Məhkəmə qərarları › İş №2(060)-5895/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5895/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5895/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 39.633 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, bir qrup cinayətkar dəstənin qurbanına çevrilmiş, bunun nəticəsində də adına əsassız şəkildə vergi borcu yaranmışdır. Qeyd edir ki, o, Sumqayıt Dövlət Universitetində təhsil alır. 2020-ci ilin yanvar ayında potok yoldaşı X1 yaxınlaşaraq pula ehtiyacı olub-olmadığı barədə maraqlanmağa başlamışdır. Daha sonra Elvin ona iş təklif edərək, tanışlarının Türkiyədən mal gətirdiyini, hər dəfə mal gətirəndə yaxşı pul verdiklərini və özünün də bu işin içində olduğunu bildirmişdir. Elvin demişdir ki, bunun üçün onun adına VÖEN və «ASAN imza» açılmalı və yalnız lazımi şəxslərə etibarnamə verilməlidir. Sonrası ilə heç bir işi olmayacaqdır. O da öz növbəsində Elvinin dediklərini götür-qoy edərək, onunla razılaşmışdır. Eyni zamanda Elvin ona bildirmişdir ki, nə qədər çox adam olarsa, o qədər çox qazanc olar. Buna görə də, o, Elvinin dediklərini tanışı olan X4 bildirmişdir. Fuad bu məsələ ilə razılaşaraq adına VÖEN və «ASAN imza» açılmasına icazə vermişdir. Daha sonra Elvin onu Kamran adlı şəxslə tanış etmiş və sözügedən məsələ ilə bundan sonra Kamranın məşğul olacağını söyləmişdir. O, Kamrana iş barədə məlumatsız və narahat olduğunu bildirdikdə, Kamran narahat olmağa hər hansı əsasın olmadığını, hər şeyin qanuni olacağını, mal ölkəyə daxil olan kimi guya zənglə ona məlumat veriləcəyini, malın vergisinin əvvəlcədən ödəniləcəyini və onun da yaxşı qazancı olacağını demişdir. O, imkansız tələbədir və aztəminatlı ailədə yaşayır. Pula ehtiyacı olduğuna görə Kamranın dedikləri ilə razılaşmışdır. 4 mart 2020-ci il tarixdə o, Kamran, Fuad və Elvin «ASAN xidmət» mərkəzinə getmişdir. ASAN xidmətdə adına VÖEN və «ASAN imza» açılmış və orada o, ünvan 1 ünvanda qeydiyyatda olan X6 və ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh adına etibarnamə vermişdir. 05 may 2020-ci il tarixdə Miskin onlarla əlaqə saxlayaraq demişdir ki, təcili şəkildə bu gün ASAN imza üçün sertifikat alınmalıdır. Buna görə də, onlar Sumqayıt və Bakı şəhərlərində yerləşən ASAN xidmət mərkəzlərinə getmişlər. Lakin həmin mərkəzlərdə sertifikatı verən xidmətdə növbə çox olduğuna görə, o, Miskinlə birlikdə məcbur qalıb Şamaxıya getmiş, orada yerləşən ASAN xidmət mərkəzindən sözügedən sertifikatı almış və həmin sertifikatları Miskinə təqdim etmişdir. Sözügedən hadisələr Covid-19 xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının ölkə ərazisində karantin rejimi tətbiq etməsi hadisələri ilə üstüstə düşdüyünə görə mövcud vəziyyəti başa düşüb qeyd olunan məsələ ilə maraqlanmamışdır. Lakin 2020-ci ilin iyun ayının sonunda vergi orqanlarından ona zəng gəlmiş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Orada işləyən məsul şəxslər ona bildirmişlər ki, adından 500.000 manat məbləğində mal dövriyyəsi olmuş, lakin vergisi ödənilməmişdir. Bundan sonra onlar məsələni aydınlaşdırmaq üçün Miskinlə görüşmüşlər. Sonuncu isə onlara demişdir ki, «narahat olmayın, vergi orqanları sizi qorxudur». Eyni zamanda Miskin məsələni həll edəcəyini bildirmişdir. Lakin sonuncu, məsələni həll etmir, ona etdiyi zənglərə isə cavab vermirdi. Bununla onun görmədiyi, mövcudluğundan belə xəbəri olmadığı mallara görə külli miqdarda vergi borcu yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, idxal edilmiş mallardan və aparılan digər əməliyyatlardan hər hansı xəbəri olmayıb, həmin malların idxalı onun tərəfindən həyata keçirilməmişdir. Eyni zamanda müvafiq gömrük orqanlarına verdiyi sorğu nəticəsində ona məlum olmuşdur ki, sözügedən malları gömrükdən o yox, onun etibarnaməsi əsasında Cavabdeh keçirmiş və o, vergi öhdəliyi üzrə özünü təqsirli bilmir. Göründüyü kimi, sözügedən şəxs etibarından sui-istifadə etməklə onu aldatmış, bununla qanunsuz qazanc əldə etmişdir. Buna görə də, hesab edir ki, ********** nömrəli VÖEN üzrə hesablanmış 39.633 manat (qeyd edir ki, bu məbləğ hər keçən gün üzərinə faiz gəlməklə artır) pul məbləği faktiki olaraq əməliyyatı keçirən və həmin əməliyyatlardan gəlir əldə edən Cavabdeh tutulub ona verilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.09.2013-cü il tarixli qərarına və s. maddi hüquq normalarına istina edən iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia hazırda rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı cavabdehin onun etibarından sui-istifadə etməklə, adına açdırdığı VÖEN və ASAN imza vasitəsi ilə verdiyi etibarnaməyə əsasən qanunsuz qazanc əldə etməklə aldatdığını, gəlir əldə edərək, vergiləri ödəmədiyini və hazırda vergi orqanının həmin vergilərin ödənilməsini ondan tələb etdiyini qeyd etmişdir. İddiaçı ona maddi zərər vurulduğunu iddia edərək, dəymiş 39.633 manat məbləğində zərərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə vurğulayır ki, iddiaçıya vergi borcu hesablansa da, iddiaçı 39.633 manat məbləğində vergi ödənişi həyata keçirmədiyindən, o, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlı deyil. Bu baxımdan, iddia təmin edilə bilməz. Digər tərəfdən, iddiaçı cinayət mühakimə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilməli olan məsələyə mülki mühakimə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilməsini tələb edir ki, bu da, özü-özlüyündə qeyri-mümkündür. Çünki, cavabdehin hərəkətlərində cinayət əməlinin tərkibi olub-olmamasına hüquqi qiymət verilməsi üçün, iddiaçı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməli, həmin orqanlara vergi qurumundan təqdim olunmuş və digər sənədləri təqdim etməli, cavabdehin (yaxud digər şəxsin/şəxslərin) hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq olunaraq, zərər çəkmiş şəxs kimi tanındıqda, cinayət mühakimə icraatında mülki iddia təqdim etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hala – 39.633 manat məbləğində vergi ödənişini real olaraq həyata keçirməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, özündə olan sənədləri müvafiq ərizə ilə birlikdə cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar