Məhkəmə qərarları › İş №2(060)-5905/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5905/2022

26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5905/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilin ayda 150 manat olmaqla 26 aylıq ödənilməli olan 3.900 manat məbləğində kirayə pulunun, eləcə də 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil onun mülkiyyətindədir. Cavabdehi bir müddətdir ki, tanıyır. Bildiyinə görə cavabdeh evlərin alqı-satqısı, eləcə də kirayəsi ilə məğuldur. Bu səbəbdən də qeyd olunan mənzili kirayə verməsi üçün onunla əlaqə saxlamışdır. Qeyd edir ki, sözügedən hadisə təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində baş vermişdir. Cavabdeh ona evə tezliklə kirayəçi tapacağını və ona da bu barədə məlumat verəcəyini bildirmişdir. Lakin cavabdeh kirayəçi tapsa da bu halı ondan gizlətmişdir. Belə ki, bu hal ona iki il iki ay keçdikdən sonra məlum olmuşdur. Bununla bağlı dərhal Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh çağırılaraq izahatı alınsa da iş mülki xarakter daşıdığı üçün icraat dayandırılmış və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh mənzili 2020-ci ilin fevral ayından aylığı 150 manat olmaqla kirayəyə vermişdir. Hadisəni öyrəndikdən sonra, 2022ci ilin may ayından kirayə pulunu özü alır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehdən ona ödənilməli olan, lakin ödənilməmiş 26 aylıq kirayə pulunun əvəzi olaraq 3.900 manat, eləcə də dövlət rüsumunun əvəzi olaraq 60 manat pul alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddia tələbini tam həcmdə qəbul edir. İddiaçıya 3900 manat borcu olduğunu etiraf edir. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Cavabdeh özünə məxsus olduğunu bildirdiyi mənzili ona kirayəyə vermişdir. 2020-ci ilin 23 fevral tarixindən o, mənzili Nənəbacıdan kirayəyə götürmüş və hər ay kirayə haqqını ona ödəmişdir, hazırkı vaxtadək həmin mənzildə yaşayır. 15 may 2022-ci il tarixdə təsadüfən Gülnaz mənzilə gəlmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, mənzil Gülnaza məxsusdur. Nənəbacı mənzilin onun olduğunu bildirdiyindən o, bu müddət ərzində hər ay 150 manat olmaqla kirayə haqqını Nənəbacıya ödəmişdir. Sonuncu dəfə kirayə pulunu 2022-ci ilin 23 aprel tarixində Nənəbacıya ödəmişdir. 2022-ci ilin may ayından etibarən isə kirayə haqqını Gülnaza ödəməyə başlamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh iddiaçıya məxsus mənzili kirayə verib vəsait əldə etməklə heç bir əsası olmadan iddaçının hesabına varlanmışdır. İşin hallarından görünüdyü kimi cavabdeh iddianı etirafa dair məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 3900 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar