2019-cu il tarixdə bağlandığı və ən yaxşı halda 2 il müddətinə qüvvədə olduğu qəbul edilsə belə, bu halda kirayə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Tərəflər arasında mübahisəli müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə öhdəliyini vaxtında yerinə yetirməməsi nəticəsində iddiaçıya 1050 manat kirayə haqqı qismində zərər vurulması hissəsində iddia tələbi öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı vurulmuş zərər qismində cavabdehdən 150 manat anbarda saxlama haqqı tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı deyil. Belə ki, iddiaçı bu halı təsdiq etmək üçün məhkəməyə xx.xx.2021-ci il tarixli "xxxx" MMC ilə onun arasında bağlanmış anbarda saxlama müqaviləsini təqdim etsə də, 25 may 2022-ci il tarixli, 140064, 140065, 140066 nömrəli mədaxil qəbzlərinə əsasən onun tərəfindən 150 manat məbləğində ödəniş "xxxx" MMC-yə ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 1200 manat məbləğində zərərin tutulması hissəsində iddia tələbi öz təsdiqini tapmadığından həmin hissələrdə iddia təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabdehin rəhbərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna görə, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Beləliklə, cavabdeh “Texniki xidmət işlərinin görülməsi və avadanlığın satışına dair 157 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 8710 manat avans ödənişi və 500 manat cərimə borcu olmaqla, ümumilikdə 9210 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən (təxminən 41% həcmində) iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 156 manat dövlət rüsumunun 64 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməli, 92 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 8710 (səkkiz min yeddi yüz on) manat avans ödənişi və 500 (beş yüz) manat cərimə olmaqla, ümumilikdə 9210 (doqquz min iki yüz on) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 64 (altmış dörd) manat hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5876/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5876/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver