Məhkəmə qərarları › İş №2(060)-5916/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5916/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5916/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5627/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 09.04.2012-cicu il təvəllüdlü X2 və 23.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək cavabdehdən hər ay uşaqların hər biri üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 08.07.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurublar. Burgə nikahdan iki uşaqları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5627/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Lakin, həmin məbləğ uşaqların saxlanmaları üçün kifayət deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o heç bir yerdə işləmir. Hal-hazırda valideynləri ilə birlikdə yaşayır. Cavabdeh isə “SOCAR” şirkətində işləyir və normal əmək haqqı alır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, o ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından hələ ki, övladı yoxdur. O, “SOCAR” şirkətində maşınist işləyir və aylıq əmək haqqı 650 manatdır. İddia ərizəsində göstərilən məbləğdə aliment ödəməyə imkanı yoxdur. Təxminən iki uşağa görə 260-270 manat ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 07.03.1990-cı ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 9, ev 7-də qeydiyyatdadır. Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X5 09.04.2012-ci ildə, X3 23.04.2013-cü il tarixdə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 30.08.2019-cu il tarixli, 2(060)-5627/2019 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, 09.04.2012-ci-cu il təvəllüdlü X2 və 23.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh 24.11.2019-cu il tarixində X4 ilə nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı övladları üçün hər ay hər birinə 175 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda işdən görünür ki, cavabdeh yeni nikaha daxil olmuşdur. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin (060)-5627/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin 200 manatdan 350 manata qədər artırılmasını tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan çoxdur. Buna görə iddiaçı 30 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 15 manatı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.04.2012-ci-cu il təvəllüdlü X2 və 23.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 30.08.2019-cu il tarixli, 2(060)-5627/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar