Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5892/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7293/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci il tarixdə nikah bağlamışdır. Bu nikahdan iki uşaq doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla atadan hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşaqların geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğ üzrə alimenti ödədiyini, qətnamədən sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olmadığını, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. O, eyni zamanda işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirdi. İddiaçıya məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7293/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olamaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2023-cü ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 74 nömrəsi ilə qeyd edilmişdir. -Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları vardır. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiyaya dair 50 manat xərci ödəmişdir. - "xxxx" QSC-nin verdiyi arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən bugünədək "xxxx" QSC-də anbar işçisi vəzifəsində çalışır və aylıq əmək haqqı vergilər daxil olmaqla 605 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı ümumi xəstəlik səbəbilə 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikah bağlamışlar. Bu nikahdan iki uşaq dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla atadan aliment (cəmi 360 manat) tutulmuşdur. Hazırda iddiaçı cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh işləyir, aylıq əmək haqqısı 605 manat təşkil edir. İddiaçı ümumi xəstəlik səbəbilə 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olmasına, cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia əsassızdır. Eyni zamanda məhkəmə iddiaçının ümumi xəstəlik səbəbilə 3-cü qrup əlil olmaqla 150 manat pensiya almasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7293/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7293/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5892/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5892/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver